• 29 Noyabr 2023 16:46

Kritik gəlişmə: “Bundan sonra Blinken təcili Əliyevə zəng etdi” – Müsahibə

– Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri o təəssüratı yaratdı ki, ABŞ tərəfini Ermənistandan yana seçdi. Pelosinin bu səfərindən əvvəl də ABŞ-dan Azərbaycana ittihamlar səsləndirilmişdi. Sizcə, ABŞ Azərbaycana qarşı aşkar mövqe seçirmi, ya bunun altında başqa niyyətlər var?

– Birincisi, ABŞ regionda, xüsusən də Ermənistanda mövqelərini möhkəmləndirməklə Rusiyanı bölgədə sıxışdırmaq istəyir. Çünki Rusiyanın bölgədə ən ciddi hərbi varlığı yalnız Ermənistandadır. Buna görə də bölgə ilə bağlı əsas prioritet Ermənistana yönəlik qoyulub. İkinci məsələ noyabrda ABŞ-da keçiriləcək aralıq seçkiləri ilə bağlıdır. ABŞ-dakı bütün siyasi qüvvələr, o cümlədən ermənilərin pulları ilə onların maraqlarını müdafiə edən Nensi Pelosi və digər ermənipərəst siyasətçilər bu yöndə hərəkətə keçiblər. İndi Amerikada bir çox siyasətçi ermənilərə öz yaxınlığını göstərmək istəyir ki, onların pulları ilə öz siyasi hədəflərinə çatsınlar.

ABŞ “dünyanın demokratiya mərkəzi” sayılsa da, orada heç bir seçki xalqın rəyini ifadə etmir. Ortada böyük pullar var. Böyük maliyyə şəbəkələrinin bosları öz siyasi-iqtisadi maraqlarını təmin etmək üçün dövriyyəyə böyük pullar buraxırlar. Həmin dairələr Konqresin tərkibinin formalaşmasında və prezidentin seçilməsində mühüm rol oynayırlar. Nensi Pelosinin səfərini həm də bu kontekstdə dəyərləndirmək lazımdır. Çünki artıq yaşlanmış Nensi Pelosinin indi oturduğu zirvədən düşürülməsi haqda açıq fikirlər səsləndirilir. Bu səslər də Konqresdən yüksəlir. Haqsız da deyillər. Çünki başda Bayden olmaqla, belə nənə və babalar ABŞ-ın mahiyyətini çılpaqlığıyla göstərirlər. 80 yaşından yuxarı insanların prezident və ölkənin ikinci-üçüncü postlarına gətirilməsi Amerikanın siyasi sisteminin nə qədər yararsız olduğunu və xalqın rəyinin nəzərə alınmadığını göstərir. Heç bir normal xalq və ictimai rəy 80 yaşından yuxarı bir insanın prezident olmasına səs verməz. Bütün xalqlar daha dinamik, aktiv və təşəbbüskar, yəni cəmiyyətə xeyri ola biləcək insanlara səs verməklə özlərinin gələcəklərini təmin etmək istəyirlər.

82 yaşlı Pelosini, havaya salam verən, cümlələrinin mübtədası və xəbəri olmayan Baydeni, dövlət və siyasətdən anlayışı olmayan Trampı düşünün. Ona görə də Amerika haqda danışarkən, müəyyən şəbəkələrin maraqları nəzərə alınmalıdır. Bütün hallarda isə ABŞ kimi böyük bir güc öz geosiyasi maraqlarını bölgənin cırtdan dövlətinə – Ermənistana qurban verməyəcək.

– Bunu necə izah edərdiniz?

– Ortada Cənubi Qafqazın ən perspektivli və ən güclü ölkəsi Azərbaycan, onun qardaşı və strateji müttəfiqi Türkiyə var. Amerika bu amilləri nəzərə almırsa, özünün NATO-dakı müttəfiqi Türkiyə və bölgənin söz sahibi Azərbaycanla üz-üzə qalmağı istəməlidir. Zənnimcə, Amerika bunu istəmir. Pelosi səfərdə olarkən, dövlət katibi Blinkenin təcili şəkildə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurması da bir çox mətləblərdən xəbər verir. Bu zəngin səbəbinin sülh və dialoqa çağırışla əlaqədar olduğu bildirilsə də, Blinkenə verilən hesabatlar bir də onu göstərir ki, Pelosinin Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ münasibətlərinə zərər vurur. Təbii ki, bu da Amerikanın bölgədəki rəqiblərinin xeyrinə işləyən amildir. Bu baxımdan, Blinken dolayı yolla ABŞ-ın milli maraqlarının Pelosinin qısamüddətli maraqları ilə uzlaşmadığını Azərbaycan rəhbərliyinin diqqətinə çatdırmaq istədi. Zənnimcə, bu zəngin arxasındakı əsas məqamlardan biri də bu idi.

Pelosinin Ermənistanın ictimai rəyinə təsirini bundan əvvəl də bilirdik. Bundan bəhrələnmək istəyən Paşinyan hökumətinin də fəallığını anlayırıq. Bu fonda son təxribatların haradan qaynaqlandığını görürük. Bir sözlə, Pelosinin səfəri qısamüddətli siyasi şoudan başqa bir şey deyil. Amma ABŞ regionda öz maraqlarını təmin etmək istəyirsə, Azərbaycan və Türkiyənın doğanağından keçməlidir. Əks təqdirdə, cırtdan və zəif Ermənistanla heç nəyə nail ola bilməyəcək.

– Pelosi İrəvana gəlib çatmamış Ermənistan KTMT-dən çıxmaq üçün qollarını çırmaladı, Rusiyaya yönəlik ittihamlarını sərtləşdirdi. Ermənistan Rusiyadan belə asanlıqla uzaqlaşa bilərəmi, yaxud İrəvanın son davranışlarına Moskvanın cavabı necə ola bilər?

– Bu, ilk növbədə, sərhəddə Azərbaycana qarşı törədilmiş təxribatın tərkib hissəsidir, əvvəlcədən düşünülüb. Hadisə baş verdikdən sonra gördük ki, buna ciddi şəkildə hazırlaşılıb, konkret mərkəzlərdə planlar cızılıb. Son təxribatlardan əvvəl müdafiə naziri Papikyan bir həftə havayı Pentaqonda yatıb-durmamışdı.

Olaydan sonra erməni mediasında dərhal dezinformasiyalar yayılmağa başladı. Azərbaycan hərbçilərinin guya mülki şəxsləri hədəf alması haqda saxta məlumatlar dövriyyəyə buraxıldı, ardınca KTMT-yə müraciət edildi. Ermənistan rəhbərliyinin bunda əsas məqsədlərindən biri də KTMT-nin yararsızlığını sübut etmək idi. Paşinyan hesablamışdı ki, başda Rusiya olmaqla KTMT öz qüvvələrini dərhal Ermənistana göndərməyəcək. Təbii ki, KTMT onların istədiyini etmədi. Çünki gerçəklər ortada idi – təxribatçı və təxribata məruz qalan bəlliydi. KTMT-dən rədd cavabı alan Ermənistan rəhbərliyi bu bloka qarşı sərt ittihamlar irəli sürdü, ardınca etiraz aksiyaları başladı. Ermənistan bununla KTMT-dən çıxmaq üçün özünə “əsas” yaratdı.

Əlbəttə Ermənistanın bu blokdan çıxması o qədər də asan deyil. Bu haqda danışarkən, Rusiyanın Ermənistana hərbi-siyasi təzyiq vasitələrinin olduğunu nəzərə almaq lazımdır. Hələ də Ermənistanda Rusiyanın hərbi bazaları var. Erməni ordusunun zabitlərinin böyük əksəriyyəti Rusiyanın xüsusi xidmət orqanlarına işləyir. Bu baxımdan, Ermənistanda qarışıqlıq yaratmaq Rusiya üçün problem deyil. Çox da ciddi olmasa da, daxildə Paşinyana qarşı olan qüvvələrin ciddi maliyyə resursları var.

Düşünürəm ki, son gəlişmələr Ermənistan tərəfindən Rusiyaya qarşı demarşdır. Bununla o mesajı verirlər ki, ya Rusiya Ermənistanı müdafiə edəcək, ya da Qərbdə yeni müttəfiq axtarışına çıxacaqlar. Pelosinin səfərini həm də bu baxımdan dəyərləndirmək lazımdır.

Qənaətimə görə, bu məsələ hələ bir müddət gündəmdə olacaq. Çünki bir sıra məsələlər hələlik qaranlıq qalır.

– Bəs Rusiyaya demarş edən Ermənistan nəyə ümid edir?

– Ermənistan ümid edir ki, Rusiya Ukraynada məğlub olacaq. Buna görə də Ermənistan gözləyir ki, bu prosesə tam aydınlıq gəlsin. Ermənistan yaxın perspektivdə Ukraynadakı proseslərin hansı istiqamətə dönəcəyinə əmin deyil. Müharibə hələ başa çatmayıb və yaxında bitəcəyini də düşünmürəm. Üstəgəl, Rusiya hələlik böyük səfərbərlik elan etməyib. Müəyyən bölgələrdə qismən səfərbərliklər var. Yəni müharibənin taleyi bəlli və birmənalı deyil. Ayrıca, bu gün hələ də Avropada müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlar aparmaq istəyən tərəflər var. Bu fikirlər həm Avropa Birliyi, həm də BMT səviyyəsində səsləndirilir.

Düşünürəm ki, Ermənistan bu prosesə aydınlıq gətirilənədək bir müddət də gözləmə mövqeyində dayanmağa çalışacaq. Pelosi də Ermənistana öz mesajlarını verdi, o bildirdi ki, əgər istədiklərini verərsinizsə, Vaşinqton İrəvanı müdafiə edəcək. Yəni Ermənistan Rusiyanın orbitindən və KTMT-dən çıxarsa, eyni zamanda, İranla arasında məsafə qoyarsa… Bunla ABŞ-ın Ermənistandan tələbləridir.

– Neçə gündür İranın Ermənistanla sərhədlərinə qoşun yığması haqda məlumat dolaşır. Bundan əvvəl İran prezidenti, xarici işlər naziri, ondan əvvəl isə Əli Xameneyi səviyyəsində Ermənistana dəstək ifadə edilib. Bəs İran niyə əl-ayağa düşüb?

– İran Zəngəzur dəhlizinin açılmasından sonra Türkiyənin, ümumilikdə Türk dünyasının bu regionda güclənəcəyindən qorxur. Bu kommunikasiya xətti böyük güclərin, xüsusən də Çin kimi nəhəng bir gücün maraq dairəsindədir. Eyni zamanda, bu kommunikasiya sistemi Türkiyəni Türk dünyası, Şərq və Qərblə, eləcə də Yaxın Şərqlə birləşdirir. Bu gün dünyanın nəbzinin bu “Orta Xətt”də atdığını deyə bilərik. İran da bunu istəmir, bundan qorxur. İran ondan ehtiyat edir ki, bununla türk dünyasının artan gücünün onun daxili ictimai-siyasi vəziyyətinə ciddi təsiri ola bilər.

İran həmişə Ermənistana dəstək verib ki, bu ölkə türk dövlətləri arasında bir əngəldir. İstər fiziki, istərsə də mənəvi-psixoloji baxımdan bu əngəlləyici varlıq İranın geosiyasi maraqlarına xidmət edir.

Başqa bir məsələ budur ki, Ermənistan sərhədi həmişə İranın cinayətkar əməlləri üçün həmişə dəhliz rolunu oynayıb. İran həm də 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına qədər Azərbaycanın işğal edilmiş ərazilərindən “qara dəlik” kimi istifadə edib. İran bu ərazilərdən sınıq-salxaq silahlarını Yaxın Şərqdə terrorçulara daşımaqdan tutmuş Qərbə narkotik daşınmasına qədər bir çox cinayət əməllərində yararlanıb. SEPAH təxminən ildə bu qanunsuz narkotrafikdən 50 milyard dollar gəlir əldə edir. İndi belə bir ölkə özünü “islam respublikası” adlandırır.

İran öz qoşunlarını müsəlman Azərbaycanına qarşı öz dinindən olmayan Ermənistan sərhədinə yığmaqla bölgədə dəyişən geosiyasi nizamla razı olmadığını göstərir. Ancaq anlamır ki, Azərbaycanla toqquşma İranın öz varlığını sual altına ala bilər.

– Son gəlişmələr fonunda ABŞ-ın İrana qarşı “təzyiq”ləri də o qədər inandırıcı gəlmir. Siz bu haqda necə düşünürsünüz?

– ABŞ və digər Qərb dövlətlərinin İrana yönəlik hədələrinin heç biri ciddi deyil. Bu həm də geosiyasi maraqlar çərçivəsində nəzərdən keçirilməlidir. Yəni ABŞ heç vaxt İranı parçalamaq istəməyib. Çünki İran elə bir “dini bataqlıq”ın içindədir ki, belə bir durumda olan dövlət həmişə Amerikanın marağında olub. Amerika həmişə İrandan istifadə edərək, Türkiyə və Türk-İslam dünyasına qarşı balans siyasəti yürütməyə çalışıb. İran İslam dövləti deyil, İslama qarşı olan dövlətdir. Onun bütün davranışları İslama ziddir.

Bu günlərdə İranda “əxlaq polisi”nin hicabı düzgün taxmadığına görə bir qadının başına hansı oyunu açdığını hər kəs gördü. 22 yaşlı qadını sürüyə-sürüyə maşına mindirib apardılar. Təcridxanada döyülən bu qadın həyatını itirdi. Bir qadına qarşı bu cür davranılmalıdır? Bu, İslamın hansı yerində yazılıb?

Tacxeber.az

Oxşar xəbərlər