• 26 Dekabr 2024 15:28

Rişi Sunak Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. Bu o deməkdir ki, o, tezliklə Böyük Britaniyanın baş naziri olacaq. 

“Radio Svoboda” xəbər verir ki, Sunak İcmalar Palatasında mühafizəkar deputatların əksəriyyətinin dəstəyini qazanıb. Onun rəqibi, İcmalar Palatasındakı Mühafizəkarların lideri Penni Mordaunt yarışdan çıxdığını elan edib. Sunak iki aydan az müddətdə vəzifədə olan Liz Trasın yerinə keçəcək.

42 yaşlı Rişi Sunak həmçinin əslən Cənubi Asiyadan olan ilk Britaniya baş naziri olacaq. Onun tibb və əczaçılıq sahələrində çalışan hindli valideynləri 1960-cı illərdə Şərqi Afrikadan Böyük Britaniyaya mühacirət ediblər. Sunak prestijli özəl məktəbdə oxuyub, daha sonra Oksford və Stenfordda təhsil alıb.  Həmçinin orada gələcək həyat yoldaşı, hindli milyarderin qızı Akşata Murti ilə tanış olub. Universiteti bitirdikdən sonra Sunak “Goldman Sachs” investisiya bankında işləyib. İndi cütlük ən varlı britaniyalılar reytinqində 222-ci yerdə qərarlaşıblar. Onların iki qızı var.

2015-ci ildə Sunak İcmalar Palatasına deputat seçilib. Sonra daha iki dəfə – 2017 və 2019-cu illərdə yenidən seçilib. 2016-cı ildə Sunak Breksit – Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının lehinə səs verib. 2019-cu ildə o, Tereza Meyin istefasından sonra Böyük Britaniyanın baş naziri kürsüsü uğrunda apardığı mübarizədə Boris Consonu dəstəkləyib. Consonun qələbəsindən sonra Sunak Böyük Britaniyanın Maliyyə Nazirliyinin baş katibi vəzifəsinə təyin edilib və 2020-ci ilin fevralından bu nazirliyə rəhbərlik edib.

Xəzinə Başçısı kimi Sunakın Böyük Britaniyanı COVID-19 pandemiyasından uğurla keçirdiyi, bağlanan restoran sahiblərinə pul dəstəyi təmin etdiyi və iş yerlərini xilas etdiyi bildirilir. 2022-ci ilin iyulunda o, Boris Consonun iqtisadi siyasəti ilə razılaşmadığı üçün istefa vermişdi. Sunakın tənqidçiləri onun gedişinin Conson hökumətinin dağılmasının səbəblərindən biri olduğunu iddia edirlər.

Onun tərəfdarları üçün Sunak iqtisadiyyatın sükanında möhkəm əlin təcəssümüdür. Sunak, 2022-ci ilin sentyabrında vəzifəyə başlamazdan əvvəl Liz Trasın iqtisadi islahatlarını “nağıl” adlandırmışdı və sonradan bu islahatlar nəticəsində yaranan iqtisadi böhranı düzgün proqnozlaşdırmışdı.

Oktyabrın 20-də Böyük Britaniyanın baş naziri və ölkənin Mühafizəkarlar Partiyasının rəhbəri Liz Tras istefa verib. O, Baş nazir kimi vəzifələrinin öhdəsindən gələ  bilmədiyini etiraf edib. (Toplum.tv)

Tacxeber.az

Oxşar xəbərlər