• 17 İyun 2024 08:13

“TikTok-a VPN-siz girirəm” – Bilal Əliyev

“TikTok-a VPN-siz girirəm” - Bilal Əliyev

“TikTok-a VPN-siz girirəm” – Bilal Əliyev


Sentyabrın 14-dən etibarən ölkəmizdə TikTok-un fəaliyyəti müvəqqəti dayandırılıb. 

Bu qərar 12-13 sentyabr tarixlərində Ermənistanın Azərbaycana genişmiqyaslı təxribatına Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verildiyi zaman sözügedən platformada ordumuzun uğuruna kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlandığı üçün qəbul edilib.

Yenisabah.az xəbər verir ki, buna baxmayaraq, bəzi azərbaycanlı istifadəçilər bu qaydaya məhəl qoymur, VPN-lər vasitəsilə TikTok-dan istifadə edirlər. Onların sırasında tanınmış simalar, həmin platformada populyarlaşan şəxslər də var. Onlar demək olar, TikTok məhdudlaşdırılmadan öncə olduğu kimi canlı yayımlar açır, oyunlarda yarışmağa davam edirlər. Həmin istifadəçilərdən biri də Xalq artisti Bilal Əliyevdir.

Olay.az bu qayda pozuntusu ilə bağlı sənətçinin özü ilə əlaqə saxlayıb. O bildirib ki, sözügedən platformaya VPN-siz daxil olur:

“Mən TikTok-a “Azercell”in interneti ilə girirəm. Bəzi vaxtlar tutur, bəzi vaxtlar yox. Ona görə də gündüz çətinlik çəkirik, axşam daxil oluruq. Dəfələrlə demişəm ki, sosial şəbəkələri insanlar bir-birini söysün deyə yaratmayıblar. Ona görə yaradılıb ki, hər kəs bir-biri ilə əlaqə qurub, hansısa hadisə ilə bağlı məlumat ötürsün. Məsələn, valideynlər xaricdə yaşayan övladları ilə danışır, ünsiyyətdə olurlar. Yoxsa feyk profillər açırlar. İnsanın öz qanacağı olmalıdır. Bunlara nəzarət etməlidirlər, profillər şəxsiyyət vəsiqəsi ilə açılmalıdır.

Amma mənə nahaq deyirsiz ki, VPN yükləmisiz. VPN-dən istifadə etmirəm, gecə yarısı TikTok açılır, ona görə həmin vaxtda giririk. Yəqin ki, yalan məlumat ötürdüklərinə, insanları təhqir etdiklərinə görə bağlayıblar. Dünyanın hər yerində müharibə gedir, problem var. İnsanlar şişirdirlər, dəqiq olmayan məlumatlar yayırlar. Qələt edirlər! Əgər mənim internetim olsa, indi boş vaxtımda canlı yayım açardım. Gündüz istifadə etmək olmur. Gecə 1-2-dən sonra açılır. O da yalnız Bakıda mümkündür, rayonlarda yox. Çünki Salyana getmişdim, iki gün canlı yayım aça bilmədim. Yutuba, instaqrama girmək olur, TikTok-a yox. Ola bilər bağlayıblar, bilmirəm. Bəs axşamlar niyə açılır? Mənim başım çıxmır, VPN-dən necə istifadə etmək lazımdır bilmirəm. Sadəcə adını eşitmişəm”.

Bundan əlavə sözügedən şəxslərin TikTok-dan istifadəsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, bu barədə rəsmi açıqlama olduğu təqdirdə mətbuata veriləcək:

“Bu məsələyə hər hansı münasibət bildirə bilmərik. Ümumilikdə bilirsiniz ki, Azərbaycanda TikTok  məhdudlaşdırılıb. Başqa lokal məsələlərlə bağlı nəsə açıqlama verməyimiz, söz deməyimiz düzgün olmaz. Ümumi vəziyyətdən xəbərdarsınız, əlavə nəsə olsa, mətbuata açıqlama veriləcək”.

Tacxeber.az

Oxşar xəbərlər