“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la sabah səfərdə keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib. Mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
– Şəxsi, ümumi komanda planında sizin üçün müdafiə olunan komandaya qarşı oynamaq çətindir, yoxsa hücumda oynamağı sevən komandaya qarşı çıxış etmək? Çünki rəqibin turnir cədvəlindəki durumunu nəzərə alsaq, onlar mütləq hücumda oynamağı seçəcəklər.
– Deməzdim ki, hansısa daha asan və ya hansısa daha çətin olur. Bu, rəqibin hücumu hansı keyfiyyətdə yerinə yetirəcəyinə və ya hansı keyfiyyətdə müdafiə olunacağından asılıdır. Hər sistemin öz çətinlikləri var. Lakin belə böyük oyunlarda düşünmürəm ki, rəqib hücumda oynasa daha asan olar, yoxsa müdafiədə. Çünki rəqibin həm futbolçuları, həm də oyun üslubu keyfiyyətlidir. Xüsusən də öz meydanlarında oynayırlar. Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəməyimiz bəzən yalnış fikirlər yaradır. Amma bizim Bakıda çox çətinliklərimiz olmuşdu. Bundan əlavə əlbəttə ki, düşüncəmiz özümüzün daha çox hücum etməyimizdir. Şərait yaransa, biz bundan maksimum istifadə edəcəyik. Rəqib böyük potensialla hücuma keçsə, basqı yaratsa, biz əlbəttə ki, ehtiyatlı olmalıyıq. Hücumda olanda müdafiəni, müdafiədə olanda da hücumu düşünməliyik. Amma hər bir halda bu rəqibə qarşı nə müdafiədə, nə də hücumda oynamaq asandır. Lakin inanıram ki, futbolçularım bunu bacaracaqlar.
– Siz deyirsiniz ki, “Nant” güclü komandadır. Amma Bakıdakı hesaba baxanda 3:0 rahat qələbə kimi görünür. Sizə görə, bu matçın favoriti “Qarabağ” deyilmi?
– Əlbəttə ki, favorit olduğumuzu fikirləşmirəm. Mən rəqibə hörmətlə yanaşıram və gücünə bələdəm. “Nant”ın əvvəlki oyunlarına da baxmışam. “Frayburq”la matçda böyük hesabla məğlub oldular. Amma hesab 0:0 olanda da qol epizodlarında üstünlük “Nant”ın tərəfində idi. Bəlkə də bəxtləri gətirmədi. “Nant”ın buraxdığı qollar da bir az kobud səhvlərdən oldu. Həm də rəqibin heyətində çox bacarıqlı futbolçular var. Həm sürətli, həm də texnikalıdırlar. Sadəcə bəzən görürsən ki, hansısa komandanın bir müddət uğursuz seriyası olur. Amma “Nant”ın son oyunlarında çox böyük irəliləyiş, dəyişiklik var. Ümumiyyətlə, Avropa Liqası oyularında favorit olmur. Bu məğlubiyyətlər bizi aldatmalı deyil. Biz belə şeylərə çox ciddi yanaşırıq. (Qol.az)
Tacxeber.com