Ohanyan Ter-Petrosyanın təklifini rədd etdi: Paşinyanla nə danışaq?..
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın İctimai Televiziyaya müsahibəsi ölkəni əməlli-başlı silkələyib. Müxalif siyasətçilər onu təslimçilik ruhu aşılamaqda ittiham edib. Bəzi erməni siyasətçilər Ter-Petrosyanın “Bəli, Ermənistan təslim oldu, bu kapitulyasiyadır. Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq” fikirlərini qəbul edə bilmirlər .
Keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Levon Ter-Petrosyanın ölkənin son dərəcə çətin vəziyyətdə olması barədə söylədiklərilə razılaşır, mövcud hakimiyyət ətrafında birləşmək çağırışını isə rədd edir.
Ötən gün Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın və Qarabağ ermənilərinin sabiq rəhbərləri dövlət üçün ən az ağrılı variant seçmək üçün indiki baş nazirlə dialoqa başlamalıdırlar.