• 22 Noyabr 2024 18:24

MM sədri: Bakı və İrəvan arasında tezliklə…

MM sədri: Bakı və İrəvan arasında tezliklə…

Azərbaycan parlamentinin sədri Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına inanır.

Tacxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Səmərqənddə keçirilən payız sessiyasında iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində oktyabrın 27-də bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdə səsləndirib.

T.Narbayeva son illər iki ölkənin parlamentləri arasında əməkdaşlıq tempinin daha da sürətləndiyini vurğulayıb. O, mövcud imkanlardan daha fəal istifadə olunması, xüsusilə qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi və komitələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşdə gender bərabərliyi və ailə məsələləri, iki ölkənin regionları arasında praktiki dialoqun qurulması müzakirə olunub, T.Narbayevanın 2022-ci il iyunun 29-da Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilmiş Özbəkistan və Azərbaycanın qadın sahibkarlarının birinci biznes forumunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, ötən müddət ərzində Özbəkistan və Azərbaycanın sənaye, xidmət, kənd təsərrüfatı, sənətkarlıq sahələrində səmərəli fəaliyyət göstərən qadın sahibkarlarının iştirakı ilə bir sıra razılaşmalar əldə edilib.

Özbəkistan Ali Məclisi Senatının sədri söhbət zamanı ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, mədəni-humanitar və digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu vurğulayıb.

S.Qafarova xalqlarımızın ortaq dəyərləri bölüşməsindən, hər iki xalqın Türk dünyasının mühüm parçası olmasından danışıb. O, Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edib, bu səfərlər zamanı imzalanmış sənədlərin iki ölkə arasında strateji əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolundan danışan Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini məmnunluqla xatırladıb. S.Qafarova ölkəmizdə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiyinə görə Tənzilə Narbayevaya təşəkkürünü bildirib.

MM sədri söhbət zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə bölgədə yaranmış yeni reallıq barədə də danışıb. Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkəmiz bu Zəfər sayəsində öz ərazi bütövlüyünü bərpa edib. S.Qafarova bu haqq işində Özbəkistanın hər zaman Azərbaycanın yanında olduğuna görə həmkarına təşəkkür edib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda daimi sülh və sabitliyin bərqərar olmasına çalışır və bununla bağlı Ermənistana bir sıra təkliflərini verib. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərində sürətli bərpa və quruculuq işləri həyata keçirir. S.Qafarova Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistan dövlətinə bir daha minnətdarlığını bildirib.

Görüşdə Milli Məclisin spikeri tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına dərin inamını ifadə edib.

Tacxeber.az

Oxşar xəbərlər