Düz qoymurlar vəsiyyətin, düz bölmürlər hecaların.
Ağsaqqala hörmət aşılayan mental dəyərlərə sadiqik. Burada söhbət qocalıqda yorğalıq, kəfənlikdə yorğanın hayında olanlardan gedir. Sırf Azərbaycan Yazıçılar Birliyinin başında “çerneli”, qələmində mürəkkəbi ağarmış rəhbərliyini nəzərdə tuturuq.
Azərbaycanın bəzi bölgələrində “yeddi arxa dönənin cənnətlik olsun” alqışı var. Əfsus ki, Azərbaycanda müəyyən post tutanların əksəriyyəti bu deyimlə yaşayır. Yəni onların özləri kef-damaq içində yaşayıb deyə kimlərinsə haqqına girib övladlarını önə çəkirlər. Balasının istedadı oldu-olmadı Nəsimi dahiliyi, Yesenin “spontan”lığı geyindirib dövriyyəyə buraxırlar. Bu lap hansısa seyidin “alkaş” oğlunun pir açmağına oxşayır.
Hazırda bütün dünya 80 yaşlı Baydenin Amerika Prezidentliyinə gülür. Biz də araya qoyurduq. Ta ki 84 yaşlı Anar yenidən AYB sədri olana qədər… Onsuz da qurultaydan öncə jurnalistlər həyəcan təbili çalırdılar ki, Anar yenə sədr seçilsə, idarə etdiyi birliyə bir quş! Onun sədrlik postundan əl çəkməməsinin səbəbləri də müxtəlifdir. Hətta bəziləri ən primitiv bəhanə kimi kabinetə iy saldığını, kreslosundan ayrıla bilmədiyini satirik şəkildə qeyd edib.
Amma əslində…
Anar dövlətdən ayrılan pulları başqasının əlinə keçəcəyi ilə razılaşmayıb. Bəli, birliyə xərclənəcəyi yox, məhz əlinə keçəcəyi! Bundan başqa birlik sədri postunda o, müəyyən “yaşıl işıq”lar qazanır. Ədəbiyyat elitasının birinci adamı kimi bu güzəştlərdən şəxsi və ailə mənafeləri üçün istifadə edir. Əhali üçün faydalı bir kitabı kitabça halına salmağın özü 200 səhifəlik yeyintidir. Yaxud hesabatda rəngli və qalın üzqabığı göstərilib, əslində ağ-qara nazik üzlük fırıldaqları da az deyil. Bu iki məqam ən xırda yeyintilərdir. Rüşvət hesabına iki eşşəyin arpasını bölə bilməyənləri birliyə üzv seçmək də minikorrupsiya elementlərindəndir. O ki qaldı rəhbər postunun “vazgeçilmez” özəlliklərinə, bunu sadalamaqla bitməz.
Oğlunun dosyesi
Oktyabrın 17-də Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 1963-cü ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. Universitetin Şərqşünaslıq fakültəsinin məzunudur. Tural Rzayev ərəbşünas və diplomatdır. Diplomatiyaya gəlməzdən əvvəl o, jurnalistika sahəsində çalışıb, AzərTAC-ın müxbiri işləyib. Eyni zamanda atası kimi yazıçı və tərcüməçidir. 2009-da Tural Anaroğlu imzası ilə “Tənha mələk” adlı kitabı çıxıb. Anaroğlu imzası onun üçün düşərli olub.
Müxbirlikdən diplomatiyaya keçid
Tural Rzayev sonralar fəaliyyətini diplomatiya sahəsində davam etdirib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.
2010-cu il iyunun 24-də Tural Anar oğlu Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Yazıçı-diplomat Tural Anaroğlunun “Tənha mələk” kitabında “Bir günlük müharibə və ya otuz beş silahlı əsgər” adlı hekayəsi yəni tanınmış, vəzifəli şəxslərin balalarının əsgərlikdə özlərini necə aparmaları, onların danışıq tərzləri, baş verən hadisələr sətiraltı mənalarla təsvir olunub. Onları “Tapşovannılar” adlandıran Tural yazıçıya məxsus yumorla vəzifəli şəxslərin balalarının bostanına daş atıb. Guya ki, özü “tapşovannı”, tapşırılmış, yaxud xahiş, yalvar-yaxar sayəsində diplomat olmayıb.
Əlavə edək ki, Turalın da səfir işləməsi bəzi geri çağırılanlar kimidir. O, diplomat kimi Azərbaycanın maraqlarını qorumaq, həqiqətləri dünyaya çatdırmaqla yox, şəxsi biznesi ilə məşğuldur. Müəyyən dairələr onun diplomat vəsiqəsindən istifadə edib nə işlə məşğul olduğunu da yaxşı bilir. Yoxsa səfir maaşını yığmaqla “Maserati” alıb sürə bilməzdi. Bu hələ onun maşın kolleksiyasından bir nümunədir. Vaxtı gələndə Rzayevlərin yazıçı-diplomat adlı biznes şəbəkələri ifşa olunacaq. Sadəcə, onda nə özü AYB-də, nə də oğlu Əlcəzairdə qala bilməyəcək. Çünki dövlət vəsaiti və səlahiyyətlərindən istifadə edənlərin çoxu Qobustanda, ən yaxşı halda Kürdəxanı təcridxanasındadır.
AYB: Anarın Yazıçılar Birliyi
Kiminsə pulunda, komfort dolu yaşamında gözü olmaq yaxşı xüsusiyyət deyil. Amma onların gözünün doymaması bəzi insanlardakı həsədi nifrətə çevirir. Bəlkə də buna görə toy-bayram kimi başlayan AYB qurultayı sədr seçiləndən sonra matəmə çevrildi. Maraqlısı odur ki, Çingiz Abdullayevin qalmaqallı müsahibəsinə rəğmən, silsilə yazıların 90 %-də Anar tənqid olunur. Səslənən və tirajlanan fikirlərə isə münasibət bildirmir. Yəqin elə yuxarıda qeyd olunan kimi, Azərbaycan Yazıçılar Birliyinin başında “çerneli”, qələmində mürəkkəbi ağarmış rəhbərliyi camaatın qabağına üzüağ çıxa bilmir. Ya da bəraət fikirləşirlər. Amma inanmıram, çünki Anar üçün qoltuq (kreslo) həmin, qovluq (papka) da tanışdır.
P.S. Bir o qalıb ki, Azərbaycan Yazıçılar Birliyininin adını dəyişib Anarın Yazıçılar Birliyi qoysunlar.