“Fərqli iş saatları tətbiq edilsin…”– Deputatdan Bakının tıxac problemi ilə bağlı TƏKLİFLƏR
Paytaxt yollarındakı tıxaclar sakinlər üçün ən ciddi problemlərdən birinə çevrilib.
Tacxeber.az-ın məlumatına görə, çıxış yolları haqda fikirlərini bölüşən iqtisadçı-deputat Vüqar Bayramov deyib ki, tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır:
“Tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirlən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamalarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los Ancelisdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saatı tıxacda keçirir. Tıxacın azaldılması üçün infrastrukturun genişləndirilməsi vacibdir. Bununla yanaşı, digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir”.
Deputat qeyd edib ki, dövlət sektorunun özəl sahəyə nisbətətn daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər:
“Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər. Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır. Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”.