• 23 Noyabr 2024 04:44

45 günlük Baş nazir – Liz Trasın istefasına səbəb nədir?

Açıq mənbələrdən götürülüb

Sentyabrın 6-dan vəzifəsinin icrasına başlayan Böyük Britaniyanın baş naziri Liz Trasa bir zamanlar parlaq karyerasını korlamaq üçün cəmi 6 həftə lazım gəlib. “Meduza”nın xahişi ilə Londonda yaşayan jurnalist və “Perevodika” teleqram kanalının müəllifi İlya Qonçarov britaniyalıların niyə Liz Trasın öz səlahiyyətlərinin öhdəsindən hətta Boris Consondan pis gəldiyini düşünmələri haqda danışır.

Toplum Tv çəqalələri tərcümə edərək ixtisarla oxucularına təqdim edir.

Liz Trass 2022-ci ilə qədər kim olub?

Baş nazir olana qədər təkcə Böyük Britaniyada deyil, onun hüdudlarından kənarda da tanınmış siyasətçi olan Boris Consondan fərqli olaraq, Liz Tras 2012-ci ildən önəmli dövlət vəzifələri tutmasına baxmayaraq, hətta həmvətənlərinə də yaxşı tanış deyildi.

2022-ci il seçkilərindən öncə belə britanıyalılar Trası əməlli tanımırdılar: iyulda “Eastern Daily Press” nəşrinin jirnalisti onun şəklini yerli bazara gələnlərə göstərərək tanıyıb-tanımadıqlarını soruşmuşdu. Otuz nəfərdən yalnız doqquzu şəkildəkinin Liz Tras olduğunu söyləmişdi.

Buna baxmayaraq, gələcək baş nazirin karyerası həqiqətən başdöndürücü alınıb. Oksfordun 26 yaşlı məzunu “Shell” və “Cable & Wireless” şirkətlərində mühasib işləyəndən sonra 2001-ci ildə Hemsfort dairəsindən, 2005-ci ildə Kalder-Vallidən (hər ikisi Qərbi Yorkşirdədir)  parlamentə düşməyə cəhd etdi. Hər iki cəhd uğursuz oldu, amma Tras siyasi ambisiyalarından vaz keçmədi. O, siyasətə başqa yolla daxil olmaq qərarına gəldi: bir qədər aşağı düşdü və 2006-cı ildə Londonun Qrinviç rayonunun bələdiyyə şurasına seçildi. Tras parlamenti 2010-cu ildə fəth etdi, 1997-ci ildən burada çoxluğa malik olan Leyboristlərə qalib gələn Devid Kameronun komanda üzvü kimi.

Tras 2012-ci ildən hökumətdə işləməyə başlayıb, ötən 10 il ərzində bir neçə önəmli vəzifələr tutub, heç yerdə də çox dayanmayıb. Tereza Mey hökumətində 2016-2017-ci illərdə ədliyyə naziri işləməyə macal tapdı və Böyük Britaniya tarixində bu vəzifəni tutan ilk qadın oldu.

Mühafizəkarların 2019-cu il seçkilərində qələbəsindən sonra o vaxt yeni baş nazir olan Boris Conson Trassı xarici ticarət naziri təyin etdi. Nəhayət, 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər Britaniya XİN-ə rəhbərlik etdi, Ukraynada müharibənin başlamasına iki həftə qalarkən bu statusda Rusiyaya baş çəkdi.

Jurnaistlər Liz Trasın Marqaret Tetçerə oxşamaq istəməsi meylini qeyd edirdilər. “Dəmir ledi” Qərbi Almaniya ziyarəti zamanı tanka minmişdi, Tras isə Estoniya səfəri zamanı tankda gəzdi. Tetçer bantlı ağ bluza geyinirdi, Tras da eynisini geyinir.

Açıq mənbələrdən götürülüb

Liz Trass rəhbərliyə sədaqəti ilə seçilir: 2022-ci ilin yayındakı siyasi böhran zamanı Boris Consonu bir-birinin ardınca 50 partiyadaşı tərk edəndə, o, “toksik” baş nazirlə sona qədər qaldı. Amma tənqidçilər onun başqa mühüm məsələlərdə belə prinsipiallığı ilə fərqlənmədiyini qeyd edirlər. Məsələn, 2016-cı il referendumuna az qalarkən asanlıqla Breksit əleyhdarından tərəfdarına çevrildi, o zaman torilərin lideri olan Devid Kameron kimi.

Tras necə baş nazir oldu?

Baş nazirlərin əksəriyyətindən fərqli olaraq, o, ölkədəki ən yüksək siyasi postu parlament seçkilərinin deyil, partiyadaxili səsvermənin nəticəsində tutdu.  Prosesdə partiyanın 140 minə yaxın üzvü iştirak edirdi, bu da Britaniya seçicilərinin ümumi sayının 1 faizindən azdır. Bu səsvermə baş nazir və Mühafizəkarların lideri Boris Conson bir sıra siyasi qalmaqallardan sonra ictimai basqıya tab gətirməyərək iyulda istefa verdiyinə görə keçirilirdi.

Parlamentdə çoxluğu qoruyan Mühafizəkarlar Partiyası təcili şəkildə yeni liderini seçməli idi: o da boşalan baş nazir kreslosunu tutmalı və parlament müddəti bitənə qədər oturmalı idi.

Baş nazir kreslosu uğrunda əsas mübarizə iki namizəd – Liz Tras və keçmiş maliyyə naziri Rişi Sunak – arasında getdi. Onların diskussiya mövzusu əsasən maliyyə idi. Tras azad bazar tərəfdarı statusunu təsdiqləyərək hökumətin biznes həyatını yüngülləşdirməsində və vergiləri azaltmasında israr edirdi. Sunak, əksinə, vergilərin azalmasının əleyhinə və iqtisadiyyatda dövlət iştirakının artmasının lehinə idi. Faktiki olaraq, bu, “reyqanomika” və “dayə dövlət” arasında mübarizə idi və bu zaman ikincinin şansı əvvəldən az idi. Çünki səs verənlər mühafizəkarlar idi, onlar isə sosialist ritorikasına şübhə ilə yanaşırlar. Nəticədə partiya üzvlərinin 57 faizi Liz Trassa səs verdi.

Qaydasında getməyən nədir?

2022-ci il sentyabrın 6-da Baş nazir olan Liz Tras özünün köhnə fikirdaşı Kvazi Kvartenqi xəzinədarlığın rəhbəri (maliyyə naziri) təyin etdi. O da sentyabrın 23-də vəd olunduğu kimi, Britaniya iqtisadiyyatını canlandıracaq “Artım planı 2022” adlı irimiqyaslı islahatlar haqqında elan verdi. Söhbət Trasın da bəyəndiyi, illik iqtisadi artımın 2,6 faizə qədər yüksəlməsini nəzərdə tutan plandan gedir.

Canlanma həqiqətən də baş verdi, amma hökumətdəkilərin istədiyi kimi yox. Milli iqtisadiyyat titrətməyə başladı, çünki plan həm əhali üçün sosial yardım tədbirlərini, həm də son onilliklərdə ən əhəmiyyətli vergi azaldılmasını nəzərdə tuturdu, amma alınacaq borcların dövlət borcuna necə təsir edəcəyini açıqlamırdı.

Kvartenq təklif edirdi:

  • Gəlir vergisinin baza hissəsini 20-dən 19 faizə endirmək;

  • Korporativ vergini azaltmaq;

  • Bank bonuslarına bütün məhdudiyyətləri götürmək;

  • İldə 150 mindən çox qazananlar üçün gəlir vergisinin yüksək həddini (45%) ləğv etmək;

  • “Stamp Duty” dəhlizini iki dəfə artırmaq;

  • Əhali üçün elektrik enerjisi hesablarını iki illik dondurmaq;

  • 2023-cü ildən tətbiq edilməsi planlaşdırılan, milli sığorta ödənişlərindən əlavə hər insanın gəlirindən səhiyyə üçün 1,25% həcmində yığımın (Health and Social Care Levy) ləğvi.

Bu plan, ilk növbədə, əsasən zənginlərin xeyrinə olduğu üçün britaniyalılarda hiddət doğurdu. İkincisi, şübhə yaratdı: planı gerçəkləşdirmək üçün pul tapmaq lazım idi, bu isə dövlət borcunun artmasına səbəb olacaqdı. Üçüncüsü, Kvartenqin məlumatında tədbirlərin dövlət büdcəsinə təsiri barədə heç bir müstəqil təhlil yox idi. Dördüncüsü, vergilərin azaldılması 45 milyard funt həcmində pulu sərbəst buraxacaqdı.

Bazar uyğun şəkildə reaksiya verdi: funt dollara nisbətdə tarixi minimuma endi, dövlət istiqrazları üzrə gəlir tələbləri artdı – borc pullar bahalaşdı. Bu, ipoteka bazarında dərhal sözünü dedi, sayılı günlər ərzində ucuz təkliflər yoxa çıxdı: əgər plan elan olunana qədər ikiillik plan üzrə orta təklif 4,7% (yeni kreditlərə) idisə, sonrakı günlər 6 faizə qalxdı (doğrudur, burada İngiltərə bankının faiz dərəcəsi bazasını qaldırmasının da rolu oldu, tək Kvartenqi qınamaq ədalətsiz olardı).

Sentyabrın 28-də İngiltərə bankı bazarı sabitləşdirmək və zərbə altına düşmüş özəl pensiya fondlarını qorumaq üçün təcili müdaxilə edərək milyardlarla dollar həcmində uzunmüddətli dövlət istiqrazlarını aldı. Kvartenqin planını təkcə ekspertlər, KİV və rəqib partiyalar deyil, torilərin özləri də tənqid etdilər. Parlamentin bir neçə mühafizəkar üzvü paketi dəstəkləməyəcəklərini elan etdilər və hətta qeyri-formal şəkildə  nazirə istefa verməyi məsləhət gördülər.

Nəhayət, paket xaricdə də narazılıqla qarşılandı: Beynəlxalq Valyuta Fondu da onu tənqid etdi və bildirdi ki, plan vəd olunan nəticələri verməyəcək, əvəzində İngiltərə bankının inflyasiya ilə mübarizəsini çətinləşdirəcək.

Kvartenq və Trasın təklif etdikləri dəyişikliklər ani siyasi itkilərə səbəb oldu: 13 oktyabrda keçirilən sorğuların nəticələrinə görə, Leyboristlər partiyası populyarlıq baxımından xeyli müddətdə ilk dəfə Mühafizəkarları qabaqlayıb (23% torilər, 51% leyboristlər). Əlbəttə, bu, partiya üzvlərinin xoşuna gələ bilməz, hətta bir-iki ay əvvəl Trasa səs verənlərin də.

Hərtərəfli təzyiqlər üzündən Liz Trass hökuməti artım planından imtina etməli oldu. Oktyabrın 14-də öz dostu və həmfikiri Kvazi Kvartenqi işdən çıxardı, onun əvəzinə nüfuzlu tori Ceremi Hantı xəzinədarlığın rəhbəri təyin etdi. Beləliklə, Tras bütün ölkənin dediyini dolayısı ilə etiraf etdi: plan pis idi.

The Guardian

Anons olunan bütün islahatlar dayandırılacaq, korporativ plan isə, son xəbərlərə görə, hətta qaldırılacaq – 19-dan 25 faizə. Elektrik enerjisi hesabları isə iki il deyil, altı aylıq dondurulacaq.

Bütün bunların sonunda Tras hökumətin mövqeyini ictimaiyyətə çatdırmaq vəzifəsinin öhdəsindən də gəlmədi. Kvartenq uzaqlaşdırılan gün səkkiz dəqiqəlik mətbuat konfransı keçirdi, cəmi dörd suala cavab verdi və heç nəyi normal izah etmədi. Ceremi Hant əlavə izahatlar verməli oldu.

Oktyabrın 17-də Tras iqtisadiyyatın gələcəyindən danışmağı tələb edən leyboristlərin qarşısında çıxışdan imtina etdi.  Baş nazir parlament üzvləri deyən kimi onların qarşısında çıxış etməli deyil. Amma yaranmış vəziyyətdə bunu cavabdan yayınmaq kimi qiymətləndirməmək çətindir.

Trasın sonrakı taleyi

Bu məqalə “Meduza.io” nəşrində yayımlanandan bir gün sonra Liz Tras istefa verdi. O, cəmi 45 gün vəzifədə qalmaqla Böyük Britaniyanın ən qısa müddətli Baş naziri kimi tarixə düşüb.

Tras istefası barədə çıxışına “böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə” vəzifəyə gəldiyini söyləməklə başlayıb.

O, Britaniyada “çox uzun müddətdir ki, aşağı iqtisadi artım olduğunu”, partiyası tərəfindən bunu dəyişdirmək mandatı ilə seçildiyini deyib.

Bununla belə, Tras etiraf edib ki, artıq Mühafizəkarlar Partiyası tərəfindən seçildiyi mandatı yerinə yetirə bilməyəcək.

O, növbəti baş nazir seçilənə qədər Baş nazir vəzifəsində qalacağını bildirib. (Toplum.tv)

Tərcümə: Yadigar Sadıqlı

Tacxeber.az

Oxşar xəbərlər