Şəhid qardaşının iddiası ilə bağlı Müdafiə Nazirliyində araşdırma başlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.
Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov açıqlamasında qardaşından Silahlı Qüvvələrin komando bölüyünə qatılması üçün 6000 manat rüşvət istənildiyini deyib.