• 04 Oktyabr 2024 20:51

“İranı qıcıqlandıran Zəngəzur dəhlizinin Türk körpüsü statusunda olmasıdır…”

“İranı qıcıqlandıran Zəngəzur dəhlizinin Türk körpüsü statusunda olmasıdır...”

“İranı qıcıqlandıran Zəngəzur dəhlizinin Türk körpüsü statusunda olmasıdır…”


İran hətta indiki, daxildən çalxalandığı, bir aydan çoxdur, qanlı iğtişaşların davam etdiyi bu təlatümlü  dövründə də Quzeydəki  Azərbaycan Respublikasının işlərinə müdaxilə etməyə çalışır. Məsələn, rəsmi Tehran xüsusən son aylar Ermənistan ərazisindən Zəngəzur yolunun açılmasına imkan verməyəcəyini ciddi şəkildə ifadə edir. Hətta bu günlərdə İranın Azərbaycana, Zəngəzura yaxın sərhədlərinə 50 minə yaxın qoşun cəmləşdirməsi, Araz çayı sahillərində “bu çayı keçərək, Qarabağa hücum etməyin məşqlərinin” də daxil olduğdu hərbi təlimlər keçirməsi haqda xəbərlər yayılır. Bəs Azərbaycan dövləti beynəlxalq güclərin də dəstəyi ilə bu mövzuda İran dövlətini “ağıllandıra” biləcəkmi?

Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov  mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Əvvəl-axır Zəngəzurdan Naxçıvan və Türkiyəyə yol açılmalıdır. Heç Ermənistan da buna müqavimət göstərə bilməz. Sadəcə, bu gün əsas məsələ odur ki, həmin yolun statusu ətrafında müzakirələr gedir; Zəngəzur yolu eks-territorial olsun, yəni Ermənistan dövlətinin nəzarətindən kənarda 9 noyabr razılaşmasında göstərildiyi kimi,  Rusiya federal sərhəd xidmətinin nəzarətində dəhliz olsun, yoxsa Ermənistanın bilavasitə öz nəzarəti altında adi yol kimi qalsın… Gec-tez bu məsələ həllini tapmalıdır. Və əgər dəhliz statusunu qəbul etmirlərsə, o zaman Laçın dəhlizinin də statusu dəyişdirilməlidir və  oradakı “sülhməramlı” adı altındakı Rusiya qoşunları çıxmalıdır. Nəticədə həmin yol da adi yol statusu almalı və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi  bağlanandan sonra həmin yol Azərbaycanın qanunları çərçivəsində idarə olunmalıdır”.

Həmsöhbətimiz  Zəngəzur dəhlizi mövzusunun İranı qıcıqlandırmasının əsas səbəbinə də diqqət çəkib.

“Bütün hallarda İran Zəngəzurdan Türkiyəyə yol açılmasını özü üçün təhlükə hesab edir. Guya ki, bu halda sərhədlərin dəyişilməsi baş verəcək.  Halbuki heç bir sərhəd dəyişməyəcək. Və hətta əgər sərhəd dəyişikliyindən söhbət gedirsə və İran buna etiraz edirsə, 30 il ərzində digər qonşusu Azərbaycan Ermənistanın işğalına  məruz qaldığında həmin sərhədlərin faktiki dəyişilməsinə və açıq qalmasına göz yummasını ona xatırlatmaq lazımdır. Əgər 30 il ərzində rəsmi Tehran bir dəfə də Azərbaycan ərazilərinin işğalına, sərhədlərinin dəyişdirilməsinə etiraz etməyibsə, bu, onu göstərir ki, İranı əsas qıcıqlandıran həmin Zəngəzur dəhlizinin Türk körpüsü statusunda olacağı, yəni yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməsi deyil, bütövlükdə Türk dünyasının birbaşa Türkiyəyə çıxışını təmin etməsidir… Eyni zamanda bu dəhliz təkcə Azərbaycana lazım deyil, o, Rusiyanın da tələblərinə cavab verir. Əslində Zəngəzur yolunun açılması bizdən çox Ermənistanın özünə lazımdır ki, ermənilər iqtisadi baxımdan ondan faydalansın və onun vasitəsilə Azərbaycandan da Rusiyaya çıxış əldə etsinlər. Çünki Ermənistanın özü kommunikasiya əlaqələri baxımından tam qapalı, təcrid olunmuş vəziyyətdədir”- deyə partiya lideri vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər