Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib.
Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün bildirib.
“Ənənəvi olaraq, tarixə nəzər salsaq, Rusiya bu istiqamətdə sabitliyə diqqət yetirir və qədim zamanlardan erməni xalqının təhlükəsizliyinin təmin edilməsində erməni dostlarımızı dəstəkləyir”, – deyə V.Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı deyib. Sessiya videokonfrans formatında keçirilib.
“Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, bu gün biz Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli və kompleks nizamlanmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik. Bizim həm İrəvan, həm də Bakı ilə çox sıx əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil. Əlbəttə, hamımız kifayət qədər çətin vəziyyətdəyik, lakin biz Rusiyanın dost dövlətləri arasında olan problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə hər zaman töhfə verməyə hazırıq. Biz maraqlıyıq ki, Cənubi Qafqaz sakit və sabit inkişaf edən region olsun.
Şübhəsiz ki, sülhə nail olmağın yeganə mümkün və real yolu Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məşhur birgə bəyanatlarının bütün müddəalarına ciddi əməl edilməsi ola bilər.
Bu razılaşmaların ardıcıl icrası sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil tənzimlənməsinə nail olmaq mümkündür. Biz bunu Ermənistanın Baş naziri ilə dəfələrlə müzakirə etmişik və mənim anladığım qədər, həmkarımız bununla tam razıdır. Sual həll yollarını necə tapmaqdır. Bu asan deyil, ancaq onu tapmaq yalnız bu yolla mümkündür. Gələcəkdə bu, sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, – Putin bildirib.