Yerli sənət aləminin tanınmışları qədər övladları da daim diqqət mərkəzindədirlər. Bu məşhurların bəzilərinin övladları müəyyən dövrlərdə vəzifə sahibi olublar. Onlar ölkəmizin müxtəlif qurum və strukturlarında yüksək vəzifələri icra ediblər. Hazırda onlardan fəaliyyətini dayandıranlar da var, yüksək vəzifələrdə çalışmağa davam edənlər də…
Tacxeber.azxəbər verir ki, Baku.ws saytı övladları müəyyən vəzifələrdə çalışan məşhurları araşdırıb.
Həmin araşdırmanı təqdim edirik:
Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev bir çox vəzifələrdə çalışıb. O əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifələrində işləyib.
Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsini icra edib.
Ramin Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində də çalışıb. O, 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.
Məşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu isə hazırda vəzifədədir. Onun övladlarından biri Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.
Anar bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti – “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvlüyünü də edib.
Bəstəkarın digər övladı Ülvi Mansurov isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktorudur. Ülvi bundan əvvəl “Azərpoçt”un baş direktoru, o cümlədən ləğv edilən “Texnikabank”ın İdarə Heyətinin sədri olub və bank sektorunda müxtəlif vəzifələri icar edib.
Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov bir müddət Azərbaycanın Argentinadakı səfirliyinin 3-cu katibi vəzifəsində çalışıb. Uşaqlıqdan teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.
Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütbəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.
Yazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiridir. O, bu vəzifəyə yeni təyin edilib. Tural bundan əvvəl Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycaynın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb. O, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.
Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiridir. İlqar bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.
Yazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir. Nigar, Günay və Humay Əfəndiyevalar məşhur yazıçı İlyas Əfəndiyevin nəvələridir.