“Praqa görüşlərindən sonra Sankt-Peterburqda baş verən görüş MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü idi. Orada hansı məsələlərin müzakirə edildiyi də ictimaiyyətə və mediaya o qədər də açıqlanmadı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O, MDB dövlət başçılarının Sankt-Peterburq zirvəsinin rəsmi Moskvanın sülh danışıqları masasından uzaqlaşdırılması iddiası kimi qiymətləndirilməsinə münasibət bildirib:
“Praqa görüşünün ardınca keçirilən Sankt-Peterburqdakı MDB görüşündə əsas məsələ Qırğızıstanda 2 gün davam edəcək MDB-nin iclasına hazırlıq məqsədi daşıyırdı. Həmin iclasda müzakirə olunacaq məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasının perspektivləri məsələsi olacaq.
Düşünmürəm ki, hansısa bir mənada Aİ və Qərbin bu məsələdə aktivləşməsi Rusiyanın moderator qismindəki fəaliyyətini daraldır. Rusiyanın rəhbərlik etdiyi görüşlərdə əldə edilmiş razılaşmalar var və bütövlükdə, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı ən önəmli sənədlərdən biri 10 noyabr bəyanatıdır ki, həmin bəyanatda Rusiya prezidenti Vladimir Putinin də imzası var”.
Siyasi şərhçi deyib ki, Aİ və ABŞ Azərbaycanla Ermənistan arasındakı münasibətlərin gələcəyi ilə bağlı fəallıq göstərib regionda təmsil olunma niyyətlərini ortaya qoyurlar:
“İstənilən halda ABŞ-ın və Aİ-nin prosesdə iştirak istəyi Rusiyanın proseslərdən geri qalması demək deyil. Çünki 30 il ərzində Azərbaycan torpaqları işğalda olarkən prosesin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olurdu və ATƏT-in Minsk qrupunda təkcə Rusiya deyil, həm də ABŞ və Fransa iştirak edirdi.
Bütövlükdə Azərbaycan bu gün qalib tərəf və müstəqil oyunçu kimi regionda əsas şərtləri diktə edən dövlətdir. Azərbaycan Aİ Şurasının pozitiv səylərini dəstəkləyir və həqiqətən də Aİ Şurasının vasitəçiliyi ilə keçən görüşlərdən real nəticələr əldə edilir. Amma Rusiya tərəfi də moderator qismində həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsində vasitəçilik, həm də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda da moderator qismində iştirak edir.
Bu gün bütün siyasi güclərin məqsədləri və niyyətləri regionda fəallıq göstərməkdir. Hər bir tərəfin iki arasındakı münasibətlərin normallaşdırılmasına öz təsirləri var. Amma istənilən halda yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasındakı birbaşa təmasların sayı daha çox olacaq”.