Əli İnsanovun qorxusu – Azərbaycanda ifrat millətçilik…
“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. Bu, yaxşı göstərici deyil”. Bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib. O bildirib ki, hər partiyanın öz həqiqəti var: “Lakin həqiqət birdir. Yəni Azərbaycanda aktiv siyasətlə məşğul olan şəxslər 60 yerə parçalanıb. Bu siyasi plüralizm deyil. Elə bunun nəticəsidir ki, milli birliyə nail ola bilmirik. Cəmiyyətimizdə radikallıq, qaragüruhçuluq meylləri var. Daha dəhşətli isə ifrat millətçiliyə, dini fanatizmə meylli insanlar var. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmasının qarşısını almaq mümkün deyil”.
“Şekspir deyirdi ki, dünya səhnədir, biz insanlar isə bu səhnədə oynayan aktyorlar. Mən çox istərdim ki, həm iqtidarda, həm də müxalifətdə olan bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu ancaq Azərbaycanın xeyrinə olsun”, – Ə.İnsanov qeyd edib.
AĞ Partiya başqanı Tural Abbaslı bu fikirlərlə razı deyil: “Əli İnsanovun dinləmələrdə çıxışını mən də izlədim. Düşünürəm ki, bu məsələ bir az şişirdilmiş formada təqdim olunub. Azərbaycanda nə ifrat millətçilik, nə də dindarlıq var. İfrat millətçilik olan ölkədə digər millətlərin nümayəndələri sıxışdırırlar, yaxud onlara hər hansı bir formada təzyiq olunar. Amma Azərbaycanda belə bir problem yoxdur. Kimsə kimdənsə hansı millətdən olmasını soruşmur. İfrat dini fanatizm anlayışı da yoxdur. Azərbaycan yeganə ölkələrdəndir ki, orada sünnilər və şiələr eyni məsciddə namaz qılırlar”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə diqqətçəkən fikirlər irəli sürdü: “”Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin keçirilən ictimai müzakirəsində iştirak edərək, çıxışımın sonunda bildirdim, qanun sərt formada qəbul olunmalıdır. Azərbaycanda normal fəaliyyət göstərən təxminən 18-20 partiya var. Yerdə qalanların böyük əksəriyyəti isə “bir sədri, bir möhürü olan partiyalar”dır. Nə seçkilərdə iştirak edirlər, nə də ki, mətbuatda dünyada, cəmiyyətdə gedən proseslərə fikir bildirirlər. Füzuliyə gedəndə birinci dəfədir ki, bu qədər partiya sədri gördüm. Soruşanda ki, partiya nə vaxt yaranıb, deyirdilər ki, 1993-95-ci illərdə. Demək olar ki, partiyalar 30 ilə yaxındır qeydiyyata alınıb, biz onları səfərə gedəndə gördük.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə sabiq nazirin fikirlərini bölüşmür: “Əli İnsanov uzun müddət Yeni Azərbaycan Partiyasının təmsilçisi olaraq nazir postu tutub. Əslində nazir postu siyasi vəzifə olsa da, biz bilirik ki, Azərbaycan siyasi reallığında nazirlər geniş anlamda siyasi fəaliyyətlə məşğul deyillər. Təmsil olunduqları siyasi camiənin icraçısı vəzifəsini həyata keçiriblər. Əli İnsanov da uzun müddət səhiyyə sisteminə rəhbərlik edib. Əslində siyasi partiya rəhbəri olaraq, siyasi düşərgədə yeni sima hesab olunur. Çünki həbsdən azad olunduqdan sonra siyasi partiya qurmaq istiqamətində fəaliyyət göstərib. Rəhbəri olduğu siyasi partiya da yeni qeydə alınıb. Bu baxımdan Azərbaycan siyasi arenasında yeni yaranmış siyasi təşkilatın rəhbəri hesab olunur. Bu mənada Əli İnsanovdan qəbul ediləcək siyasi partiyalarla bağlı qanunla sərtləşdirmə formasında milli birliyə nail olunacağı barədə onun dediklərini bölüşmürəm”.