Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı bəyanata reaksiya verib. O, Azərbaycanı Ermənistana yeni hücum üçün bəhanə yaratmaqda suçlayıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi dünən bildirib ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun Daşkəsən istiqamətində bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib.
“Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlik bəyan edib.
Nikol Paşinyan isə iddia edib ki, Azərbaycan özünün atəşkəsi pozmasını daim Ermənistanın adına yazır.
“Aydındır ki, bu, Ermənistana qarşı yeni hərbi təcavüz üçün zəmin yaradır”, – Baş nazir tvitində yazıb.
O, atəşkəs rejiminə nəzarət və sərhəddə təhlükəsizliyin təminatı üçün daimi işlək beynəlxalq mexanizmin gərəkdiyini sözlərinə əlavə edib.
Bakıdan hələlik, Paşinyanın növbəti həyasız iddialarına reaksiya verilməyib.