• 27 İyul 2024 06:51

Saçımın-saqqalımın bu ağ çağında söyüş söyüm?!  

Saçımın-saqqalımın bu ağ çağında söyüş söyüm?!


Oktyabrın 11-i dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur.

Sovet yazıçılarının təbirincə desək, günəş dağların arxasından boylanmağa macal tapmamış valideynlər qızları ilə birgə olan fotolarını sosial şəbəkələrdə paylaşmağa başladılar. “Facebook”un Azərbaycan seqmenti allı-güllü paltarlarda olan gənc qızlarımızın şəkilləri ilə dolub-daşır. Bu gün səhərdən sosial şəbəkələr gül qoxuyur. Axı hər qız bir çiçəkdir…

Bu ovqatla işə başlamaq xoş idi. Ürəyimdə deyirdim ki, kaş valideynlər, xüsusilə atalar ilin bütün fəsillərində, ayın bütün günlərində qızlarına qarşı mehriban, belə diqqətcil olaydı…

Azərbaycan təzadlar ölkəsidir. Burada ağla-qara arasındakı sərhəd elastikdir, hər dəqiqə dəyişə bilir. Buna görə də xoşbəxtliyin ömrü uzun olmadı, ovqatım bir anın içindəcə təlx oldu. Əminəm ki, bu xəbəri oxuyandan sonra siz də mənim kimi məyus olub qəmgin baxışlarınızı uzaqdakı üfüqlərə zilləməkdən başqa çarə tapmayacaqsınız…

Rəsmi məlumatdır: Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

Qafqazinfo-nun məlumatına görə, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib və mərasimin keçirilməsinin qarşısı alınıb.

Xəbərin bundan sonrakı qismi daha maraqlıdır. Salyan RPŞ-dən verilən məlumata görə, valideynlərlə profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb.

Vəssalam. Sonra da dağılışıb hərə öz evinə gedib.

Hüquqşünas dostlardan soruşuram: azyaşlı qızlarını ərə vermək, o cümlədən, yetkinlik yaşına çatmayan qızlarla nikaha girmək hər hansı hüquqi məsuliyyət yaratmır? Niyə hər iki tərəfin valideynləri barədə ölçü götürülməyib? Bu qanunu nə vaxt, hansı “ağıllı” yazıb ki, azyaşlı qızları ərə verən valideynlər xəbərdarlıqla canlarını qurtara bilirlər?!

İndi biz nə edək, yığışıb elliklə azyaşlı qızlarını ərə verənlərə və onu alanlara söyüş qoyaq? Yoxsa, mən saçımın-saqqalımın bu ağ çağında söyüş söyüm?!

Son illər Azərbaycanda qız uşaqlarına evdəki artıq əşya kimi baxırlar. Mən hər həftə ən azı iki-üç azyaşlı qızın zorla ərə verilməsi barədə xəbər oxuyuram. Bu adamlara niyə qanunun sərt üzü göstərilmir? Toyuq oğrusunu 5 il azadlıqdan məhrum edən qanunlar niyə 15 yaşlı qızı ərə verən adamları heç olmasa 5 ay müddətinə məhkum edə bilmir?

Qızlarımızın, körpə fidanlarımızın bir toyuq qədər dəyəri yoxdurmu?

Əmin olun, qanunların cəzalandıra bilmədiyi bu adamları Allah mütləq cəzalandıracaq.

Onsuz da bu ölkədə çox şey Allahın ümidinə qalıb…

Seymur VERDİZADƏ

Tacxeber.az

Oxşar xəbərlər