• 27 Dekabr 2024 04:35

Azərbaycanda qrip TÜĞYAN EDİR – SƏBƏBİ

“Fəsil dəyişkənliyi oldu deyə qrip virusu yayıldı fikri elmi olaraq doğru deyil. Qrip dalğasına səbəb olan virusların ildə bir neçə dəfə insanlar arasında yayılması sürətlənir ki, bu da elmə artıq məlumdur”. 

Bunu Lent.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev deyib. O hazırda Azərbaycanda yayılan qrip virusundan danışıb:

“Əvvəlcə insanlar bilməlidir ki, influenzeya bağlı olan qrip dalğaları hər il baş verir. Xüsusən də qış aylarında bu cür təhlükəli qrip dalğalarına rast gəlinir. Azərbaycanda əhalinin ümumi sayına və yaşlıların əhali arasındakı nisbətinə əsasən insanlar bu cür dalğaların, eləcə də onun fəsadlarının o qədər də fərqinə varmırlar. Amma bu o demək deyil ki, Azərbaycanda belə dalğalar yoxdur. Digər tərəfdən də bir qrup insanlar koronavirus pandemiyasının təsirindən sonra yüngül soyuqdəymə zamanı çox həssaslıqla yanaşıb, panika yaradacaq narahatlıq göstərirlər ki, bu da doğru deyil. Buna görə də, müvafiq qurumlar insanları zamanında məlumatlandırmalıdır ki, influenzaya bağlı qrip dalğaları nə zaman olur və ya olacaq, təhlükə nədən ibarətdir?”

Həkimin sözlərinə görə, bu cür qrip dalğalarına görə, hətta insanlar ölür də:

“Bir şeyi də qeyd etmək istəyirəm ki, əhalisinin sayı çox olan ölkələrdə təhlükəli saydığımız qrip dalğaları zamanı bir çox insanın reanimasiyada olduğunu və bir o qədər də çox yaşlı insanın öldüyünü görə bilirik. Buna görə də bu cür dalğaların idarə edilməsi və öz başına buraxılmaması Ümumdünya Səhiyyə Təşkilatının və eləcə də ictimai səhiyyənin etik normaları çərçivəsində mütləq tənzim edilməlidir və problemlər, eləcə də profilaktik tədbirlərə müasir elmi əsaslarla yanaşılmalıdır. Elmi yanaşmalardan da önəmliləri sırasında o dayanır ki, zamanında insanlara qripə qarşı effektiv peyvənd təklif olunmalıdır. Bu zaman insanlar qrip dalğalarından minumum zərər və səhiyyə sistemləri çox az ölüm sayı ilə çıxa bilərlər”. 

Nuran bəy peyvənd təkliflərinin mütəmadi olmasını da vurğulayıb:

“Müvafiq zamanlarda mütəmadi olaraq insanlara qripə qarşı peyvənd təklif edilməldir. Bunun da statistikası aparılmalı və müəyyən müddətdən sonra nəticə insanlara təqdim edilməlidir. İnsanlar bilsin ki, peyvənd onları nələrdən qorudu, hansı yaş qrupları üçün effektiv oldu və dalğa zamanı xəstəliyi yüngül keçirməyə səbəb oldu”.

Qeyd edək ki, son günlər ölkədə qrip virusu sürətli şəkildə yayılıb. Belə ki, ətrafımızda olan 5 adamdan demək olar ki, üçü qripə yoluxub.

Tacxeber.az

Oxşar xəbərlər