• 22 Noyabr 2024 12:15

Azərbaycanda karantin müddəti niyə uzadıldı? – Mühüm açıqlama

Azərbaycanda karantin müddəti niyə uzadıldı?  - Mühüm açıqlama

Azərbaycanda karantin müddəti niyə uzadıldı? – Mühüm açıqlama


Azərbaycanda xüsusi karantin rejimi bu ilin sonuna kimi davam edəcək. Ötən gün baş nazir Əli Əsədovun imzaladığı sərəncamla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb. 

Son günlər ölkə üzrə yoluxma sayının kəskin azalmasını nəzərə alsaq, karantin rejiminin vaxtının uzadılması sual doğurur.

Karantin müddətinin uzadılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, karantin müddətinin uzadılması dünyadakı vəziyyətlə bağlıdır.

“Ümumdünya Səhiyyə Təşkilatı dünyaya koronavirus təhlükəsinin tamamilə bitdiyini elan etməyincə, Azərbaycan da daxil olmaqla, dünya ölkələri karantin müddətini uzadacaq. Axı, bu pandemiyadır və bir ölkəni əhatə etmir. Hansısa ölkədə yoluxma hallarının olması digər ölkələrə təsirsiz ötüşə bilməz. Beləliklə, hər hansı addım atmadan əvvəl dünyada gedən prosesləri nəzərə almaq lazımdır”, – həkim vurğulayıb.

V.Əliyevin sözlərinə görə, insanlar karantin müddətinin uzadılmasını səhv başa düşür:

“Əslində, Azərbaycanda karantin müddətinin uzadılması əvvəlki kimi ciddi məhdudiyyətlərlə müşahidə edilmir. Nə toplaşma məhdudiyyəti, nə də maska tələbi var. Bir çox qapalı məkanlara maskasız girmək mümkündür. Sadəcə olaraq vaksin olunmaq tövsiyə edilir”.

Həkim onu da vurğulayıb ki, bu müddət ərzində ciddi karantin qaydalarının tətbiq edilməsi gözlənilmir:

“Mən ölkədəki vəziyyəti çox stabil və qənaətbəxş hesab edirəm. Yüksək yoluxma riskinin aşağı olduğunu düşünürəm. Mövcud durumda dəyişiklik olmadıqca, əvvəllər tətbiq edilən karantin qaydaları geri qaytarılmayacaq. Ancaq biz yenə də, ehtiyyatlı olmalıyıq. Hətta deyərdim ki, ABŞ prezidenti Co Bayden yenidən peyvənd olunub. Bu da onu göstərir ki, dünyadan təhlükəli vəziyyət tam sovuşmayıb”.

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 36 yeni yoluxma faktı aşkarlanıb, 43 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

Tacxeber.az

Oxşar xəbərlər