• 26 Dekabr 2024 14:05

“Havayı tədbir olur? Bunun çayı, kofesi var…” – Baba Vəziroğludan yeni açıqlama

“Havayı tədbir olur? Bunun çayı, kofesi var...” - Baba Vəziroğludan yeni açıqlama

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı üçün ayrılan 203 min manatla bağlı müzakirələr səngimək bilmir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu belə bir tədbir üçün 203 min manatın az olduğunu bildirib:

“Yazıçılar Birliyinin tədbiri üçün xərclənən 203 min manat məsələsi xeyli müzakirə olundu. Hətta mənim bu mövzuda fikirlərim kontekstdən çıxarılaraq, təhrif olundu. Mən açıqlamamda dedim ki, indiki dövr üçün 203 min nə puldur ki? Hətta zarafatla dedim ki, 203 minlə marketə girirəm çıxanda heç cibimdə 4 manat qalmır. Kişilər bu boyda tədbir keçirir, zalın kirayəsi var, saysız-hesabsız qonaqların gəlişi var, təyyarə biletləri, qalacaqları yer, yemək-içməkləri var. O boyda tədbir üçün 203 min nə puldur ki? Camaat 2-3 saatlıq konsert üçün milyonlar xərcləyirlər”.

B.Vəziroğlu tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edib:

“O qədər yazıçılar yığışdı, hər şey yerli-yerində idi, günorta yeməyi, kofesi, çayı vardı. Bəs necə olmalı idi? Havayı tədbir olur? Qəribə adamdırlar. Heç olmasa, desəydilər ki, 2 milyon xərclənib, düşünərdim ki, bu qədər pul hara gedib, amma 203 min, vallah, o boyda tədbir üçün çox azdır. İndiki qiymətlərin müqabilində o pul heç nədir. Mənim fikirlərimi də götürüb yazıblar ki, Baba Vəziroğlu gündə marketdə 203 min xərcləyir, gülməlidir. Bəzi insanların baxış bucağı məhz budur. Qurultay qalıb kənarda mənim marketdə nə qədər xərclədiyimi müzakirə edirlər. Heç dəxli var? Mən onu müqayisə üçün deyirdim. Çingiz Abdullayev də dedi ki, hələ xərclənən pul 203 min manat deyil, sponsorlar, bizi istəyən qüvvələr də kənardan kömək ediblər ki, tədbir normal keçsin. Doğurdan da tədbir yaxşı keçdi, bunu danmaq olmaz. Televiziyadan adamlar gəldi, çəkilişlər getdi, səhnə bəzədildi, bunlar hamısı puldur. Heç kim kiməsə quru sağola görə iş görmür, biz kapitalizm cəmiyyətində yaşayırıq. O əvvəllər, sovet dövründə idi, bunların ağlı ona gedib, o vaxt hökumətin bir göstərişi ilə tədbir keçirilirdi”.

Tacxeber.com

Oxşar xəbərlər