“20 Yanvar” stansiyasının keçidindəki ticarət niyə YIĞIŞDIRILMIR? – Qanuna göz yuman QURUMLAR
Əksər metro keçidlərində qərara uyğun olaraq ticarət qadağan olunsa da, “20 Yanvar” stansiyasının keçidində ticarət hələ də ləğv olunmayıb. Metro keçidinin giriş qapısından kənar ərazidə ticarət köşkləri indiyə qədər fəaliyyətini davam etdirir. Hansı ki, ticarət köşklərinin yaratdığı sıxlıq metrodan istifadə edənləri ciddi narahat edir. Vətəndaşlar metrodan həm də keçid kimi istifadə edir. Amma ticarət köşklərinin yaratdığı sıxlığa görə xeyli sərnişin keçidlərdən istifadədən imtina edir.
Xatırladaq ki, uzun illər əvvəl paytaxtdakı metro keçidlərində təmizləmə aparıldı. Xeyli sayda metrostansiyadakı çıxışlarda biabırçı vəziyyət hökm sürürdü ki, bu da çoxlarını narahat edirdi.
Hazırda həmin yerlərdə müəyyən səliqə-səhman var. Müşahidə apardığımız “Əhmədli”, “Neftçilər”, “Gənclik”, “Nizami”, “Elmlər Akademiyası”, “Qara Qarayev” və digər metrostansiyalarda əczaçılıqdan başqa heç bir ticarət köşkləri fəaliyyət göstərmir. Əhali metro keçidlərindən rahatlıqla istifadə edir. “20 yanvar” metrostansiyasının keçidindəki mənzərə isə ifadə ediləsi deyil…
İndiki halda ən acınacaqlı vəziyyət şəhərin ən gur və sıx yeri hesab olunan bu stansiyanın keçidləridir. Satıcı və alıcıların səs-küyündən, sıxlıqdan hərəkət etmək mümkünsüzdür. Pik saatlarda isə vəziyyət daha da kritik olur.
Maraqlıdır, qərara uyğun olaraq ticarətlə bağlı qadağaya niyə “20 yanvar” metrostansiyasında əməl edilmir?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bu obyektlərin işləməsinin səbəbini sözügedən ərazinin metroya aid olmaması ilə izah edib.
Qurum rəsmisinin sözlərinə görə Metropoliten orada hər hansı tənzimləməni həyata keçirmək səlahiyyətində deyil:
“Amma Metropolitenə aid olan bütün keçidlərdə sənişin axını və onun təhlükəsizlik məsələləri nəzərə alınaraq vahid tənzimləmələr həyata keçirilir”.
Bakı Şəhər İcra Hakimiyyətindən də sözügedən ticarət obyektlərinin quruma aidiyyəti olmadığı bildirilib:
“20 yanvar” metrostansiyasının keçidinin nə mülkiyyətinə, nə də ticarətinə cavabdehik”, – deyə qurumdan qeyd olunub.
Əslində bu cür keçidlərin basırıq olması təhlükəsizlik qaydalarına da ziddir. İstənilən fors-major halları burada ciddi insan tələfatına da səbəb ola bilər. Amma hələlik heç kim üzərinə məsuliyyəti götürüb bu məsələdə cavabdehlik daşımaq istəmir.
Cavabdeh qurumlar problemi həll edənə qədər mövzunu davam etdirəcəyik… /Bizim Media
Alçina Amilqızı