23 sentyabr 1723-cü il, Rusiya və Səfəvilər dövləti arasında Peterburq müqaviləsi imzalandı.
23 sentyabr 1723-cü il, Rusiya və Səfəvilər dövləti arasında imzalanan Peterburq müqaviləsinə əsasən, Xəzərin qərb və cənub sahillərindəki ərazilər (Bakı, Dərbənd, Şamaxı, Rəşt, Astrabad) Rusiyanın tərkibinə keçir.
XVIII əsrin əvvəllərində tamamilə zəifləyən Səfəvi dövləti 1722-ci ildə şimaldan rusların (Pyotrun Xəzər yürüşü), şərqdən də əfqanların hücumuna məruz qaldı. Şah Soltan Hüseyn əfqanlara əsir düşdü və onların başçısı Mir Mahmudu İran şahı kimi tanıdı. Amma Sultan Hüseynin oğlu Təhmasib bununla razılaşmayaraq özünü Səfəvi hökmdarı elan etdi.
Bunlar azmış kimi, bir il sonra Osmanlı ilə müharibə başladı. Belə vəziyyətdə Təhmasib öz elçisi İsmayıl bəyi sülh bağlamaq üçün Peterburqa göndərdi. Müqaviləyə əsasən, əldə etdikləri ərazilərin müqabilində ruslar əfqanlarla mübarizədə II Təhmasibə kömək etməli idilər. Müqavilə imzalansa da ötən müddət ərzində vəziyyəti bir qədər yaxşılaşan Təhmasib onu təsdiqləməkdən imtina etdi.
1725-ci ildə çar I Pyotr öldü və Rusiyanın başı daxili məsələlərə qarışdı. 1726-cı ildə isə Nadir Səfəvi sərkərdəsi kimi fəaliyyətə başladı. Əvvəlcə ölkədəki dərəbəyliyi aradan qaldırdı, daha sonra əfqanları qovdu. 1730-cu ildə isə osmanlılara qarşı uğurlu əməliyyatlara başladı.
Nadir ruslarla vuruşmayaraq diplomatik danışıqlar aparır. İki tərəf arasında əvvəlcə (1732-ci il) Rəşt müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Rusiya ilə Səfəvi dövlətinin sərhədi Kür çayından keçirdi. Beləliklə, Bakı və Dərbənd Rusiyada qalırdı.
1734-cü ilin noyabrında Nadir osmanlıların əlində olan Gəncəni mühasirəyə aldı. Mühasirə 8 ay çəkdi və osmanlı qarnizonunun təslim olması ilə nəticələndi.
Amma hələ mühasirə davam edərkən, 1735-ci ilin martında Nadir Rusiya ilə Gəncə müqaviləsini imzaladı. Bu müqaviləyə əsasən Bakı, Dərbənd və ətrafdakı ərazilər Səfəvilər dövlətinə qaytarıldı.
Həmin dövrdə ruslar özləri Osmanlı ilə müharibəyə hazırlaşırdılar (1735-1739-cu illər müharibəsi) və bu zaman Səfəvi dəvləti tərəfindən arxayın olmaq istəyirdilər. Güzəştə meyl etmələrinin əsas səbəbi bu idi.
Beləliklə, 1723-cü il sentyabrın 23-də imzalanan və təsdiq olunmayan Peterburq müqaviləsi tamamilə əhəmiyyətini itirdi.
Yadigar Sadıqlı