• 26 Dekabr 2024 21:39

Uşaq evində böyümüş şəhidin şok həyatı: “Parklarda gecələyirdik…”

Teleqraf.com-un müxbiri Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla söhbətləşib.

 

 

Onunla müsahibəni təqdim edirik.

– Qardaşınız Səbuhi Əhmədov Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olub. Onunla SOS uşaq kəndində böyümüsünüz, siz Səbuhidən böyüksünüz? İstərdik bir az uşaqlığınızdan danışasınız…

– Qardaşımdan bir yaş böyüyəm. Mənim iki, Səbuhinin isə bir yaşı olanda bizi uşaq evinə veriblər. Uşaq evində birlikdə böyümüşük. 2004-cü ildə SOS uşaq kəndinə gəldik. Oradan çıxandan sonra qardaşımla iş tapana kimi küçələrdə yaşadıq. Ondan sonra qardaşım hərbi sahəyə düzəldi və orada fəaliyyət göstərməyə başladı. Ona 44 günlük Vətən müharibəsində dörd medal təqdim edilmişdi. Müharibədə yaralanmışdı.

Bu dəfə də döyüşə getmədən öncə demişdi ki, hər şey yaxşı olacaq, biz döyüş bölgəsində deyilik. Mənə yalan deyibmiş, Kəlbəcərdə döyüş bölgəsində imiş. Onunla şəhid olmamışdan on saat əvvəl səhər satlarında danışmışdıq. Günortda saat 1-ə işləmiş mesaj yazdı ki, qardaş, telefonu aç, təcili sözüm var. Həmin günü zəng etdim, telefona zəng çatmadı. Səhəri gün yenə zəng elədim. Telefonu açanda qırıq-qırıq səs gəlirdi, atışma səsi eşidilirdi. Telefonu başqa bir adam götürmüşdü.

Ona dedim ki, telefonu Səbuhiyə verin, cavab verdi ki, Səbuhi aşağıdadır, onun qisasını almışıq. Ondan sonra özümdən getdim.

Axşam isə qardaşımın nəşini gətirməyə getdik, məni tanımaq üçün apardılar. Qardaşım 14 güllə yarası almışdı… (Ağlayır). Onu qucaqladım, buz idi, həmişəki qardaşım deyildi.

Onu gətirməyə gedəndə Allaha dua edirdim ki, xəbər yalan çıxsın. Hətta səhər yuxudan oyananda da ümidim vardı ki, birdən nəsə olar, sağ qalar. Nömrəsinə zəng etdim ki, bəlkə telefonu götürər.

Həmişə azrulayırdıq ki, evimiz olsun. Mənə deyirdi ki, qardaş, filan qədər maaş alacam, narahat olma. Dekabrda gələcəm, deyirdi, evi alaq, məni evləndir. Dedim ki, Səbuhi evin olsun, sonra evlən. Arada onu bir az acılamışdım da. Zarafatla soruşurdu ki, məni niyə evləndirmirsən? Deyirdim, qardaş, heç kim qız vermir. Soruşurlar ki, evi varmı…

– Qardaşınızın sevdiyi var idimi?

– Bəli, sevdiyi var idi, mənə şəklini də göndərmişdi. Sadəcə, həmin qıza da evim yoxdur deməyə utanmışdı. Ona demişdi ki, “28 May”da evim var, səninlə evlənəcəm.

Qardaşımı evləndirərdim, amma gəlini hara gətirərdik? İkiotaqlı kirayə mənzildə qalıram, bir otaqda mənim ailəm və qardaşım, o biri otaqda isə qaynanamgil qalır. Evin kirayə haqqını verə bilmirəm.

Qardaşım hərbi sahəyə keçəndən sonra mənə maddi kömək edirdi. Məni o evləndirmişdi. Kredit götürdü, evləndirdi ki, mən evdə yoxam, tək qalırsan, heç olmasa, qablarını mən yuyurdum. O idi mənə ailəmi sevdirən, ailənin nə demək olduğunu hiss elətdirən. İndi tək qalmışam… Sanki məni də özüylə aparıb.

44 günlük müharibədə də qardaşımla bir ay danışa bilmədim. Zəng edəndə telefonu başqa adam götürmüşdü. Dedi ki, qardaşın bomba partlayışının altında qalıb, xəbər yoxdur. Oradan iki nəfər sağ çıxmışdı, onlardan biri qardaşım idi. Həmin ümidi bu dəfə də yaşadım, ta ki nəşini görənə qədər. İnana bilmirdim. Sonra qardaşımın əsgər yoldaşı mənə dedi ki, önə keçib, özünü qabağa verib, güllələrin hamısı ona dəyib. Biz də ondan sonra erməniləri öldürə bildik.

Qardaşımı həddindən artıq çox sevirdilər. Mənə döyüşə getmədən əvvəl məktub yazmışdı ki, qardaş, narahat olma, ölsəm sənə ev verəcəklər…

– Qardaşınızdan bir yaş böyüksünüz. Onu necə xarakterizə edərsiniz?

– Hətta mən kiminləsə dalaşanda da kollecə gedib, mənə görə üzr istəyərdi. Deyərdi ki, dalaşan özüdür. Qardaşımın xətrinə məni bağışlayırdılar. Uşaq evində nəyisə dağıdanda deyərdi ki, mən eləmişəm. Mənim üstünmdə döyüldüyü də olmuşdu.

Uşaq evindən çıxandan sonra iş tapana qədər parkda gecələyirdik, çünki kirayə haqqını ödəyə bilmirdik. O zaman restoranların bağlanmasına baxmayaraq Məhərrəmlik ayından xoşumuz gəlirdi. Ofisiant işləyə bilməsək də qarnımızı məscidlərdə veriləndə ehsanlarla doyuzdururduq. Biz belə böyümüşük.

– Siz uşaq evində olanda yaxınlarınız, qohumlarınız sizi axtarıbmı?

– Bir dəfə uşaq evinə iki nəfər gəlmişdi, biri dedi ki, xalanızam. Deyə bilmədim ki, bu vaxta qədər harada idiniz?! Mənə dedi ki, kasıb idim, ona görə sizi axtara bilmirdim. Cavab verdim ki, məndən kasıb idiniz?! Bir əmim gəlmişdi, uşaq evindən qardaşımdan əvvəl çıxmışdım. Əmim qardaşımı aldatdı ki, torpaq alın, ev tikdirək. Atamın təqaüdü götürdü, mənimsədi, getdi. Ondan sonra onu görməmişəm.

Bir gün qardaşım kirayə qaldığım mənzilə gəlib dedi ki, “məni evdən qovdular, pulumu da xərcləyiblər. Hərbçi kimi fəaliyyət göstərəcəm. Bilirəm ki, sənə yükəm. Sadəcə bir söz soruşum, yata bilmirəm. Əgər işə düzələ bilməsəm, məni küçələrə atmazsan?”

Ona cavab verdim ki, sən nə danışırsan?! Həmin günü çoxlu ağladım. Deyirdi ki, maaşımdan mənə 200 manat göndər, burada qalıram, kreditlərimizi ödə.

– Valideynləriniz haqda məlumat verməyinizi istərdik.

– Yanımıza gələnlər deyirlər ki, atan polkovnik-leytenant idi. Sonra tərxis edildi, ruhi xəstə idi. Ananı o qədər incitdi ki, özünü yandırıb öldürdü. Anam özünü yandırandan sonra bizi uşaq evinə veriblər. Öz ailəmi yerbəyer edib, hərbi sahəyə gedəcəm. Daxilimdə ermənilərə nifrət hissi var. Hamı çəkiləndən sonra tək olduğumu hiss edirəm. Mən onu evləndirə bilmədim, o məni evləndirdi (ağlayır).

Oxşar xəbərlər