Biri ayağımızın altını, o biri də büdcəni silib-süpürür…
Biri ayağımızın altını, o biri də büdcəni silib-süpürür…
Onların – redaksiyamızın yerləşdiyi binada təmizlik işləri ilə məşğul olan qadınların mübahisə etdiyini ilk dəfədir görürdüm. Bəlkə də mən qəfildən liftin qarşısında peyda olmasaydım, onlar əllərindəki süpürgəni bir-birilərinin başına vuracaqdı…
Üçü də eyni işi görür. Üçü də bahalı evlərdə yaşayan ərköyün uşaqların tökdüklərini yığmaqla məşğuldurlar. Üçü də zəhmətkeşdir, çörəklərini alınlarının təri ilə qazanırlar.
Bəs nəyi bölə bilmirdilər? Jurnalist marağı güc gəldiyi üçün soruşdum. Aralarında nisbətən cavan olan qadın ömrünün yarıdan çoxunu geridə qoymuş həmkarını göstərib donquldana-donquldana izahat verdi: “Günahın hamısı bu arvaddadır. Səhər-səhər çörəyimizə bais oldu”.
Əvvəlcə heç nə anlmadım. Anlamadığım üçün də anlatmalarını xahiş etdim.
Bu dəfə xadimə yoldaşlarının qınadığı qadın qabağa düşdü: “Ay müəllim, vallah, böyüdüləsi söhbət deyil. Yarım saatdır bir çörəyin söhbətini eləyirlər”.
Mövzu öz ayağı ilə gəlib çıxmışdı. Bircə qalırdı məsələnin təfərrüatını öyrənmək…
Bu dəfə sual verməyimə ehtiyac qalmadı. Qaş-qabağından hələ də hirsi soyumadığı bəlli olan qadın izahat verdi: “Bizim bina ilə üzbəüz təzə market açıblar. Reklam olsun deyə bu gün çörəyi pulsuz paylayırdılar. Ürəyimiz dözmədi, bu arvadı da çağırdıq. Amma o, çörək götürməyimizə imkan vermədi”.
Sual dolu baxışlarımın ona çevrildiyini görəndə qadın izahat verdi: “Şükür, əlimiz var, ayağımız var. Üçümüz də işləyirik. Maaşımız az olsa da, evimizə çörək almağa çatır. Amma qohum-qonşulardan o qədər imkansız, işləməyən adam var ki… Dedim ki, çörəyə toxunmayaq, gəlib onlar aparsın…”
Söhbətə bayaqdan bəri ağzını açıb bir kəlmə danışmayan üçüncü qadın nöqtə qoydu: “Biz qıyıb bir çörək götürmədik, amma “Jeep”dən düşən yekəqarın kişi ikisini götürdü…”
Yadıma 3 il əvvəl Bakıda, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin heykəlinin yaxınlığında 77 saylı marşrutun son dayanacağında sürücüsü ilə bir süpürgəçinin davası düşdü. Səbail rayonu ərazisində fəaliyyət göstərən qadın sürücüdən avtobusu bir qədər qabağa verməyi tələb edirdi. Arqument isə belə idi: “Hər yeri süpürmüşəm, bircə qalıb avtobusun altı. Oranı təmizləməsəm, aldığım pul mənə halal olmaz”.
Azərbaycan təzadlar ölkəsidir. Biriləri cüzi donluğun müqabilində dörd bir tərəfi silib-süpürür, o biriləri isə var-dövləti başından aşmasına rəğmən dövlətin büdcəsini silib-süpürür…
Seymur VERDİZADƏ