• 24 Aprel 2024 10:20

“PUTİN OTURUB DÜŞÜNDÜ Kİ, PROSESDƏN ÇIXMAĞIN İKİ YOLU VAR…” – “Bu, “lotusayağı” hərəkətdir…”

“PUTİN OTURUB DÜŞÜNDÜ Kİ, PROSESDƏN ÇIXMAĞIN İKİ YOLU VAR…” – “Bu, “lotusayağı” hərəkətdir…”

Zərdüşt Əlizadə: “Putin çox gözəl anlayır ki, Ukrayna ordusu hücumu davam etdirsə, rus ordusunu darmadağın edəcək”

 

“Putin taktiki nüvə silahı tətbiq etsə, cinayətkar elan olunacaq və Rusiya BMT Təhlükəsizlik Şurasından qovulacaq”

Vladimir Putinin dünyanı nüvə silahı ilə təhdid etməsindən sonra Ukrayna savaşı yeni mərhələyə keçid edib. Hazırda Putin ölkəsində qismən səfərbərlik elan edib, 300 min çağırışçını ordu sıralarına alır, Ukraynanın qanuni torpaqlarında ilhaq referendumları keçirir.

ABŞ başda olmaqla əksər ölkələr, elə Ukrayna özü də sərt mövqedən çıxış edərək, Putin Rusiyasından qorxmadığını nümayiş etdirir. Beləliklə də dünya indi olduqca gərgin mərhələyə daxil olub, bəziləri bunun nüvə müharibəsinə çevriləcəyini mümkün sayırlar.

“AzPolitika.info” bu mövzunu politloq Zərdüşt Əlizadə ilə müzakirə edib:

– Zərdüşt bəy, Putin Rusiyada qismən səfərbərlik elan etdi, lazım gəlsə nüvə silahından istifadə edəcəyi mesajını verdi, eləcə də Ukraynanın dörd bölgəsində qanunsuz ilhaq referendumunu dəstəklədi. Yeni yaranan situasiyanı necə qiymətləndirirsiniz?

– Putin anlayır ki, konfidensial silahla, yəni qanunların icazə verdiyi hərbi texnika və sursatla döyüşəndə Ukrayna ordusu rus ordusuna qalib gəlir. Digər tərəfdən, Şanxay Əməkdaşlıq Təşkilatının sonuncu toplantısının keçirildiyi Səmərqənddə də Çin lideri Si Çinpin ona bildirdi ki, sizin fəaliyyətiniz, siyasətiniz və müharibə bizim ticarətimizə mane olar, sən bizim işlərimizə ziyan vurursan. Hindistan Baş naziri Modi isə açıq qeyd etdi ki, XXI əsrdə müharibə etmək lazım deyil, oturub danışmaq lazımdır. Dünyanın iki böyük dövləti Putinə dedi ki, sənin siyasətin yanlışdır, qurtar bu müharibəni. Nəzərə alın ki, bu ölkələr Rusiyanın düşməni deyil, əksinə Moskva ilə böyük ticarət əlaqələrinə malik dost ölkələrdir. Və onlar açıq bildirirlər ki, müharibə onların işini geri salır, onlara qətiyyən sərf etmir. Putin də oturub düşündü. Bu prosesdən çıxmağın iki yolu var.

Birincisi, ordusunu Ukraynadan çıxarır, uduzduğunu etiraf edir, suyu süzülə-süzülə müharibədən çıxır. Bu halda rus xalqı onun qulağından tutub prezident vəzifəsindən atacaq.

İkincisi, Ukraynanı məcbur etsin ki, indiyə qədər işğal etdiyi ərazilərin ilhaqını tanısın. Bunun üçün də neyləyə bilər? Şantaj. Əvvəlcə yalan-palan referendum keçirir, əhalinin Rusiyaya qoşulmaq istəyində olduğunu göstərir. Daha sonra bu əraziləri Rusiyanın, əhalini isə öz vətəndaşları elan edir. Sonra da deyir ki, Rusiya Federasiyası ərazisinə güllə atanı lazım gəlsə nüvə silahı ilə vurarıq. Beləcə proses sönür.

Amma Putin elə düşünür ki, doğurdan da bundan Ukrayna da, Qərb də qorxacaq. Qərb Kiyevə deyəcək ki, qardaş, nə qədər ki, Putin yaşayır, bu torpaqları işğal edib, dözməlisiniz. Əvvəla, Kiyev bu tələbi yerinə yetirməz. Digər yandan Avropa ola bilsin ki, Rusiyanın bu tələbini yerinə yetirər, Kiyevi də razı salmağa çalışardı. Amma belə bir tələbin yerinə yetirilməsi Amerika üçün böyük mənada alçalmaq olardı. Bu baxımdan düşünürəm ki, Amerika bu hədə-qorxunu rədd edəcək, üstəlik Ukraynaya silah-sursat verməkdə davam edəcək. Görək, bundan sonra Putin nə edəcək. İndiki halda yaşananlar qarşıdurmanı daha yüksək mərhələyə keçirir. Burada kimin birinci qorxacağı, kimin birinci geri çəkiləcəyi, kimin əsəblərinin sona qədər davam gətirəcəyi xüsusi önəm daşıyır. Bəli, bu, “lotusayağı” hərəkətdir.

– Siz Putinin nüvə silahı tətbiq etməsini real saymırsınız?

– Burada təhlükə var. Heç kimi saymayan, məsuliyyətsiz fiqurdur. Amma indi Putinin şantajının qarşısı alınmasa, hardan zəmanət var ki, bir azdan o, daha azğın tələblər irəli sürməyəcək? Odur ki, indiki mərhələdə ona yerini göstərmək lazımdır.

– Fərz edək ki, Putinin son tələb və istəkləri rədd edildi, Ukrayna müharibəyə davam etdi. Bu halda nə olacaq?

– Bu halda Putin deyir ki, qərarverici nöqtələrə, strateji obyektlərə zərbə endirəcəyəm. Tutaq ki, Putin Kiyevin Piçerski rayonuna taktiki nüvə zərbəsi endirdi. Taktiki nüvə zərbəsinin fəsadları və nəticəsi hər kəsə məlumdur. Əlbəttə, bunun nəticəsi böyük faciə olacaq. Bəlkədə uzun illər bu ərazidə insan yaşamayacaq. Təsəvvür edin ki, bundan sonra dünya Putinin və Rusiyanın başına hansı oyunu gətirəcək.

– Məsələn, sizcə hansı cavab ola bilər?

– Fərz edək ki, nüvə taktiki zərbəsi endirildi. İndi Hindistan, Çin, Afrika, Ərəb ölkələri Rusiya ilə əlaqə saxlayır. Belə bir səfeh tədbirdən sonra bütün dünya ölkələri Rusiya ilə əlaqələri kəsəcək. Onu BMT Təhlükəsizlik Şurasından çıxarıb qovacaqlar. Heç bir dünya ölkəsi Rusiya ilə əlaqələr qurmayacaq, Vladimir Putini beynəlxalq cani elan edəcəklər. Bütün dövlətlər Rusiya ilə ticarəti dayandıracaqlar. O zaman, bacarırsansa, get yaşa. O cümlədən Rusiya ilə iqtisadi, siyasi, ticari əlaqələr saxlayan dövlətlərə qarşı BMT səviyyəsində konkret cəza tədbirləri görüləcək. Məsələn, Azərbaycan deyir ki, Rusiya mənim qonuşumdur, onunla əlaqə saxlayacağam. Onda deyirlər ki, özün bilərsən, ya Rusiynıa, ya da dünyanı seç. Yəni, Rusiya ilə əlaqələri saxlamağa çalşan ölkələr qarşısında da konkret tələblər qoyulacaq. Bəli, nüvə gücündən istifadə olunacağı təqdirdə Rusiyaya qarşı belə təsirli tədbirlər lazımdır. Çünki dünya bandit, oğru dünyası deyil və onun belə dünyaya çevrilməsinə də imkan vermək olmaz.

– Putinin xalqa müraciətindən sonra daxildə müəyyən proseslər, etirazlar, mühacirət kimi hallar yaşanır. Bu, hansı nəticələrə gətirib çıxara bilər?

– Aydındır ki, insan ona toxunan proses olmayanda heç nəyə qarışmır, başını ağrıtmaq istəmir. Amma şəxsən onların həyatına, yaşamına toxunanda məcburdurlar ki, aydın siyasi mövqe götürsünlər. Bu mövqe nədən ibarətdir? Ondan ibarətdir ki, imkanı olan başını götürüb qaçır. Amma Rusiyadan nə qədər adam qaça bilər, nə qədər təyyarə reysi var? Olan reyslər də əsasən MDB ölklərinə, Dubaya, bəzi Afrika ölkələrinədir. Əksər ölkələr onsuz da Rusiya ilə əlaqələrini kəsib. Tutaq ki, uzağı 20-30 min adam qaça bilər. Həm də camaatın pulu yoxdur. Hər yerdə müharibəyə kasıblar gedir. Odur ki, bundan sonra insanlar səsini çıxarmağa başlayacaq. Üstəlik, mən əminəm ki, rus ordusu sayca artsa belə, onun döyüş qabiliyyəti artmayacaq. Çünki Rusiyanın Ukrayna cəbhəsində olan ordusunun, zabit heyətinin səviyyəsi aşağıdır. Bu imkan vermir ki, rus ordusu qalib gəlsin. Odur ki, Ukrayna ordusunun qələbəsi qaçılmazdır.

 

– Demək istəyirsiniz ki, Rusiyadakı səfərbərliyin heç bir nəticəsi olmayacaq?

– Zərrə qədər də nəticəsi olmayacaq. Buna qəti əminəm. Bunu ona görə edir ki, çıxdaş edilən, ölən və yaralanan əsgərlərin yerini doldursun. Həm də bu tədbirlər onun şantajının bir hissəsidir. Dünyaya göstərir ki, onun iradəsi sarsılmazdır, sona qədər gedir, səfərbərlik də elan edir, referendum da keçirir, işğal etdiyi əraziləri qanuni torpağı hesab edir və əgər Ukrayna hücumlarını davam etdirsə, daha ağır cavab verəcək və sair. Məntiq isə bunun əksini deyir. Məsələn, əgər sən səfərbərlik etmisənsə, deməli, ordunun qüdrəti artmalıdır. Bu halda niyə nüvə silahı haqqında danışırsan? Üstəlik, vuruşduğun Ukraynanın nüvə silahı yoxdur. Əslində isə Putin çox gözəl anlayır ki, Ukrayna ordusu hücumu davam etdirsə, rus ordusunu darmadağın edəcək, torpaqlarını azad edəcək. Bunun da Rusiyadan daha çox Putinin hakimiyyətinə, ətrafına yığdığı oğrulara və onların var-dövlətinə təhlükəsi var. Odur ki, buna görə dünyanı nüvə silahı ilə təhdid edir.

– Putinin nüvə təhdidinə dünyanın reaksiyası ortadadır. Sizcə, bu, adekvat reaksiyadır, yoxsa qorxaq bəyanatlardır?

– Co Baydenin reaksiyası tamamilə düzgün reaksiya idi. Soyuqqanlı münasibət bildirdi. Bu, ona bənzəyir ki, beşinci sinif şagirdi Azərbaycan çempionunu hədələməyə başlayır. Çempion da buna baş qoşmur, başlamır dilləşməyə və sadəcə, deyir ki, sənin hədə-qorxun mənə təsir edir.

Məncə, qətiyyətli mövqe ifadə olunur. Çünki onlar anlayırlar ki, bir dövlət başçısı cinayət törədib görəndə ki, cəzalanmır və daha böyük cinayətlər törədəndə ona güzəştə gedilirsə, bu o deməkdir ki, nəticədə bütün dünya Rusiyanın qarşısında diz çökməli və o da istədiyini etməlidir. Dünya isə indi buna hazır deyil. 

Bu yaşananlardan sonra məncə, Rusiya ilə indiyə qədər əlaqə saxlayan bəzi ölkələr də onunla münasibətləri kəsmək haqqında düşünəcək. Kimə lazımdır belə tərəf müqabili, şərik kimə lazımdır? Putin taktiki nüvə silahını işlətsə, dünya ondan üz döndərəcək. Rusiyanın bircə müttəfiqi də olmayacaq. Qərb dövlətləri deyəcək ki, Rusiya ilə əlaqə saxlayanın ayaqlarını qıraram.

Rasim Əliyev

Tacxeber.az

Oxşar xəbərlər