• 10 Dekabr 2024 21:18

ƏLİYEV MAKRONUN “ERMƏNİ PLANLARINI” BLOKLAYIB… – Fransa Prezidentinin isterikasının sirri açılır

ƏLİYEV MAKRONUN “ERMƏNİ PLANLARINI” BLOKLAYIB… – Fransa Prezidentinin isterikasının sirri açılır

Azərbaycan Prezidenti qətiyyətli mövqeyi ilə Fransanın beynəlxalq qürurunu və imicini sarsıtdı, Paşinyana “ev tapşırığı” verdi

Ermənistanın bütün planları bir-birinin ardınca iflasa uğrayır. Rəsmi İrəvanın “sürüşkən xarici siyasət” kursu artıq Ermənistanın əleyhinə çevrilməyə başlayıb. Və böyük ehtimalla Ermənistan yaxın gələcəkdə bunun bumerang effektini daha ağır geopolitik zərbələrlə qəbul etməli olacaq.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında manevrlərini hələ də davam etdirir. Ermənistan cəmiyyətində Rusiyanın etibarlı hərbi müttəfiq olmadığı intensiv şəkildə təbliğ olunur. Əvəzində isə Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbin himayəsinə sığınmaq taktikasının yeganə çıxış yolu olduğu iddia edilir.

Ancaq Rusiya ilə siyasi-diplomatik təmaslarda rəsmi İrəvan tamamilə fərqli mövqedən çıxış edir. Bir tərəfdən, Kremlin Ermənistan qarşısında hərbi öhdəlikləri yerinə yetirmədiyinə eyham vurub, şantaj etməyə çalışır. Digər tərəfdən isə Rusiyanın Ermənistan üçün yeganə etibarlı təhlükəsizlik təminatçısı olduğunu bəyan edir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Nə qədər qəribə də olsa, rəsmi İrəvan Qərb ölkələrinin təmsilçiləri ilə görüşlərdə bir qayda olaraq, Rusiyadan şikayətlənir. Kremlin Ermənistanın suverenliyinə ən ciddi təhlükə olduğunu vurğulayır. Qərb ölkələrindən Ermənistana təhlükəsizlik təminatı almağa çalışır. Və bu qədər xarici siyasət ziddiyyətləri Ermənistanın özünü çıxılmaz vəziyyətə yaxınlaşdırır.

Təbii ki, bütün bunlar erməni toplumunun siyasi düşüncə qüsurlarından qaynaqlanır. Erməni toplumunda bütün dünyanın Ermənistana qayğı göstərməyə borclu olduğuna hələ də inanırlar. Hesab edirlər ki, hər kəs Ermənistanın maraqlarına, heç bir normal məntiqə yaxınlaşmayan “erməni xəyalları”na dəstək verməlidir. Erməni toplumu üçün Kremllə hərbi müttəfiqlik Rusiyanın son rus əsgərləri qalana qədər Ermənistanın qondarma “hədəf”ləri üçün vurulmasından ibarət olan bir anlayışdır.

Ancaq dünyada belə bir məntiqsiz erməni anlayışını təmin edə biləcək hər hansı dövlət və ya siyasi sistem mövcud deyil. Dünya dövlətlərin maraqları üzərində inkişaf edir. Ermənistan isə əsasən, nəhəng dövlətlərin maraqlarına uyğun istifadə edilən “alət”dən başqa heç nə ifadə etmir. Və bu səbəbdən “erməni planları” həmişə iflasa məhkum olur.

Maraqlıdır ki, rəsmi İrəvan növbəti dəfə eyni iflas ilə üz-üzə qalıb. Son vaxtlara qədər Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasını uzatmaqla, Ermənistan üçün daha sərfəli geopolitik situasiyanın yarana biləcəyinə ümid bəsləyirdi. Hətta Ağ Evdən soruşmadan ABŞ-ı Ermənistanın yeganə strateji müttəfiqi də elan etmişdi. Ancaq Ağ Evin Ermənistana “müttəfiqlik” dəstəyi bir neçə balanslı bəyanatla məhsudlaşdı. Və İrəvanda nəhayət, anladılar ki, ABŞ-ın maraqları sırasında Ermənistan üçün Azərbaycan-Türkiyə İttifaqına savaş açmaq niyyəti yoxdur.

Belə vəziyyətdə Paşinyan hakimiyyətinin son və əsas ümidləri Fransa üzərində indeksləşmişdi. Belə ki, rəsmi İrəvan sentyabr ayının ortalarından başlatdığı beynəlxalq şikayət kampaniyasına Fransanın verəcəyi dəstək sayəsində Ermənistanın daha sərfəli şərtlərlə sülh sazişi əldə edə biləcəyini düşünürdü. Rəsmi Parisin Ermənistanı bütün məsələlərdə tam şəkildə dəstəklədiyini hər imkanda vurğulaması da Paşinyan hakimiyyətini daha optimist olmağa şirnikləndirirdi.

94066498464d8f0651e6142c839cba43.jpg (41 KB)

Ancaq baş tutmadı və Paşinyan hakimiyyətinin “sürüşkən xarici siyasət” kursu üzərindən qurduğu planlar elə xəyal olaraq da qaldı. Belə ki, Fransanın Ermənistana verdiyi dəstəyin nə qədər “dişsiz” və önəmsiz olduğu Praqa görüşündə dərhal ortaya çıxdı. Bəzi məlumatlara görə, Praqa görüşündə Fransa prezidenti Emmanuel Makron Ermənistanın xeyrinə “lobbiçilik” etməyə çalışsa da, uğursuzluqla üzləşib. Azərbaycan Prezidenti İlham Əliyevin E.Makronun “erməni planları”nı qətiyyətlə bloklayıb və nəticədə rəsmi Bakının maraqları ilə uzlaşan Praqa Bəyanatı ortaya çıxıb.

Təbii ki, Praqa görüşünün nəticələri Ermənistan və Fransa üçün ağır siyasi-diplomatik məğlubiyyət xarakteri daşıyır. Hətta müşahidələrə əsasən, Fransanın beynəlxalq qürurunun və imicinin sarsıldığını da düşünmək olar. Hər halda, prezident Emmanuel Makronun Praqa görüşündən dərhal sonra “erməni vərdişləri” ilə revanş almağa cəhd göstərməsi də bunu təsdiqləyir. Çünki, E.Makron bir tərəfdən rəsmi İrəvanı tamamilə küncə sıxışdırmağa nail olan Azərbaycanı və Ermənistanın ciddi şəkildə narazı olduğu Rusiyanı ittiham etməyə çalışdı. Digər tərəfdən isə Fransanın Ermənistanı tək buraxmayacağını və bütün məsələlərdə tam dəstəkləyəcəyini bəyan etdi.

Fransa prezidentinin bu davranışı həm Ermənistan, həm də rəsmi İrəvan üçün yenə də bumerang effekti verdi. E.Makronun açıqlamaları Fransanın beynəlxalq qürurunu və imicini xilas etmədi. Əksinə, cavab reaksiyaları ilə daha da ağır zərbələr aldı. Və indi Fransanın Ermənistana verəcəyi dəstək də öz əhəmiyyətini tamamilə itirdi.

Məsələ ondadır ki, Kreml sahibi Vladimir Putin əvvəlcə Fransa prezidentinin ittihamlarının qəbuledilməz olduğunu vurğuladı. Ardıncasa, prezident E.Makronu anlamadığı mövzulardan danışdığı üçün qınadı. Eyni zamanda, Kreml sahibi E.Makronun öz davranışları ilə Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirdiyinə eyham vurdu.

26581b9c7bd4fbb21cf04de10569be1a.jpg (273 KB)

Ancaq Makron-Paşinyan cütlüyünə “Dəmir yumruq” zərbəsini təbii ki, məhz Azərbaycan Prezidenti İlham Əliyev endirdi. Fransa prezidenti Emmanuel Makronu “küçə leksikonu”nda danışmaqda qınayan Azərbaycan lideri rəsmi Parisin Ermənistana dəstəyinin iki ölkə arasındakı münasibətlərə aid etdi. Ardıncasa, Fransanın bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində vasitəçiliyin mümkün olmadığını vurğuladı.

Yəni, Azərbaycan lideri Fransa prezidentinə eyham vurdu ki, Ermənistanı nə qədər istəsə, dəstəkləyə bilər və bu məsələdə tamamilə sərbəstdir. Ancaq daha heç vaxt Fransa Cənubi Qafqazda cərəyan edən hər hansı geopolitik prosesə yaxın buraxmayacaq. Və bu, özünü hələ də dünya nəhəngi kimi təqdim etməyə çalışan Fransa üçün əzici zərbədir.

Təbii ki, bütün bunlar Ermənistanın ehtimal edə biləcəyi ən təhlükəli nəticələrdir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana da xəbərdarlıq etməyi unutmadı. Azərbaycan lideri xatırlatdı ki, Ermənistan üçtərəfli anlaşmaları hələ icra etmir. Zəngəzur dəhlizinin açılmasına əngəl törətməyə cəhd göstərir. Eyni zamanda, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılmayıb. Azərbaycanın səbrinin tükənməz olmadığını xatırladan Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana bu iki problemi dərhal həll etməyə çağırdı. Əks halda, Azərbaycanın buna adekvat addımlar addımlar atmalı olacağıni birmənalı şəkildə vurğuladı.

Beləliklə, Makron-Paşinyan cütlüyü sarsıdıcı zərbə aldı. Fransanın və onun prezidentinin beynəlxalq imici ciddi şəkildə korlandı. Fransa vasitəçilik hüquqlarından məhrum edildi. Ermənistan danışıqlar masasında Fransanın ənənəvi dəstəyini həmişəlik itirdi. Eyni zamanda, Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana başqalarına ümid etdiyin mənasız olduğunu izah edib, ona “ev tapşırığı” verdi. “Ev tapşırığı” ən qısa zamanda yerinə yetirilməyəcəyi təqdirdə, Azərbaycanın bütün problemləri savaş yolu ilə həll edə biləcəyini anons etdi. Bütün bunlardan sonra rəsmi İrəvan Ermənistanı nə ABŞ-ın, nə də Fransanın xilas edə bilməyəcəyini anlaması və daha doğru qərarlar verməsi lazımdır. (musavat.com)

Oxşar xəbərlər