“Nazirlərin Nyu-York görüşü əvvəlcədən planlaşdırılmamışdı…” – Açıqlama
“Nazirlərin Nyu-York görüşü əvvəlcədən planlaşdırılmamışdı…” – Açıqlama
Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşdə nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.
C.Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını diqqətə çatdırıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.
Üçtərəfli görüşün Azərbaycan üçün əhəmiyyətini Sfera.az-a şərh edən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş görüş əvvəlcədən planlaşdırılmamışdı.
Analitikin sözlərinə görə, ABŞ Cənubi Qafqazda fəallaşmağa çalışır və Rusiya ilə regiona nəzarət uğrunda mübarizə aparır:
“ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Ancaq ABŞ və Qərbin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə təsir mexanizmləri mövcud deyil. Ona görə də Ağ Ev ABŞ-a Cənubi Qafqazda fəallaşmaq şansı qazandıra biləcək ATƏT-in Minsk Qrupunu yenidən bərpa etməyə can atır. Bu isə indiki situasiyada qətiyyən real görünmür. Çünki həm Azərbaycan, həm də Rusiya Minsk Qrupu formatından uzaqlaşıblar. Rəsmi Bakı buna imkan verməz. Kreml isə bu format çərçivəsində ABŞ ilə əməkdaşlıq etmək istəmir”.
Odur ki, ekspert Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş görüşün formal xarakter daşıdığını düşünür:
“ABŞ-ın dövlət katibi Entoni Blinken belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri də diplomatik etika xatirinə etiraz etməyiblər. Bu görüş Cənubi Qafqazdakı sülh prosesində iştirak etdiyi barədə görüntü yaratmaqda maraqlı olan Ağ Evə yalnız ABŞ-ın diplomatik imici üçün lazım idi.
Təbii ki, bütün bunları nəzərə aldıqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşü elə bir ciddi əhəmiyyət daşımır. Bu təmaslardan hansısa müsbət və ya uzaqgedən nəticə gözləmək də sadəlövhlük olardı. Ümumiyyətlə, ABŞ-in iştirakı ilə hər hansı görüşün real nəticələrə səbəb olacağı inandırıcı deyil. Məsələ ondadır ki, ABŞ və Qərb nə qədər cəhd göstərsə də, Azərbaycan-Ermənistan sülh prosesi daha çox Rusiyanın vasitəçiliyindən asılıdır. Əsas nəticələr də məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli anlaşmaların qeyd-şərtsiz yerinə yetirilməsi sayəsində əldə oluna bilər”.