• 08 Oktyabr 2024 12:51

Nüvə təhlükəsi QAPIDA: Radiasiyadan necə qorunaq? – ŞOK DETALLAR

Nüvə təhlükəsi QAPIDA: Radiasiyadan necə qorunaq? – ŞOK DETALLAR

“Hazırda bütün dünya nüvə bombalarının atılacağı riski ilə bağlı narahatlıq içindədir. Azərbaycanda olduğu kimi Avropa ölkələrində də radiasiya əleyhinə istifadə edilən yod preparatlarının çatışmazlığı ilə bağlı məsələlər gündəmdədir. Düzdür, nüvə bombalarının atılacağı riski hazırda o qədər də yüksək deyil. Amma riskin neytrallaşdırılması da 100 faizlik ekvivalentdə deyil, Qərb konkret tədbirlər görüb, Avropa Kremlə də bu barədə xəbərdarlıq edib. Nüvə hücumuna qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumatlar açıqlanmır”.

Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda insanların nüvə təhlükəsi ilə bağlı yaşadığı psixoloji gərginliklərə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, insanların apteklərə “hücum çəkərək” yod almalarına ehtiyac yoxdur:

“Hazırda yod almağın elə bir mənası yoxdur. Apteklərdə satılan yodlar yaralara sürtdüyümüz yodlardır. Onun nüvə radiasiyasının qarşısının alınmasına heç bir xeyri olmayacaq. Ondan istifadə etməklə ağzımızı, mədəmizi yandıra bilərik. Söhbət yod tərkibli xüsusi tabletlərdən – kaliyodlardan gedir. Onu da indi istifadə etməyin mənası yoxdur. Həmin kaliyodlardan nüvə silahından istifadə olunan vaxt, cəmi bir saat ərzində qəbul etmək lazımdır. Söhbət birinci partlayışdan sonra ötən ilk bir saatlıq müddətdən gedir. Əgər külək həmin nüvə radiasiyasını və tozunu digər ölkənin ərazisinə gətirərsə, o zaman kaliyodlardan istifadə edilməlidir. Üstəlik, iki-üç saatdan bir növbəti dozanı qəbul etmək lazımdır. Həmin tabletlərin konkret qəbuletmə qrafikləri var. Bir daha deyirəm, bu cür təhlükələrdə apteklərdə satılan adi yodlardan istifadə etməyin heç bir mənası yoxdur. Bu barədə nüvə radiasiyası ilə məşğul olan rodioloqlar tez-tez mətbuatda çıxış etməli və insanları məlumatlandırmalıdırlar”.

Azad İsazadənin sözlərinə görə, 1986-cı ildə Çernoblda baş verən nüvə partlayışının radiasiyası az da olsa vaxtilə Azərbaycana çatıb:

“Amma həmin radiasiyanın ölkəmizə böyük bir təsiri olmamışdı. Yəni Ukraynadan küləklə Azərbaycana doğru axın edən radiasiya ölkəmizə qədər Böyük Qafqaz sıra dağlarından keçir. İstər-istəməz orada maneə ilə üzləşir. Yəni, radiasiya axını ölkəmizə tam formada çatmır. Dəniz üzərindən gələrsə, həmin dalğanı dənizlər öz üzərinə çəkir. Nüvə radiasiyası Azərbaycana qədər gəlib çıxsa da, böyük faciələr, təhlükələr yaratmayacaq. Bu gün bizim üçün ən böyük təhlükə Ermənistandakı Metsomor Atom Elektrik Stansiyasıdır. Amma biz bu vaxta qədər kaliyodlardan istifadə eləməmişik. Bu təhlükə onilliklərdir ki, var. Ukraynada istifadə oluna biləcək taktiki nüvə silahı o qədər də təhlükəli deyil”.

“Bəs bizdə kifayət qədər kaliyod ehtiyatı varmı?” – sualına ekspertin cavabı birmənalı olmayıb:

“Bu haqda dəqiq məlumatım yoxdur. Ümid edirəm ki, aidiyyatı qurumların tərkibindəki anbarlarda kifayət qədər kaliyod ehtiyatı mövcuddur. Sadəcə apteklərə buraxılmır. Çünki o saat alınacaq. Evlərdə lazımı şəkildə, qaydalara uyğun saxlanılmayacaq. Bu da tabletlərin təhlükədən qoruma funksiyasını aşağı sala bilər. Məncə, təhlükə olarsa, lazımı tədbirlər görüləcək. Amma təhlükə o qədər də ciddi və real deyil. İndidən tədbir görməyə başlasaq, bu, mövcud panikanı daha da çoxaldacaq”.

Tural Turan

Tacxeber.az

Oxşar xəbərlər