Rus əsirliyindən dönən britaniyalı əsgər o günləri belə xatırlayır : “Cəhənnəmi yaşadım…”
Rus əsirliyindən dönən britaniyalı əsgər o günləri belə xatırlayır : “Cəhənnəmi yaşadım…”
Ukrayna müharibəsi zamanı Rusiyanın əsir götürərək edam cəzasına məhkum etdiyi britaniyalı əsgərlər Şaun Pinner və Aiden Aslinin sərbəst buraxıldıqdan sonrakı açıqlamaları gündəm olub.
Tacxeber.az bildirir ki, keçmiş hərbçi 48 yaşlı Şaun Pinner ölkəsinə qayıtdıqdan sonra Britaniya mediasına verdiyi ilk müsahibəsində “Cəhənnəmi yaşadım. Evə qayıtdığım üçün şanslıyam” , deyə söyləyib.
Rus əsgərlərinin yemək üçün yalnız boyat çörək və çirkli su verdiyini bildirən Pinner bıçaq və elektriklə işgəncələrə məruz qaldığını deyib: “Onlar 24 saat eyni mahnını qoşub bununla bizə işgəncə verirdilər. ABBA-nın “Mamma Mia” mahnısını daim dinləyirdim”.
Edam cəzasından sonra başqa yerə köçürüldüyünü bildirən Pinner “orada şərait daha yaxşı idi, amma musiqi işgəncəsi davam edirdi. Bu dəfə ifa olunan mahnı “Cher”in “Believe” adlı mahnısı idi. Son altı ay həyatımın ən pis günləri oldu, çox ağladım. Ümidimiz olmalı idi, beləcə sağ qaldım. Amma bir daha ABBA mahnılarına qulaq asmaq və ya bir tikə çörək görmək istəmirəm”.
Aiden Aslin isə saxlanıldığı karserdə davamlı olaraq sovet mahnılarının çalındığını deyib: “Buradan sağ çıxacağımı heç düşünməmişdim. Əsir olduğum 5 ay ərzində ağlaya bilmədim. Ölüm hökmünü eşidəndə isə ağlamaq istədim, amma bacarmadım. Yaşadıqlarım sözün əsl mənasında ölüm-qalım məsələsi idi”.
Aprel ayında Mariupolun mühasirəsi zamanı ərzaq və sursatları tükəndikdən sonra təslim olan Aslin Donetsk Xalq Respublikasına aparılıb və orada vəhşicəsinə döyülüb. Özünə gələndə bir rus əsgərinin siqaret çəkdiyini görən Aslin həmin zaman barədə bunları söyləyib:
“Əsgər qarşımda durdu və əyilərək “mən kiməm bilirsənmi?” dedi. Bilmədiyimi deyəndə rusca “sənin əcəlinəm”, deyə bildirdi. Fərqində olmadan kürəyimə bıçaqla zərbələr endirmişdi”.
Qeyd edək ki, İngiltərə mətbuatı sözügedən məhbus mübadiləsində “Çelsi” Futbol Klubunun keçmiş sahibi Roman Abramoviçin mühüm rol oynadığını iddia edib.