Daha bir müharibə başlayır? – Kim Çen Indən mühüm açıqlama
Dünya aylardır Rusiya-Ukrayna savaşına fokuslansa da, buradan minlərlə kilometr aralıda da müharibə ehtimalı var. Söhbət ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gedir.
Tacxeber.az bildirir ki, baş verənlər fonunda bu ölkədən gərginliyi pik həddə çatdıracaq açıqlama gəlib. Belə ki, dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) raket sınaqlarının ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavab olaraq həyata keçirildiyini yazıb.
Xəbər agentliyi Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün əsl müharibəni simulyasiya etmək qərarına gəldiyini vurğulayıb. Şimali Koreya lideri Kim Çen In yaxın həftələrdə daha çox sınaq keçirəcəyinə işarə edib.
Xatırladaq ki, Cənubi Koreya, Yaponiya və ABŞ 5 il sonra ortaq hərbi təlimlər təşkil edib. Vaşinqtonun Cənubi Koreyanı Şimaldan qorumaq üçün 28,500-ə yaxın əsgəri var.