• 22 Noyabr 2024 22:55

Direktorun ad gününə pul yığan müəllimlə bağlı RƏSMİ CAVAB – YENİLƏNİB

Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:

“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əmirova Aytən Hacı qızı və şagirdlərin öz şəxsi istəyi və təşəbbüsləri ilə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmasını tapşırıb. Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəllimindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllim Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.

Daha bir direktorun rüşvət alması ilə bağlı səs yazısının yayıldığı iddia olunur.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, iddiaya görə, Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.

Həmçinin direktorun keçən il məktəbdə hicablı şagirdin başından zorla hicabını çıxatdığına görə də gündəmə gəldiyi vurğulanır.

Məsələ ilə bağlı 1 nömrəli məktəbdən Lent.az-a bildirildi ki, iddiaların hamısı cəfəngiyatdır və yalandır.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova isə məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib:

“Bu səs çox gümanki ötən ilə aiddir. Deyirlər ki, direktorun xəbəri olmayıb. Bu pul yığma ya müəllimin, ya da valideynin öz təşəbbüsü olub. Bütün hallarda araşdırma aparılır”.

Oxşar xəbərlər