• 22 Noyabr 2024 19:00

Prezidentin gəlini olmadı, xəstəliyə tutuldu – Rəhimova indi haralardadır?

Prezidentin gəlini olmadı, xəstəliyə tutuldu – Rəhimova indi haralardadır?

Onun səsinə, sənətinə, şöhrətinə yaşlı nəsillər daha yaxşı bələddirlər. Televiziyalarda axtarılan, sənətdən uzaq düşən Xalq artisti Elmira Rəhimova niyə gözlərdən uzaqdır? O, indi haralardadır?

Elmira Rəhimova 1941-ci il avqust 13-də Bakıda dünyaya gəlib. Paytaxtın 8 nömrəli orta məktəbində təhsil alıb. Deyilənə görə, uşaq yaşlarından hind musiqisini və incəsənətini olduqca sevib. 14 yaşında ikən Müslüm Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti olub. 10 il sonra Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin tələbəsi olub. 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi tanınıb.

Elmira xanım təkcə azərbaycanca mahnılar oxumayıb, o, həm də əcnəbi dillərdə də məharətlə ifa edirdi. Hətta hind musiqilərini elə istedadla ifa edir ki, Hindistanın Baş Naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnılarını və rəqslərini öyrənib. Dediyinə görə, dəlicəsinə sevirdi hind xalqını. Bundan sonra o, 1957-1961-ci illərdə Hindistanda yaşayıb. Müğənniyə orada “Miradi”, yəni “Sənət ilahəsi” deyirdilər.

Belə bir məlumat da var ki, Elmira Rəhimova orada o qədər sevilirdi ki, 30 minlik hind tamaşaçısı “Cücələrim” mahnısını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar-təkrar ifa etməsini xahiş edib. İfaçının sözlərinə görə, ona Hindistan prezidentinin oğlu evlilik təklif edib və ondan burada yaşamasını istəyib. O, cavabında “Mən bura oxumağa gəlmişəm, ərə getməyə yox”, – deyib təklifi rədd edir.

Sənət dostları deyir ki, xasiyyətcə qapalı, kövrək, həssas qəlbli biridir. Onun sözlərinə görə, ifaçıya xeyli pul təklifləri etsələr də, pula ehtiyacı olsa da, bir dəfə də olsun, toylarda ifa etməyib.

Müğənninin şöhrətinə şöhrət gətirən “Tələbə”, “Səadət, “Yenə sənsiz bu axşam”, “Sən yadıma düşəndə”, “İntizar”, “Dinlə məni, sevgilim” kimi ifaları olub. Bundan başqa, dünyanın 60-dan çox ölkəsində konsertlər verib. 2005-ci ildən bəri televiziyalar şou-biznes proqramları olan efirlərə çıxmaqdan imtina edib.

Xalq artisti Elmira Rəhimovanın gözəl ailəsi – Anand adlı bir oğlu və Elmira və Tofiq adlı nəvələri var. Həyatını illərdir səssiz və sakit yaşamağa üstünlük verən sənətçi ilə əlaqə saxladıq.

Mediaya məlumdur ki, o və nəvəsi uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkirlər. Vəziyyəti ümumi olaraq sabitdir. Amma jurnalistlərə sözü budur ki, özünün də dediyi kimi, “birinin üstünə beşini qoyub yazmasınlar”. (lent.az)

Oxşar xəbərlər