• 02 Mart 2024 21:01

Akşata Murti: “Rişi qısqanc idi, amma ona qəlbimi ovlamağa izn verdim…”

Akşata Murti: “Rişi qısqanc idi, amma ona qəlbimi ovlamağa izn verdim…”

Dünəndən etibarən dünya mediasının gündəmində olan əsas personanın bu gün Böyük Britaniyanın Baş naziri təyin ediləcək Rişi Sunak olduğunu desək, yanılmarıq. Əslində isə ona maraq bir qədər də erkən – 5 iyul 2022-ci ildə Boris Conson hökumətində tutduğu maliyyə naziri postundan istefa verməsindən sonra yaranıb. Cənab Conson istefa verdikdən sonra Mühafizəkarlar Partiyasında seçkinin favoriti olan, iki dəfə seçimin qalib olan Sunakın baş nazir seçiləcəyi gözlənilsə də son mərhələdə sıravi mühafizəkarların Liz Trasa üstünlük verdikləri məlum olmuşdu. Heç kimin gözləmədiyi halda Sunak yenidən Britaniya Baş naziri kürsüsünə əyləşir.

Rişi Sunakla yanaşı onun həyat yoldaşı Akşata Murti də bu günlərdə Britaniya və dünya mediasının diqqət mərkəzindədir.

Tacxeber.az xanım Murti ilə bağlı hazırladığı yazını təqdim edir.

Erkən həyat və təhsil

Akşata Murti 1980-ci ilin aprelində Hindistanın cənub-qərbində yerləşən Karnataka ştatının Hubli şəhərində anadan olub. Onun atası Narayana Murti hindistanlı sahibkar, “Infosys” transmilli korporasiyasının həmtəsisçisidir. Anası Sudha Murti yazıçıdır. Ata-ana öz texnologiya şirkətləri olan “Infosys”i işə salmaq üçün çalışdıqları üçün Akşata ata tərəfdən nənə və babası tərəfindən böyüdülüb.

Onun atası tez-tez “Hindistan IT sektorunun atası” kimi təsvir edilir (o cümlədən 2007-ci ildə “Time” jurnalı onu autsorsinqin inkişafına verdiyi töhfəyə görə Hindistanın IT sənayesinin atası adlandırıb) və orta təbəqədən gəlir. Naryana Murti qeyd edir ki, kommunizmin intişar tapdığı dövrdə – 1974-cü ildə Yuqoslaviya ilə Bolqarıstan arasındakı sərhəd qəsəbəsində heç bir əsaslı səbəb olmadan həbs olunaraq qovulması onu “çaşqın solçu/kommunist”dən “mərhəmətli kapitalist”ə çevirib və onu “Infosys”i yaratmağa vadar edib.

Anası yazıçı olmasına baxmayaraq ixtisasca mühəndisdir. O, Hindistanın ən böyük avtomobil istehsalçısı üçün işləyən ilk qadın mühəndis olub, hazırda xeyriyyəçiliklə məşğuldur.

Akşata haqda yazılır ki, o, Karnataka ştatının paytaxtı Banqalor şəhərinin ətrafındakı Cayanaqarda ailə dəyərlərini nəzakətdə saxlamaq üçün ad günü şənlikləri və ya çoxlu cib xərcliyi olmadan nisbətən sadə bir orta təbəqə tərbiyəsi görüb.

Akşata Murti Banqalorda yerləşən Baldvin Ali Qızlar Məktəbində, daha sonra Kaliforniyadakı Klaremont Makkenna Kollecində iqtisadiyyat və fransız dilini öyrənib. O, Moda Dizayn və Ticarət İnstitutundan (Fashion Institute of Design and Merchandising) paltar istehsalı üzrə diploma və Stenford Universitetindən Biznesin İdarəetmə Magistr (MBA) dərəcəsinə malikdir.

Akşatanın bir qardaşı var. Rohan Murti Harvard Universitetinin məzunudur.

Karyera və investisiyalar

2007-ci ildə Murti marketinq direktoru kimi Hollandiyanın təmiz texnologiya firması “Tendris”ə qatılır və burada iki il işləyir. Sonra isə öz moda firmasını yaratmaq üçün ayrılır. Onun dəb leybli 2012-ci ildə bağlanır. 2013-cü ildə “Catamaran Ventures” vençur fondunun direktoru olur.

O, əri Rişi Sunak ilə birlikdə atası Narayana Murtiyə məxsus olan Hindistan firmasının London filialını qurur, onlar birlikdə firmanın həmtəsisçisi olur. Sunak 2015-ci ildə Riçmonddan Mühafizəkarlar Partiyasından deputat seçilməzdən qısa müddət əvvəl səhmlərini həyat yoldaşının adına köçürür.

O, 2015-ci ildən atasının “Infosys” texnologiya firmasının 0,91 və ya 0,93 fazi payına sahibdir. Bu payın 2022-ci ilin aprelində təxminən 700 milyon funt-sterlinq dəyərində qiymətləndirilib. Bundan əlavə Akşata Ceymi Oliverin Hindistandakı iki restoran biznesində – “Wendy’s in India”, “Koro Kids and Digme Fitness” restoran biznesində iştirak edir. Akşata “Digme Fitness”in və həmtəsisçisi qardaşı Rohan Murti olan “Soroco” IT kompaniyasının Böyük Britaniyadakı törəmə şirkətinin direktorudur.

Şəxsi həyat

Murti Hindistan vətəndaşıdır. Stenfordda o, nüfuzlu Fulbrayt proqramı təqaüdü qazanmış Sunakla tanış olur. Tanışlıqdan dörd il sonra – 2009-cu ilin avqustunda Murti Rişi Sunaka ərə gedir. Onların toyu Karnataka ştatının paytaxı Benqalor şəhərində baş tutur. İkigünlük mərasimdə Hindistan əyiricisi Anil Kambla və milli kriket komandasının keçmiş kapitanı Rahul Dravidin ailəsi də daxil olmaqla, krallıq mənsubları da iştirak edir. Murti və Sunak cütlüyünün Anuşka və Krişna adlı iki qızı var.

Akşata Murti gələcək həyat yoldaşı haqda bir dəfə bunları demişdi: “Tanışlığımızın ilk aylarında Rişi bir az kədərli və qısqanc təsiri bağışlayırdı. Ancaq onu daha yaxından tanıyanda onun təsvir etdiyim hər şeyə malik olduğunu gördüm. O, parlaq, yaraşıqlı və ən əsası dürüstdür. Buna görə də ona qəlbimi ovlamağa izn verdim”.

Kraliçadan daha zəngin

Onlar Şimali Yorkşirin Kirbi Siqston kəndində Kirbi Siqston malikanəsinə, eləcə də Londonun mərkəzində Erls-Kortda bir evə, Cənubi Kensinqtondakı Old Brompton-roudda mənzilə və Santa-Monikada Ouşen prospektində (Kaliforniya ştatı) penthaus mənzilə sahibdirlər. 2022-ci ilin aprelində Murti və Sunakın Dauninq-strit 11-dən Qərbi Londonda yeni təmir edilmiş evə köçdükləri bildirilib.

Bu ilin aprelində Britaniyanın “The Guardian” qəzetində dərc olunan məqalədə bildirilir ki, 42 yaşlı Murti milyarder atası tərəfindən qurulan “Infosys”in səhmlərində 690 milyon funt-sterlinq dəyərində sərvətə malikdir. Bu, onu təxminən 365 milyon funt sterlinqə sahib olan Kraliçadan (o vaxt sağ olan II Elizabet nəzərdə tutulur) qat-qat zəngin edir və demək olar ki, bir o qədər çox evə sahibdir.

2022-ci ilin aprelində bildirildi ki, Akşata Murti Birləşmiş Krallıqda daimi yaşayış yeri olmayan rezidentidir və bu, ona illik 30 000 funt sterlinq ödəmə şərti ilə Britaniyadan kənarda əldə etdiyi gəlirdən vergi ödəməmək hüququ verir. Murti bəyan etdi ki, daimi yaşayış yeri olmayan statusunu saxlayacaq, lakin könüllü olaraq bütün dünya üzrə gəlirinə görə Böyük Britaniya vergisini ödəyəcək.

“The Guardian”da dərc olunan məqalədə o da bildirilirdi ki, son doqquz il Böyük Britaniyada yaşamasına baxmayaraq, Murti daimi yaşayış yeri olmayan rezident statusuna iddia edir və bu ona xaricdən IT sərvətindən dividend olaraq topladığı 11,5 milyon funt-sterlinq illik vergidən yayınmağa imkan verir.

Tacxeber.az

Oxşar xəbərlər