• 30 Dekabr 2024 21:18

Nərminin qətli ilə bağlı yenilik: Vəsatətlər qəbul olundu

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Tacxeber.az  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun vəkilləri vəsatətlərlə çıxış edib.

Vəkillər Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcovun, Tovuz rayon Polis Şöbəsinin keçmiş rəisi Şirzad Əsgərovun dindirilməsini istəyiblər.

Məhkəmə Baş Prokurorluğun idarə rəisi və hazırda təqaüddə olan keçmiş polis rəisi ilə bağlı vəsatəti hələlik müzakirəyə çıxarmayıb.

Vəkillər Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın, İlkinin bacısının evdə dərs keçdiyi iki şagirdin, Dondar Quşçu kəndinin bir sıra sakinlərinin, bu cinayət işi üzrə rəy vermiş ekspert Aysel Cavadovanın da məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıblar. Bu vəsatətlərin bir hissəsi təmin olunub.

Cinayət işində iddia olunur ki, İlkin Süleymanov azyaşlını 2019-cu il noyabrın 21-də saat 15.30 radələrində qapılarından keçəndə çağırıb evə gətirib, onu əvvəlcə kitablar olan otağa aparıb. Vəkillər isə bildirib ki, məhz həmin gündə və o saatlarda sözügedən otaqda İlhamə Süleymanova şagirdlərə dərs keçib: “Əgər həmin vaxt Nərmin ora gəlmiş olsaydı, şagirdlər onu görə bilərdi”.

Məhkəmə həmin şagirdləri dindirməyə razılıq verib.

İş üzrə ekspert rəylərində iddia olunur ki, meyitin üstündən tapılan paltarlarda İlkin Süleymanovun gödəkçəsinin lifi çıxıb. İlkin Süleymanov da məhkəmədə bildirib ki, əgər gödəkçə ilə həmin paltarlar bir-birinə sürtünübsə, onlardan gödəkçəsinin lifi tapılıbsa, deməli, avtomatik gödəkçədə də həmin paltarların lifi olmalıydı. Lakin onun gödəkçəsindən Nərminin paltarlarına aid lif tapılmayıb.

“Yaxud ekspert yazıb ki, İlkin Süleymanova aid alt isti paltarın üstündən Nərminin paltarlarının lifi tapılıb. Bəs niyə həmin paltarlarda alt isti geyimin lifləri yoxdur? Hələ onu demirik ki, o alt geyiminin İlkin Süleymanov tutulandan sonra – polis şöbəsində saxlanılarkən alındığını məhkəmədə dindirilən satıcı da təsdiqlədi. Bildirdi ki, İlkin artıq tutulmuşdu, qardaşı onun yanına göndərmək üçün gəlib gödəkçə almışdı. Başqa bir məsələ, uşağın cins şalvarının üstündən də İlkinin paltarına aid lif tapılması haqda rəy verilib. O cins şalvarı ekspertiza kimdən alıb, bilinmir. Çünki meyitin üstündən tapılan paltarlar arasında cins şalvar yoxdur. Həmin ekspert adi gözlə baxanda fərqli olduğu görünən parçalarla bağlı rəy verib ki, eyni materialdandır. Aysel Cavadova gəlsin, bütün bu ziddiyyətlərə aydınlıq gətirsin”, – vəkillər bildirib.

İlkin Süleymanov işgəncəyə məruz qalması faktının təsdiqlənməsi üçün onunla Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanmış Mehman Həsənovun da məhkəmədə dindirilməsini istəyib.

Vəkillər İlkin Süleymanovun telefonuna aid anten məlumatlarının alınması barədə də vəsatət qaldırıblar. Müdafiəçilər bildirib ki, bu məlumatlarla İlkin Süleymanovun uşağın onların evində saxlandığı iddia olunan vaxtlarda əslində dəfələrlə Dondar Quşçudan kənarda olduğu aydınlaşacaq.

Bundan başqa, iş materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da tutulduğu yazılıb. Lakin o, yanvarın 6-dan Tovuz rayon Polis Şöbəsində saxlandığını, dörd gün müxtəlif formada işgəncəyə məruz qalandan sonra cinayəti üzərinə götürdüyünü deyir. Vəkillər bildirib ki, anten məlumatları həmin 4 gün ərzində də İlkin Süleymanovun harada olması məsələsinə aydınlıq gətirə bilər.

Məhkəmə bu vəsatəti təmin edib – 2019-cu il noyabrın 21-dən (Nərmin itdiyi gündən) 2020-ci il yanvarın 10-na qədər anten məlumatlarının alınmasına qərar verilib.

Vəkillər onu da bildirib ki, azyaşlı Nərminin valideynləri eyni məsələlərlə bağlı istintaqa ifadələrində bir cür danışıb, mediaya müsahibələrində isə tamam fərqli fikirlər səsləndiriblər. Vəkillər həmin video-müsahibələrlə bağlı disklərə də baxış keçirilməsini istəyib.

Növbəti proses oktyabrın 26-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Tacxeber.az

Oxşar xəbərlər