Ukrayna XİN: “İran Rusiyanın hərbi cinayətlərinə əlbir olub”
“Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir”.
Tacxeber.az Ukrayna Xarici İşlər Nazirlyinin Rusiyanın Ukraynaya qarşı cinayətlərində İranın əlbirliyi ilə bağlı bəyanatının bütöv mətnini təqdim edir:
“Rusiya Federasiyası İran istehsalı olan döyüş pilotsuz uçuş aparatlarını istifadə etməklə Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror aktları həyata keçirməkdə davam edir.
Təkcə son bir həftə ərzində Rusiya Federasiyası İranın kamikadze PUA-ları ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına, elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, körpülərə və uşaq meydançalarına yüzdən çox zərbə endirib. Uşaqlar da daxil olmaqla, onlarla insan həlak olub və yaralanıb. Ukraynanın enerji infrastrukturunun üçdəbirinə zərər dəyib. Kiyevdə iki diplomatik qurumun binasına ziyan dəyib.
Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir.
Biz Tehranı Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmağa çağırırıq. Əks halda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə beynəlxalq məhkəmələr çərçivəsində ən ağır məsuliyyəti İran və onun rəhbərliyi daşıyacaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə müraciət edərək Rusiyanın ukraynalılara qarşı terrora yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. İrana qarşı sərt sanksiyalar İranın Ukraynaya qarşı müharibədə istifadə üçün “yer-yer” tipli ballistik raketləri Rusiyaya ötürmək niyyəti barədə xəbərlər fonunda xüsusi önəm daşıyır.
Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnun gerçəkləşdirilməsi çərçivəsində mülki əhalini, suverenliyini və ərazi bütövlüyünü xarici təcavüzdən qorumaq üçün bütün mümkün tədbirləri görəcək”.