Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq
Ukrayna Baş Prokurorluğu Rusiyanın bu həftə Kiyev və digər şəhərlərini bombardman etməsi ilə əlaqədar cinayət işi açacaq.
Tacxeber.az xəbər verir ki, bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla birgə mətbuat konfransında Ukrayna baş prokuroru Andriy Kostin məlumat verib.
O, raket zərbələrini Rusiyanın “klassik terror aktı” adlandırıb.
Onun sözlərinə görə, Rusiya Ukraynaya 112-dən çox raket zərbəsi endirib. Zərbələr 17 nəfərin ölümünə və 93 nəfərin yaralanmasına səbəb olub.
“Rusiyanın qəsdən hücumlarının məqsədi mülki əhalinin ölümünə səbəb olmaq, mülki infrastrukturu məhv etmək, elektrik və istilik çatışmazlığı ilə humanitar fəlakətə səbəb olmaqdır”, – Kostin bildirib.
Onun sözlərinə görə, hər bir ölüm, yaralanma və ya zədələnmiş bina sənədləşdiriləcək və cinayət işi açılacaq.