• 23 Noyabr 2024 03:21

Ukraynalı ekspert: “KTMT bölmələrinin Qazaxıstandan çıxarılması Çinin müraciəti nəticəsində baş verdi”

“Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən sammiti göstərdi ki, Moskva Mərkəzi Asiyada fürsətləri əldən verib. Bu coğrafiyanı onun burnunun dibindən apardılar”.

Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş zabiti Oleq Jdanov deyib.

O xatırladıb ki, hələ 2022-ci ilin yanvarında Kasım-Jomart Tokayev Vladimir Putindən Qazaxıstanda vəziyyətin sabitləşməsinə kömək göstərməyi xahiş etmişdi.

“O zaman KTMT-nin bölmələri göndərilməklə kömək göstərildi. Sonra isə bütün dünyanın təəccübünə səbəb olacaq qərar verildi və qoşunlar sürətlə Qazaxıstandan çıxarıldı. Məlum oldu ki, bu, Çinin müraciəti nəticəsində baş verib. Bu yaxınlarda Səmərqənddə keçirilən ŞƏT-in sammitində isə Kremlə izah edildi ki, Mərkəzi Asiya artıq Rusiyanın mirası deyil. Tokayev ona görə özünü belə inamlı aparır. Çin qazaxların müdafiəsinə qalxdı”.

Ukraynalı hərbi ekspert taktiki nüvə silahından istifadə və əgər bu baş tutarsa, elektromaqnit impulsunun ölkə ərazisində elektron sistemlərin işini pozmaq ehtimallarına da toxunub:

“Bəli, belə bir nəzəriyyə var, amma bunu heç kim sınamayıb. Buna görə də nüvə silahı çəkindirici vasitə hesab olunur. Əlbəttə ki, müəyyən bir ərazidə bütün canlıların ölümünü nəzərə almasaq, onun tətbiqinin nəticələri nəzəri xarakter daşıyır. Biz sınaq meydançalarında, Xirosima və Naqasakidə nüvə partlayışlarının birbaşa nəticələrindən xəbərdarıq.

Nüvə qışı, elektromaqnit impuls – bu bir nəzəriyyədir. Lakin o mövcuddur. Yerdən 100 kilometr yüksəklikdə bir meqaton və ya daha çox gücə malik nüvə partlayışını həyata keçirsəniz, elektromaqnit impulsu böyük bir ərazini əhatə edə bilər və bu halda bütün yarımkeçirici cihazlar və sxemlər birdəfəlik yana bilər. Hətta cihazlar və avadanlıqlar söndürülmüş halda olsalar belə. Lakin partlayış zamanı qurğular söndürülübsə, vakuum borusu üzərində qurulmuş sxemlər işlək vəziyyətdə qalır. İmpuls keçdikdən sonra onları işə salmaq olar, onlar işləyəcək.

1976-cı ildə sovet pilotu Viktor Belenko “MiQ-31”i Yaponiyaya qaçırdıqda amerikalı hərbi ekspertlər onu araşdırmaq imkanı əldə etdilər. Təyyarənin bütün sxemləri isə boruda idi. O zaman amerikalı generallar dedilər ki, bu, III Dünya müharibəsi təyyarəsidir, çünki o, nüvə partlayışının zərərverici amillərinin təsirlərinə tab gətirə bilər”. (Oxu.az)

Nair Əliyev

Tacxeber.az

Oxşar xəbərlər