• 18 May 2024 07:16

20 min “hörmət” elədim, qüsurları aradan qaldırdı – Səlim Müslümovun məhkəməsində şahid

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Tacxeber.az“trend”-ə istinadla məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Abbas Əsgərov bildirib ki, Mingəçevir şəhərində özünə məxsus evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb.

“Dedilər ki əlillər üçün ev alırıq. Evi 35 min manata razılaşdıq. Amma müqavilədə 46 min 500 manata rəsmiləşdirdilər”,-şahid deyib.

Prosesdə ifadə verən digər şahid Nigar İsmayılova isə bildirib ki, “Talalı”MMC-nin direktoru olub:

“Şirkət mənim adıma idi. Mən xəstə olduğuma görə şirkəti yoldaşım idarə edirdi. Qazax rayonunda iki ev tikmişik. Evin tikintisi ilə bağlı sənədləşmələrə qol çəkmişəm. Yoldaşım evdə telefonda danışanda bilmişəm ki, pulun bir hissəsini Natiq Əzizova verib. Mən özüm Natiqi görməmişəm”.
Digər şahid Nazim Hüseynov bildirib ki, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. Əvvəllər DSMF-də sektor müdirinin müavini olub.
“DSMF-də müdir müavini işləyirdim. Yoxlama gəlmişdi, nöqsanlar aşkarlandı. Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm, 8 min manat verdim, işimi düzdü-qoşdu. Bakıda bir yerdə görüşdük, parkda 8 min manat verdim, həll eıədi”.

Müşviq Əliyev bildirib ki, “Mühəndis-1″MMC-nin təsisçisi olub: ” Nicat Mirzəyev adlı polis əməkdaşı mənə dedi ki, şirkəti var, ora məni rəhbər təyin etmək istəyir. Mən də razılaşdım. İki dəfə mənə pul verdi, 500 manat bir, 300 manat bir alıb iki dəfə sənədə qol çəkmişəm. Sonradan bildim ki, Astara rayonunda 2 ev tikib, əmin evlərə görə mən qol çəkdirib pul verib. Evləri Nicat Mirzəyev tikib. Mən banklardan pulu çıxarıb Nicata verirdim. Özüm Avtoservisdə çayxanada çay satırdım. İndi də həmin işlə məşğulam”.

Prosesdə ifadə verən digər şahid Qurban Kazımov isə deyib ki, sürücü işlədiyi halda adı şirkət rəhbəri kimi rəsmiləşdirilib.

“Mən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyevin sürücüsü işləyirdim. Onun oğlu Nicat Mirzəyev polisdə işləyirdi. O gəldi dedi ki, tikinti işləri ilə məşğuldur, məni “Şirvan-S” MMC-nin rəhbəri təyin etmək istəyir. Mən də razılaşdım. Nicat mənim adımla 2 ev tikib. Mənim başqa heç nədən xəbərim olmayıb. Nicat xəstəliyə yoluxdu, rəhmətə getdi. İstintaq məni çağıranda bildim ki, 16 min manat mənimsəmə oldu. İlqar müəllim həmin pulu verdi, aparıb ödədim”.

Digər şahid Əvəz Sadıqov isə deyib ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri işlədiyi dövrdə şöbənin fəaliyyəti yolanarkın nöqsanlar üzə çıxıb: “Bildim ki, işdən çıxaracaqlar. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarovla görüşdüm. Bir az hörmət elədim ki işçiləri işdən azad eləməsinlər. Buna görə Nizami müəllimə 10 min manat verdim. Bir az işçilərdən yığdım, özüm də kredit götürdüm, 10 min manat düzəltdim, Nizami müəllimə verdim. Pulu verəndən sonra nazirin əmri ilə bizə töhmət verilsə də, işdən çıxarılmadıq”.

Prosesdə ifadə verən şahid Novruz Çıraqov isə bildirdi ki 35 il dövlət qulluğunda işləyib.

” 2001-2011-ci illərdə Kəlbəcər rayon icra başçısının müavini olmuşam. 2016-cı ildən 2020-ci ilə qədər DSMF Kəlbəcər şöbəsinin müdiri təyin olunmuşam. Fəaliyyətim dövründə şöbəyə 2 dəfə yoxlama gəlib. Birinci yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vurub nazirliyə çağırdı. Getdim, dedi ki kömək lazımdı. Mən də çıxarıb 8 min manat verdim. Qorxdum ki o hörməti eləməsəm, işdən çıxaracaq. Ona görə də dedim idarənin tapşırığıdır, verməliyəm. Mən də çıxarıb pulu verdim. Bilirdim ki nəyə görə çağırıb,ona görə də hazırlıqlı getdim.
Sonra ikinci dəfə, 2018-ci ilin yanvarında yoxlama gəldi. Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Bildim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim. Biz Kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik. Ona görə də 10 min manat verdim”.
DSMF Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Zərifə Əzizova bildirib ki, 2008-ci ildən 2020-ci ilə kimi bu vəzifədə işləyib və Nizami Xanlarova “qonaq”kimi hörmət edib:

“Nizami Xanlarov yol keçəndə Yevlaxa gəldi, bizimlə salamlaşdı, söhbət elədi. Əvvəl yoxlama göndərdi, şöbənin yoxladılar. Yoxlama zamanı nöqsanlar aşkarlandı. Daha sonra Nizami Xanlarov məni Bakıya çağırdı, gəldim. Nizami müəllimə 20 min manat “hörmət” elədim, bütün çatışmazlıqları aradan qaldırdı. Nəticədə mənə hörmətli nazirimiz Səlim Müslümovun əmri ilə töhmət verildi”.

prosesdə ifadə verən Azad Şərifov isə bildirib ki, əvvəlcə DSMF-nin Gəncə şöbəsində rəis müavini, sonra isə Şəmkir rayon şöbəsində rəis işləyib.
“2017-ci ildə yoxlama gəldi, bir neçə nöqsanlar aşkarlandı. Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 20 min manat təklif elədim. Bilirdim ki Səlim Müslümov ciddi adamdı, pul götürməyəcək və səhvi bağışlamayacaq. Nizami müəllimə yalvardım-yaxardım ki, işi yoluna qoysun. O da işi düzdü-qoşdu, məni işdən çıxarmadılar. Cənab nazir töhmət verdi, vəssalam”.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Tacxeber.az

Oxşar xəbərlər