Şirazda Şah-Çiraq ziyarətgahına hücumun mahiyyətinə şübhələr yaranmağa başlayıb. Onun İŞİD tərəfindən olmaması ehtimalı güclənib.
Buna səbəb İŞİD-in məsuliyyəti üzərinə götürməsi ilə bağlı paylaşımındakı “tarixdir”.
Belə ki, hücumdan bir neçə saat sonra İŞİD-ə məxsus olduğu iddia olunan Teleqram kanallarının birində qurum teraktın məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Sosial şəbəkə istifadəçiləri isə İŞİD-in Teleqram kanalında yerləşdirdiyi mesajı araşdıraraq, belə ehtimal verirlər ki, hadisənin İŞİD-ə aidiyyəti yoxdur.
Parisdə yaşayan tədqiqatçı və jurnalist Məhəmmədcavad Əkbərin araşdırmasına görə, İŞİD qurum olaraq fəaliyyət göstərmir. Terror hadisələri İŞİD-ə biət edən fiziki şəxslər tərəfindən həyata keçirilir. Dərc olunan mesajda “əmniyyət mənsublarının” verdiyi məlumatdan bəhs edilir. Burda hansı “əmniyyət mənsubları”ndan söhbət gedir, məlum deyil.
Jurnalist Səid Şəriəti də İŞİD-in mesajını araşdırdıqdan sonra ciddi nöqsan aşkar edib. Onun sözlərinə görə, hadisə günü İranda rəbiül-əvvəl ayının 29-u hesab olunurdu. Ərəb dövlətlərində isi rəbiül-sani ayının 1-i idi.
Qeyd olunan mesajda isə tarix rəbiül-əvvəl ayının 30-u yazılıb. Halbuki həmin ay 29 gündən ibarətdir və ayın 30-u ümumiyyətlə təqvimdə yoxdur.
Digər tərəfdən İŞİD keçmişdə də belə hücumları yalandan öz üzərinə götürüb. Məsələn, 5 il əvvəl Filippində bir kazinoya hücumü öz üzərinə götürmüşdü, lakin Filippin polisinin araşdırmasından sonra bəlli oldu ki, hadisə ümumiyyətlə terror aktı deyil, silahlı soyğun məqsədi ilə törədilmiş cinayət hadisəsidir.
Son illərdə İŞİD tərəfindən məsuliyyəti üzərinə götürülən terror hadisələri əsasən təbliğat xarakteri daşıyır və təşkilatın İraq və Suriyada məğlubiyyətlərindən sonra aktivliyini nümayiş etdirməyə yönəlib.
Digər tərəfdən bu terror hadisəsinin baş verməsi diqqətləri İran etirazlarından daha çox ona yönəltdiyinə görə hakimiyyət qüvvələrinə etrazçılara daha da sərt davranma imkanı verir.
İran İslam Respublikası tarixində oxşar hadisələr olub. Təsadüfi deyil ki, hadisələrdən dərhal sonra İranda hakimiyyətə yaxın media qurumları ölkədə baş verən etirazlarla terror hadisəsi arasında əlaqələr axtarmağa başladılar. (Axar.az)