• 27 İyul 2024 11:36

“Azərbaycan bəyan edib ki, onun üçün 1919-20-ci illərin xəritəsi əsas olacaq!”

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

– Bildiyiniz kimi, ötən gün Praqadakı görüşdə Ermənistan nəhayət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Tərəflər Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Biz isə sizdən bu bəyannaməni açmağınızı istəyirik.

 – Bilirsiniz, mən bu tanımağı qəbul etmirəm. Ona görə ki, artıq Ermənistanın Almatı Bəyannaməsi qəbul olunarkən Müstəqillik Aktında göstərilib ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Bu Müstəqillik haqqında akt hazırda qüvvədə olan Konstitusiyanın əsasını təşkil edir, yəni qüvvədə qalıb. Onun üçün bu bəyanatlar hesab edirəm ki, praktiki bəyanatlardır ki, Ermənistan bunları istifadə edir. Çünki görür ki, o öz mövqeyində artıq izolyasiya olunub, ona nə Rusiyadan, nə də Qərbdən dəstək yoxdur. Bu baxımdan, bu bəyannaməni ciddi qəbul etmək olmaz.

Düşünürəm ki, Ermənistanın həmişəki olduğu kimi bu da bir növ oyundur. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyanda bunu Qarabağsız tanıyıb və dəfələrlə bu bəyanatları veriblər. Ona görə də mən burada heç bir yenilik görmürəm. Sadəcə olaraq, bu, Ermənistanın həmişəki kimi söz oyunu diplomatiyasıdır.

-Prezident AzTV-nin əməkdaşlarının sualına cavab olaraq bildirib ki, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Əgər Ermənistan öz boynuna götürdyüü öhdəlikləri icra etsə. Siz Ermənistanın bu bəyanatdan sonra sülhə yaxın olduğunu düşünürsünüzmü, yoxsa dediyiniz kimi bu, söz oyunudur?

–  Mən onların Praqadakı davranışını ciddi qəbul etmirəm. Çünki onlar gördülər ki, nə Rusiyadan, nə də Qərbdən onların işğalçı siyasətinə dəstək yoxdur. Sadəcə olaraq vəziyyətdən çıxmaq üçün bu bəyanatları veriblər. Bu və ya digər şəkildə onlar istəyəcək ki, öz “Artsax” siyasətlərini həyata keçirsinlər. Bəyanat versələr də, Ermənistanda hər il xüsusi bir büdcə qəbul olunur və Qarabağa aid olan hissəyə təxminən aylıq 30-35 milyon dollarlıq xərclər planlaşdırılır. Faktiki olaraq Ermənistan Azərbaycan ərazisinə aid olan bir hissədə separatçı-qondarma rejimi maliyyələşdirir. Yəni bu onların qeyri-səmimiliyini əks etdirən bir məsələdir. Yəni onlar olduğu kimi öz siyasətlərini davam etdirməyə çalışacaqlar.

-Yəni delimitasiya və demarkasiya da gözlənilmir…

– Delimitasiya və demarkasiya prosesində də bir çox məsələlər var. Əgər Ermənistan rəsmi bəyan etsə ki, onlar istəyirlər, sovet sərhədlərinə qayıtsınlar, onda onların digər bir bəyanatları da olmalıdır ki, hansı ildən o sərhədləri tanıyırlar. Bizim mövqeyimiz isə ondan ibarətdir ki, müxtəlif bölgələrə aid müxtəlif illərin xəritəsi əsas götürülməlidir. Məsələn, 70-80-ci illərin xəritələri şimal hissəsində əsas götürülə bilər. O ki qaldı cənub – Zəngəzur və Göyçə mahalına, Azərbaycan bəyan edib ki, onun üçün əsas xəritə 1919-1920-ci illərin xəritəsi olacaq.

-Ermənistan Azərbaycanla sərhəddə Aİ missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində, əməkdaşlığa razılıq verib və missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum da 2 ay müddətinə davam edəcək. Bu missiya nədən ibarət ola bilər?

– Bilirsiniz, Aİ bu məsələdə vasitəçilik yox, xoşməramlı xidmətlər göstərmək istədi. Çünki vasitəçilik ayrı bir məsələdir. Vasitəçiliyin siyasi baxımından öz formatı qəbul olunmalıdır ki, iştirakçılar və rəsmi vasitəçi kimdir və s. Bu xoşniyyətli xidmətlər barəsində bundan qabaq da bəyanatlar mövcud idi. Yəni bildiyini kimi, delimitasiya və demarkasiya prosesində texniki yardımın göstərilməsi məsələsində də bundan öncə bəyanatlar var.

-Ümumiyyətlə, Aİ Şurası prezidenti Şarl Mişelin bu məsələdəki töhfəsini necə qiymətləndirirsiniz? ATƏT-in Minsk qrupu illərlə fəaliyyətsizliyini nümayiş etdirdi, bəs Şarl Mişelin fəaliyyəti sizə görə necədir?

– Mən burada səmimiyyət məsələlərinə çox da fikir vermirəm. Çünki 30 ilin ərzində həmin Fransanın heç bir hərəkət və heç bir müsbət fəaliyyətini görməmişik. İndiki mərhələdə də onların fəallaşması onunla bağlıdır ki, Ermənistan demək olar ki, çox ciddi böhran qarşısındadır. Yəni Rusiyadan olan yardım və təhlükəsizlik qarantiyaları artıq qüvvədə deyil. Onlar istəyirlər ki, bu və ya digər şəkildə çətin olan dövrdə imkan versinlər ki, Ermənistan öz siyasətinə sadiq qalaraq o dövrü yaşasın. Baxaq, görək, amma yenə də deyirəm ki, mənim gözləntilərim o qədər də çox deyil. Hiss olunur ki, Ermənistan o qədər də səmimi deyil.

-Növbəti görüşün noyabrda baş tutacağı bildirilir. O görüşdən gözləntiləriniz nələrdir? Həmçinin, bu gün dövlət başçısı Rusiyaya səfər edəcək. Bəs Putinlə danışıqlardan nə nəticələr gözləyirsiniz?

– Artıq biz görürük ki, xarici faktor bu məsələlərdə ilk növbədə, Ermənistanda özünü göstərirdi. Ona görə də mən hesab edirəm ki, Rusiyanın bu məsələlərə müdaxiləsi göz qabağındadır. Amma qonşu olaraq biz Rusiya ilə bu məsələlərin müzakirə edilməsini davam edəcəyik və bu görüşdə mən əminəm ki, Azərbaycan həmişə olduğu kimi, öz mövqelərini açıq şəkildə göstərəcək və orada bizi narahat edən məsələlər müzakirə olunacaq.

Rafi MÜSLÜMOV

Oxşar xəbərlər