• 27 İyul 2024 07:24

Trasın istefası ilə bağlı diqqət çəkən ŞOK DETALLAR – Gizlində baş verənlər…

Trasın istefası ilə bağlı diqqət çəkən ŞOK DETALLAR – Gizlində baş verənlər…

İngiltərənin əfsanəvi “Dəmir Ledi”si Marqaret Tetçerin “siyasi reinkarnasiyası” olduğu iddiası ilə Mühafizəkarlar Partiyasının lideri olmuş Liz Tras 6 həftə sonra həm bu vəzifədən, həm də baş nazir postundan istefa verdiyini açıqlayıb.

Beləliklə, Tras Britaniya parlamentinin 300 illik tarixində ən qısa müddət vəzifədə olan baş nazir kimi tarixə düşdü.

Tacxeber.az “Hürriyet”ə istinadla xəbər verir ki, Trasın bu postda qısa ömür sürməsinin səbəbi hökumətin iqtisadi siyasətini kökündən dəyişmək qərarıdır. Kütləvi vergi endirimlərini elan edən Tras, yaranan boşluğu necə aradan qaldıracağına dair inandırıcı cavab verə bilmədi. Bazarlarda inamsızlıq yaradan bu vəziyyət Trasın öz partiyasında deputatların dəstəyini itirməsinə səbəb olub. Beləliklə, Trasın 6 sual və cavabla vidalaşma fonuna daha yaxından nəzər saldıq.

1) Trasa dəstək niyə bu qədər azalmışdı?
“YouGov” araşdırma firmasının sorğusuna əsasən, 45 günlük hakimiyyətinin son günlərində Trasın Britaniya ictimaiyyəti arasında xalis populyarlığı -70 faizə düşüb (Bəli, düz oxudunuz, mənfi 70).

Trasın baş nazirliyi böyük bədbəxtliklə – Kraliça II Elizabətin ölümü və hakimiyyətinin ilk iki həftəsi matəmlə başladı.

Lakin Liz Trasın süqutu həqiqətən sentyabrın 23-də başladı. Maliyyə naziri Kvasi Kvartenqin heç bir xəbərdarlıq edilmədən iqtisadi siyasətdə çox mühüm dəyişikliklərin ediləcəyini açıqlaması, ölkədə zəlzələ effekti yaratdı. Kvartenq böyük şirkətlər üçün vergilərdə ciddi azalmalar olacağını elan etdi. Lakin o, vergilərin azaldılmasının xəzinədəki boşluğu necə aradan qaldıracağını açıqlamadı.

Bu açıqlamadan sonra sterlinqin dəyərində ciddi ucuzlaşma müşahidə olundu. Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini artırdı, ipoteka kreditləri üzrə faiz dərəcələri artdı. Tarixinin ən yüksək inflyasiya göstəricilərindən birinə çatan ölkədə yaşayış minimumu artdı.

Beləliklə, Mühafizəkarlar birdən-birə yalnız maliyyə elitasının maraqlarını təmsil edən partiyaya çevrildi.

Sonrakı günlərdə Trasın demək olar ki, heç bir açıqlama verməməsi, onun haqqında “masanın altında gizlənən tras” imicinin xalqın gözündə canlanmasına səbəb olub.

2) Trasın yaxın ətrafından neçə nəfər istefa verib və ya vəzifəsindən azad edilib?

Böyük Britaniya son bir həftə ərzində üç kritik mövqe dəyişikliyinin şahidi olub. Nazirlər Kabinetinin yüksək səviyyəli nazirlərinin yarısı elə həmin həftə getdi.

Əvvəlcə Trasın uzun müddətdir siyasi müttəfiqi olan Kvartenq vidalaşdı. Tras oktyabrın 14-də işdən çıxarılan Kvartenqin yerinə Ceremi Hantı təyin etdi. (Hant dörd ayda Britaniyanın dördüncü maliyyə naziri oldu.) Kvartenqin fəlakətli “mini-büdcə” elanından sonra bazarların reaksiyasına diqqət çəkən Trasın növbəti əvəzetmə qərarı təəccüblü olmadı.

Daha sonra oktyabrın 19-da daxili işlər naziri Suella Braverman istefa verdi.


Sanki İngiltərənin 4 böyük nazirliyindən ikisində dəyişiklik kifayət deyilmiş kimi, oktyabrın 19-da gündəmdə daha bir “partlayış” baş verdi. Xanım baş nazirin baş müşaviri Ceysın Stayın Mühafizəkar millət vəkilləri haqqında mətbuata tənqidi açıqlamalar verdiyi üzə çıxdıqdan sonra işdən çıxarıldı.

3) Şist qazı mədənçiliyinin Trasın etimadını itirməsi ilə nə əlaqəsi var?
Trasın istefasından əvvəlki sonuncu gün çox şist qazı hasilatı səsverməsi ilə keçdi.
Hökumətə siyasi zərbə vurmaq şansı qazanan müxalifətdəki Leyboristlər Partiyası oktyabrın 19-da mühafizəkarlar arasında mübahisəli məsələ olan şist qazının çıxarılmasını qadağan edən qanun layihəsini parlamentin gündəliyinə çıxardı.

Leyboristlər Partiyasının ilkin münasibəti bu təklifə səsverməni Trasa qarşı çevirmək olub. Mühafizəkar millət vəkillərinə Leyboristlər Partiyasının təklifinin əleyhinə səs verməyən hər kəsin partiyadan xaric edilə biləcəyi ilə bağlı deyilənlər xaosa səbəb oldu.

İngiltərənin “Teleqraf” qəzetinin təbirincə desək, “mühafizəkar deputatlar səsvermə günü hökuməti dəstəkləmək üçün parlament zalına aparılıb”.

Tras da daxil olmaqla 40 Tori (Mühafizəkarlar) deputatı bitərəf qalıb. Səsvermə zamanı bəzi deputatların göz yaşı tökməsi diqqət çəkib.

4) İstefadan saatlar əvvəl nələr olub?
“The Guardian” qəzeti Liz Trasın istefasından əvvəlki dəqiqələri diqqətlə araşdırıb. Qəzet yazır ki, hər şey partiyanın ən güclü orqanı olan Mühafizəkar Şəxsi Üzvlər Komitəsinin sədri Qrem Bredinin oktyabrın 20-də səhər saat 11:40-da Baş nazirlik binasına daxil olması ilə başlayıb.
Rəsmi açıqlamada görüş tələbinin Trasdan gəldiyi bildirilsə də, buna heç kim inanmır.

Bredinin Trasa nə dediyi dəqiq bilinmir, amma mesaj aydın idi: “Siz həddən artıq çox deputatın etibarını itirmisiniz və öz istəyinizlə getməsəniz, qovulacaqsınız”.

Saat 12:30-da Tras hökumətinin səhiyyə naziri, baş nazirin müavini və yaxın dostu Tereza Koffi Baş nazirlik binasına gəlib. Bir neçə dəqiqə sonra Mühafizəkarlar Partiyasının sədri Ceyk Berri telefonla ciddi sifətlə danışaraq içəri daxil olub.

Bir saat keçməmiş qara uniformalı heyət tribunanı Trasın danışacağı qapının qarşısına qoyanda nə baş verəcəyi artıq bəlli idi.

Tras baş nazir olduqdan sonra eyni yerdə etdiyi ilk çıxışında tünd mavi kostyumu və azacıq təbəssümlə cəmi 200 söz söyləmişdi. O, istefa günü yenə eyni kostyumda kralla danışdığını, yeni baş nazirin bir həftə ərzində seçiləcəyini bildirdi və getdi. İki fotodakı görünüşü arasındakı yeganə fərq onun istefa günü yaxasına taxdığı sancaq idi.

5) İndi nə olacaq?
Daha iki il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası gələn həftə Trasın yerinə yeni liderini seçəcək. Bu şəxs həm də İngiltərənin yeni baş naziri olacaq. Əvvəllər bu proses kifayət qədər uzun çəkirdi, lakin qaydaların dəyişməsi ilə seçki bir həftə ərzində tamamlanacaq.

Xülasə, Böyük Britaniyanın yeni baş naziri oktyabrın 28-də açıqlanacaq.

6) Önə çıxan namizədlər kim ola bilər?
Partiyadakı çatlar çox dərin olduğundan, aşkar favoritdən danışmaq mümkün deyil. Bununla belə, görkəmli adlardan bəziləri bunlardır:
Rişi Sunak: Sunak iki ay əvvəl Trasın rəqibi idi. Onun Trasın iqtisadiyyatla bağlı verdiyi vədlərin nəticələri barədə mənfi proqnozlarnın hamısı doğru çıxdı.
Penni Mordaunt: Keçmiş Ticarət Naziri və İcmalar Palatasının lideri Mordaunt parlament iclasında Trasın yerinə kürsüyə çıxaraq “Baş nazir masanın altında gizlənməyib” deməsi, geniş müzakirələrə səbəb olmuşdu. Üstəlik, üzvlərin də sevimli namizədi olan Mordaunt Kral Donanmasında ehtiyatda olan zabitdir və qısa müddət ərzində müdafiə naziri vəzifəsində çalışıb.
Kemi Badenok: Yayda aparılan sorğular göstərdi ki, 59 deputatın dəstəyi ilə liderlik yarışında dördüncü yeri tutan Badenok partiya üzvləri tərəfindən çox bəyənilib.
Boris Conson: Onun tərəfdarları iddia edirlər ki, bir neçə ay əvvəl bir sıra qalmaqallardan sonra istefaya getməli olan Conson “birlik namizədi” kimi ölkəyə sabitlik gətirə bilər.
Əslində, Conson istefa nitqində qayıdacağı mesajını vermişdi. Bununla belə, Consonun 100 təmsilçi baryerini keçməsi ehtimalına şübhə ilə yanaşılır.
Qrant Şapps: Əvvəlki liderlik seçkilərində də namizəd olan Şappsın Tras hökumətini açıq şəkildə tənqid etməsi ona dəstəyi artırmış ola bilər.
Əvvəlki seçkilərin beşincisi olan Tom Tuqendat sürpriz ad olaraq seçilə bilər. “Birlik” namizədi kimi əvvəlki baş nazirlərdən biri olan Tereza Meyin də adı çəkilir.

Tacxeber.az

Oxşar xəbərlər