• 23 Noyabr 2024 06:09

“Rusiya artıq öz mövqeyini gizlətmir. Kremlin mövqeyi Azərbaycanın əleyhinədir”.

Tacxeber.com  xəbər verir ki, bu sözləri Konkret.az-a Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov bildirib.

– Üç ölkə (Azərbaycan, Rusiya və Ermənistan) liderlərinin Soçidə nəzərdə tutulan bugünkü görüşündə son dövrlər yaranan siyasi polemikalara aydınlıq gətirilə bilərmi?

– Rusiya Qarabağdakı erməniləri bəhanə gətirir. Ona görə də təzyiq göstərməyə çalışacaq. Ancaq Azərbaycanın mövqeyi qətidir. Və demək olar ki, bu mövqedə dəyişiklik olmayacaq. Onların təklif etdiyi əlavə mövzu olan status məsələsinin müzakirəyə salınmasına imkan verilməyəcək.

– Rusiya Ukraynadan ilhaq olunan Donetsk və Luqanskda təşkil etdiyi saxta referendumları Qarabağda təkrarlaya bilərmi? Çünki Qarabağdakı separatçı rejim Azərbaycanın tərkibinə keçməkdənsə, Rusiyanın ərazi vahidi kimi mövcud olmaq istədiklərini dəfələrlə bəyan edib. İki il ərzində sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı ermənilərə rus pasportlarının paylanılması barədə xəbərlər də az yayılmayıb.

– Rusiya buna getsə, Azərbaycan və Türkiyəni özünə düşmən edəcək. Hazırda isə Türkiyə və Azərbaycan Rusiyanın regional əlaqələr və dünyaya çıxması üçün əsas yoldur. Ona görə də bu, rusların ağlından keçsə də, elə bir riskə gedə bilməzlər.

– Deməli Rusiyanın əsas niyyəti Qarabağda stabillik yaratmaq yox, yarana biləcək nizam-intizamı pozmaqdır ki, sülhməramlılar orada daha çox qalsınlar. Soçidəki görüşdə sülhməramlıların Qarabağdakı xidmət müddətinin 20 il uzadılacağı haqqında da informasiya yayılıb.

– Yox, sülhməramlı adı ilə orada olan qüvvələr üçtərəfli bəyanata əsasən, Azərbaycanın razılığı ilə Qarabağda olmalıdırlar. Missiyanın müddəti 5 ildir, bu müddətin uzadılması ilə Azərbaycanın razılaşması mənim üçün gözlənilmir.

– Yəni Qarabağ 2025-dən sonra daha rusların məsuliyyət zonası olmayacaq. Bəs sülh müqaviləsi barədə nə düşünürsünüz?

– Sülh müqaviləsi bizim üçün vacibdir. Qərbdən Ermənistana da təzyiq var ki, bunu yekunlaşdırsınlar. Çünki sülh müqaviləsi Rusiyanın Cənubi Qafqazdan istifadə imkanlarını azaldır. Moskva üzdə sülh müqaviləsi istədiyini desə də, onlar Qarabağdakı vəziyyətin gərgin qalmasının tərəfdarıdır. Paşinyan ağıllı olsa, sülh müqaviləsindən qaçmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər