Makron deyib ki, onu heç kim neft və qazla ala bilməz. Mən də deyirəm ki, ədalətli adam haqsız tərəfi müdafiə etməz. 1 milyon müsəlman azərbaycanlı az qala 34 ildir qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın əraziləri 30 il işğal olunandan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək.
Tacxeber.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında deyib.
“İndi Putin Rusiyası qismən neytrallığını qorumağa çalışır. Amma Rusiya Ermənistan tərəfdən vuruşsaydı, “satılmaram” deyən Makron Rusiyaya təşəkkür edərdi. Üçtərəfli sazişdən sonra Fransa Ermənistana vaxtında təzyiq göstərilsəydi, başa salsaydı, 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır”, – o bildirib.
Deputat əlavə edib ki, Fransa Senat Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır:
“Əgər belə bir qətnamə qəbul edilsə, Azərbaycan Fransa ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır”.
Q.Həsənquliyev əlavə edib ki, üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək Rusiyadan tələb olunmalıdır.