Bələdiyyə sədri məhkəmə zalında həbs edildi – İcra başçısının yaxın adamı sayılır + FOTOLAR
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Cəmaləddin Müzəfəddin oğluna hökm oxunub.
“Qaynarinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Rəşad Əliyevin sədrliyilə keçirilən məhkəmədə məlum olub ki, Cəmaləddin Nuriyev 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövr ərzində Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrini reyestr qiymətlərinə əsasən, ümumilikdə 102 300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17 084 manata 28 şəxsə satıb.
Həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil bələdiyyəsindən torpaqlarını alıb. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılıb.
Araşdırmalar zamanı torpaq sahələrinin dəyərindən qat-qat aşağı satıldığı məlum olub. Belə ki, Cəmaləddin Nuriyev 0,12 ha torpaq sahəsini 4 300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda, 2017-ci il tarixli qərarla həmin torpaq sahəsini 1 000 manata satıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ev dustaqlığında olan Cəmaləddin Nuriyev məhkəmə zalında həbs olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin cəza müddəti 16 sentyabr 2022-ci il tarixdən hesablanacaq.
Qeyd edək ki, KİV-də Cəmaləddin Nuriyev Şabran İcra Hakimiyyətinin başçısı olan, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinə başçılıq edən Novruz Novruzovun yaxın adamı kimi təqdim olunub. Novruz Novruzov Siyəzənin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Cəmaləddin Nuriyev rayonun hazırkı icra başçısı Asif Hüseynov haqqında bir sıra dövlət orqanlarına şikayət edərək bildirib ki, başçının göstərişi ilə adamları onu təhdid edib və bələdiyyə sədri vəzifəsindən istefasını tələb ediblər.