• 23 Noyabr 2024 02:09

“Yalan vədlərdən, süründürməçilikdən bezmişik” – Şəhid anası

“Yalan vədlərdən, süründürməçilikdən bezmişik” – Şəhid anası

“Yalan vədlərdən, süründürməçilikdən bezmişik” – Şəhid anası


Tarixi İkinci Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan igid oğullarımızdan, nur üzlü şəhidlərimizdən biri də əslən ağdaşlı, özü isə Mingəçevir doğumlu olan Nahid Şahid oğlu İbrahimzadədir. 

Nahid 1994-cü il noyabr ayının 1-də sadə bir ailədə-İbrahimovlar ailəsində dünyaya gəlib. Ailədə 3 uşaq – 2 bacı, 1 qardaş olublar. Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və əsgərliyini başa vuraraq, yenidən evinə, ailəsinin yanına dönüb. Müxtəlif sahələrdə çalışıb, ailə həyatı qurub, iki övladı, iki oğlu dünyaya gəlib.

Nahid İbrahimzadə İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub. Sentyabrın 29-dan noyabrın 4-nə kimi, Cəbrayıldan, Xocavənddən ta Şuşayacan döyüş yolu keçib. Və İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi 6 gün, Şuşanın azad olunmasına isə cəmi 4 gün qalmış Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. Nəşi bir gün sonra, noyabrın 5-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidliyindən sonra 5 medalla təltif olunub.

Xatırladım ki, şəhidimizin ailəsi, valideynləri-anası Xalidə xanım və atası Şahid kişi ilə hələ bir  neçə ay öncə Buzovnada yerləşən Reabilitasiya Mərkəzində görüşmüşdük. Onlarla bir xeyli söhbətləşmiş, hal-əhvallaşmışdıq. O zaman şəhidimizin valideynləri Nahidin Vətənə əmanət qalan iki övladına, gələcəyin iki qəhrəmanına qarşı laqeyd, biganə münasibətdən narazılıq etmişdilər. Şəhidin övladları ilə heç bir qurumun maraqlanmadığını dərin təəssüf hissi ilə dilə gətirmişdilər. Və bu biganəlyin, bu ayrı-seçkiliyin tezliklə aradan qaldırılmasını təmənna və tələb etmişdilər. Eyni zamanda, şəhidin həyat yoldaşının yarım ştatlıq işlə təmin olunmasını düzgün hesab etmədiklərini bildirmiş, qeyd etmildilər ki, uzun müraciətlərdən sonra gəlinləri, şəhid xanımı 17 saylı uşaq bağçasında yarım ştatlıq işlə təmin olunub. Və istəyirdilər ki, gəlinləri tam ştatlıq işlə təmin olunsun. Bununla yanaşı, şəhidin iki övlad anası olan və maddi durumları ürəkaçan olmayan bacısının iş məsələsinin aylardır yubadıldığını, müxtəlif bəhanələrlə uzadıldığını söyləmişdilər. Hansı ki, dəfələrlə onlara qızlarının işlə təmin olunacağını vəd ediblərmiş. Mən də bir qələm əhli, bir media məsubu kimi o zaman bu məsələlərlə bağlı aidiyyatı qurumlara və ilgili şəxslərə Şəhidimizin ailəsinin xahiş və tələblərinin yerinə yetirilməsi üçün müraciətlər etmişdim, yazdığım, hazırladığım yazını onlara göndərmişdim. Və ümid etmişdim ki, heç olmasa, bundan sonra bir irəliləyiş, tərpəniş olar.

Bu yaxınlarda yenidən Şəhidimizin ailə üzvləri ilə bir araya gəldik. Şəhidimizin valideynləri, anası Xalidə xanım hələ də müsbət bir nəticə olmadığını, xahiş və tələblərinin yerinə yetirilmədiyini təəssüf hissi ilə dilə gətirdi. Bildirdi ki, şəhid ailəsinə, onun haqlı tələb və istəklərinə qarşı bu dərəcə laqeyd və biganə münasibət ola bilməz və olmamalıdır: “Biz də şəhid ailəsiyik. Biz də Vətən üçün oğul vermişik, özü də tək balamızı. Balamızla da fəxr edir, qürur duyuruq. Biz sakit, təvazökar, dünya malında gözü olmayan insanlarıq. Oğlumuzdan sonra bizə dünya malı lazım deyil. Amma ən azı şəhidimizin balalarına diqqət, qayğı göstərilməlidir, onlar da digər şəhid balaları kimi, qayğı ilə əhatə olunmalıdırlar, tədbirlərə dəvət edilməlidirlər. Biz çox şey istəmirik ki?! Eyni zamanda, şəhidimizin yoldaşı tam ştat işlə təmin edilməlidir. Axı, o, iki övlad, gələcəyin  iki qəhrəmanın anasıdır?! Onun durumu, vəziyyəti nəzərə alınmalıdır. Biz bu gün varıq, sabah yoxuq. Ona görə istərdik ki, gəlinimiz tam ştat işlə təmin olunsun. Eyni zamanda, şəhid bacısı, iki övlad anası kimi qızımızın işlə təmin olunmasını istəyirik. Artıq bu məsələdə verilən yalan vədlərdən, süründürməçilikdən bezmişik. İstəyirik ki, buna son qoyulsun!”

Bəli, Şəhidimizin ailəsinin bu istəkləri, bu tələbləri aidiyyatı, müvafiq dövlət qurumları tərəfindən nəhayət, nəzərə alınmalı və yerinə yetirilməlidir. Çünki haqlı istəklər və tələblərdir. Və artıq söz, vəd deyil, konkret qərar vaxtıdır!

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

Tacxeber.az

 

Oxşar xəbərlər