• 27 İyul 2024 07:43

Pranas Brazinskas və oğlu Algirdas Brazinskas. SSRİ-dən qaçmaq üçün ilk dəfə uğurlu təyyarə qaçırmaq əməliyyatı həyata keçirənlər.

Sirr deyil ki, SSRİ-dən qaçmaq istəyən adamlara rəğbətlə yanaşıram, amma bir şərtlə ki, bunu bir başqasının həyatı, sağlamlığı bahasına həyata keçirməsinlər. İnsanların xoşbəxtliyə can atmaq hüququ var, amma başqasının bədbəxtliyi üzərindən yox.

Milliyyətcə litvalı olan 46 yaşlı Pranas Brazinskas və onun 15 yaşlı oğlu Algirdas 1970-ci il oktyabrın 15-də Batumi-Suxumi reysi ilə uçan An-24 təyyarəsinə oturdular və təyyarə qalxandan 5 dəqiqə sonra heyətə ultimatum verərək Trabzona uçmalarını istədilər.

Onların pilot kabinəsinə keçmələrinin qarşısını almağa çalışan 20 yaşlı stüardessa Nadejda Kurçenkonu güllələyərək öldürdülər. Ümumilikdə 24 güllə atan Brazinskaslar təyyarənin kapitanını, şturmanı, bortmexaniki yaraladılar.

Terrorçuların tələbini həyata keçirən kapitan təyyarəni Trabzonda endirdi. Ağır yaralanan kapitan və şturman xəstəxanaya yerləşdirildilər. Təyyarə isə ertəsi gün 43 sərnişin, Kurçenkonun cəsədi ilə SSRİ-yə qaytarıldı.

Türkiyə ata və oğulu SSRİ-yə təhvil verməkdən imtina etdi. Məhkəmə ataya 8 il, oğluna isə 2 illik həbs cəzası kəsdi. Cəmi iki il sonra isə hər ikisi amnistiya ilə azadlığa buraxıldılar.

Brazinskaslar siyasi sığınacaq üçün ABŞ-a müraciət etdilər, amma rədd cavab aldılar. 1976-cı ildə Venesuelaya getdilər. Buradan Kanadaya uçan təyyarəyə oturdular, təyyarə Nyu Yorkda tranzit enişi edən zaman onlar da ABŞ-da qaldılar. Amerikadakı çoxsaylı Litva diasporasının fəaliyyəti nəticəsində Vaşinqton Brazinskaslara ölkədə yaşamaq icazəsi verdi və onlar Kaliforniyanın Santa Monika şəhərində, litvalıların xüsusilə çox olduqları şəhərdə məskunlaşdılar.

Amma çox tezliklə Pranas Brazinskas özünün davranışı ilə bütün litvalıların nifrətini qazandı. Hamı ondan üz döndərdi. Özlərinə yardım üçün ianə kampaniyası keçirəndə litvalılar onlara yardım göstərməkdən imtina edirlər.

Ata və oğul arasında münasibətlər də pisləşir, onlar tez-tez mübahisə edirlər. Nəhayət, 2002-ci ildə Algirdas beysbol dəyənəyi ilə atasına çoxsaylı zərbələr endirərək öldürdü. Məhkəmə onu 16 il həbs cəzasına məhkum etdi.

Yadigar Sadıqlı

Tacxeber.az

Oxşar xəbərlər