• 01 Dekabr 2024 23:47

Ana ilə oğul eyni qəbirdə: “Əvvəl sümükləri çıxarıb…”

Bu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi?

Bəzi bölgələrdə bu gün də yaxın insanların eyni qəbirdə dəfn olunması ənənəsinə şahid oluruq. Məsələn, cənub zonasının, xüsusilə də Lənkəranın özünəməxsus dəfn adətləri var. 

Belə ki, burada iki yaxın insan ayrı vaxtlarda eyni qəbirdə basdırıla bilər. Ənənə qədim dövrlərdən gəlsə də, hal-hazırda bu cür dəfnlər yalnız ölən şəxsin vəsiyyəti ilə həyata keçirilir.

Bəs dini baxımdan insanların bir qəbirdə basdırılması hansı şərtlərlə mümkün ola bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Müşviq Əskərov bunun doğru olmadığını deyib:

“Kimsə dünyasını dəyişibsə, bir qəbrdə iki cənazənin dəfn edilməsi dinimizdə var. Amma belə bir məsələ var: Əgər torpaq problem varsa, eyni yerə iki cənazə dəfn edilə bilər, amma aradan uzun müddət keçməlidir. Bu müddət keçdikdən sonra sümüklər çıxarılaraq yeni dəfn olunan meyitin ayaq tərəfinə çəkilərək dəfn oluna bilər. Bu isə yalnız eyni nəsildən olan yaxın adamlara aiddir. Dində bununla bağlı heç bir qadağa yoxdur, amma bir daha qeyd edim ki, əgər torpaq qıtlığı varsa, dəfn etməyə yer yoxdursa, bunu etmək olar. Əgər kimsə “Məni anamla eyni yerdə basdırın” deyə vəsiyyət edibsə, yaxşı olar ki, yan-yana qəbirlərdə dəfn olunsunlar. Torpaq qıtlığı olarsa, eyni qəbirdə basdırmaq olar. Bu halda da mütləq aradan zaman keçməlidir. Meyitin ətləri çürüyüb qurumalı, sümükləri qalmalıdır. Yalnız bundan sonra qəbir açılıb sümüklər çıxarıla bilər. Eyni qəbirdə iki insan dəfn olunarsa, bu halda mütləq başdaşında hər iki şəxsin adı, soyadı, ata adı qeyd olunmalıdır”.

Əsmətxanım RZAZADƏ 

Tacxeber.az

Oxşar xəbərlər