• 22 Noyabr 2024 19:02

Şeyxin 30 il gecikən etirafı: “Uman yerdən” küsdü…

Qafqaz Müsəlmanları İdarəsinin, ardınca isə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin İranla bağlı bəyanat və açıqlamaları 30 ildir davam edən Tehran siyasətinin ifadəsi baxımından normaldır. Bu bəyanat və açıqlama-müsahibəyə verilən ictimai reaksiyada da əksini tapıb. Hər kəs Şeyxin bu mövqeyini dəstəkləyir.

Ancaq bir sual yaranır: Şeyx həzrətləri və QMİ İranın Azərbaycana qarşı siyasətini niyə bu qədər gec gördü və ümumiyyətlə, tam görə bildimi?

Şeyx 1989-90-cı illərdə Arazın sahilinə gəlib, Azərbaycana dəstək verən soydaşlarımıza qarşı İran hökumətinin qətliamlar törətdiyini müşahidə etməmişdimi?

1992-ci ilin mayında İranın vasitəçilik adı ilə Azərbaycanı arxayınlaşdırıb, Şuşanın işğalı üçün Ermənistana müstəsna xidmət göstərdiyini bilmirdimi?

Azərbaycana guya “su qiymətinə” satdığı raketlərin hamısının “brak” olduğu və öz başımızda partladığı haqda 1992-93-cü illərdə zabitlərin açıqlamasından xəbəri yox idimi?

2000-ci ildə – hələ Heydər Əliyevin prezidentliyi dönəmində İran su sərhədimizi çıxarıb tullayaraq, öz qırıcılarını Cəlilabada qədər göndərməmişdimi? Ki həmin hadisədən dərhal sonra Türkiyə Azərbaycana bir hərbi kater hədiyyə verərək, “Şahin”lərini Bakıya göndərmiş və Bakı səmasından İrana möhtəşəm bir mesaj verməyi lazım bilmişdi.

Azərbaycanın 1994-cü ildən Ermənistanı təcrid siyasətini pozmaq üçün İranın illərlə çalışdığını bu ölkədə kim bilmir?

1992-ci ildə Qasım Süleymaninin Qarabağdakı erməni terrorçuları ilə görüşünü əks etdirən fotolarının yayılmasını da indiki nəsil xatırlamaya bilər, ancaq Şeyx həzrətlərinin yadında olmalıdır. Qasım Süleymani Qarabağ terrorçularına hansı silah-sursat gətirmişdi və hansı taktikanı öyrədirdi? – bunu Birinci Qarabağ savaşı veteranları hər yerdə danışırdılar.

İran kəşfiyyatı bu illər ərzində Azərbaycanda necə oyunlar oynayıb? Hansı kəndlərdə Azərbaycana qarşı qiyam yetişdirib? Hansı üsyana müsəlmanları təhrik edib? Onları ələ almaq, özünün qulu etmək və Azərbaycana daxildən təzyiq vasitəsi kimi istifadə etmək üçün xüsusi xidmət orqanları nələrə imza atıb?

İran Azərbaycanın içinə hansı agentlərini “mühacir” adı ilə yeridib?

Bilmir bunları Şeyx?

İranın hətta Aprel savaşında Ermənistana dəstəyi “dünənin” söhbətidir…

2020-ci ilin 44 günlük savaşında dağınıq halda qaçan erməni hərbçilərin aradan çıxması və təqibdən qurtulması üçün İran hərbçilərinin Ordumuzun önünə çıxması və tam bir sutka hücumu ləngitməsindən məgər QMİ-də oturanlar xəbərsizdirmi?

Möhtəşəm qələbədən sonra – 2021-ci ilin iyulunda İran mollalarının qabağına düşüb, Şuşaya gedəndə və Şuşa məscidində mollaların dalına keçib, namaz qılıb, müharibədəki qələbəmizdə Tehranın fitvası haqda cəfəngiyyat danışanda Şeyx nə düşünürdü?

Bəs, Şuşada namaz qılandan cəmi 3 ay sonra İranın Araz sahilinə ordu toplayıb, Azərbaycana meydan oxuması son damla deyildimi? Niyə həmin zaman Azərbaycan Prezidenti Araz sahilinə gedib, O Taya açıq ismarış verəndə Şeyx həzrətləri susurdu?

İki ildir İran Azərbaycanın milli maraqlarına qarşı daha abır-həya və pərdələnməni bir kənara qoyaraq, açıq çıxışlar edir, Ermənistanın arxasında durduğunu rəsmən bildirir, erməni rəsmilərlə görüşdə “fars və erməni” qardaşlığından danışır.

Şeyx həzrətləri heç olmasa, son iki ildə buna niyə bircə dəfə də olsun, etirazını bildirmədi?

Onillərdir Azərbaycanın dini təqvimini İrana bağlayıb, İran molla-təbliğatçılarının ölkəmizdə at oynatmasına yaşıl işıq yandıran QMİ hansı siyasət yeritdiyini zənn edirdi?

Şeyx İranın ikinci dəfə sərhədimizdə təlim keçirməsindən, Araz üzərinə körpü atıb, Bu Taya keçməsini məşq edəndən sonra deyir, bu ordunu hara göndərirsiniz? Azərbaycana?

Məgər ötən ilin oktyabrında Azərbaycana güc nümayişinə gəlməmişdilərmi? Bəs, bir il öncə Şeyx buna niyə sərt reaksiya vermədi?

Xocalı hadisəsini yada salır və Xocalını törədən erməniyə dəstək verdiyi üçün İranı qınayır Şeyx həzrətləri…

30 ildən sonramı? Şeyx bu qədər niyə və nəyi gözləyirdi?

Hər zaman Şeyxin və QMİ-nin mövqeyi “İranla münasibətlərin tənzimlənməsi”, “balans saxlanılması” kimi yozulub və tənqid edəndə də, bu faktı diqqətə almışıq. İranla münasibətlərin qorunması missiyasını Şeyxin üzərinə çəkməsindən yana olmuşuq.

Ona görə də: “Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”, – deyən Şeyxin səmimiyyətinə inanmaq çox çətindir.

Necə yəni indyədək? Yəni bu açıqlamanı verdiyin tarixə qədər? Şeyx həzrətləri 2022-ci ilin 29 oktyabrına qədər elə bilirmiş ki, ona bir şey olsa, qardaşları – yəni İran mollaları gəlib onu xilas edəcək? Yəni şeyx Birinci və İkinci Qarabağ savaşlarından və bu savaşlar arasındakı İran xəyanətlərindən nəticə çıxarmayıb?

QMİ İrəvanda və Şuşada məscidlərin təmiri adı ilə özgələşdirilməsi və iranlılaşdırılmasından bu gün danışır. Axı, İrəvandakı və Şuşadakı məscidlər “dünən” təmir olunmayıb? Onların İran mütəxəssisləri tərəfindən “restavrasiya” olunub, farslaşdırılması prosesinin ən azı 20 yaşı var. Şeyxin bundan xəbəri yoxdur?

“Ona bir şey olsa, qardaşlarının gəlib onu xilas edəcəyini” dünənə qədər düşünən Şeyx Xocalı qətliamı zamanı İranın tükünün də tərpənmədiyini bilmirmi? Daha sənə nə olmalıydı ki, “molla qardaşlarının” heç vaxt səni xilas etməyəcəyini, əksinə, səni məhv etmək üçün hər şey etdiyini anlayasan?

QMİ-nin bəyanatı da yerindədir, Şeyxin müsahibəsi də – ancaq o bəyanatda “uman yerdən küsərlər” ifadəsi, Şeyxin isə “elə bilirdim, qardaşlarım gəlib məni xilas edəcək” sözləri bu yazının yazılma səbəbidir.

İran 30 il öncə “umulan yer” olmadığını sübut edib! İran 30 il ilə öncə yurd-yuvasından qovulan, məscidlərinə donuz bağlanan, soyqırıma məruz qalan Azərbaycan müsəlmanlarının deyil, müsəlmanların evini yıxan, onları qətlə yetirən, müsəlman torpaqlarını işğal edən, işğal etdiyi torpaqlarda daşı daş üstə qoymayan xristian ermənilərin qardaşı olduğunu təsdiqləyib!

Bəyanat-açıqlama da səmimi olmalıdır. “Biz 30 il bu yaramazlıqlara ona görə dözdük ki…” ruhunda bir açıqlama olmalıydı!

Şeyx deməliydi: Xocalını da bilirəm, İranın sərhədimizi pozmasını da, Araz sahilinə ordu yığmasını da, 44 günlük savaşda Ermənistana silah daşımasını da… Ancaq hər zaman İranla münasibətləri qorumağa çalışmışam, onlarla görüşmüşəm, iradlarımı bildirmişəm, bu siyasətin yanlış olduğunu demişəm və mənə söz veriblər. İndi anladım ki, sözləri də yalandır… və s.

Yəni bu səpkili bir açıqlama olsaydı, Şeyxin və QMİ-nin səmimiliyinə inanardıq.

Yoxsa “2022-ci ilə qədər elə bilmək”; yoxsa “indi kimə inanım” demək…

Necə yəni kimə inanım? Bilmirsənmi Azərbaycan müsəlmanları kimə inanmalıdır?

Mən deyim: Türkiyənin sünni müsəlmanlarına, Ermənistanda hələ də səfirlik açmayan və bu ölkə ilə əlaqə qurmayan sələfi Ərəbistana, Pakistana, İran kimi şər dövlətinə qarşı Azərbaycanın yanında olan musəvi İsrailə, BMT-də əleyhimizə qərar verilməsinin qarşısını alan xristian Britaniyaya, ərazi bütövlüyümüzü ciddi şəkildə dəstəkləyən İtaliyaya, Xocalı qətliamını tanıyan bütün xristianlara!

Haqqın, ədalətin və Allahın yolunda olan insanlardır müsəlmanın qardaşı – öz məkrli niyyətini müsəlman adı ilə pərdələyən İran mollaları deyil!

Bax, sonda bunlar deyilməliydi, elan olunmalıydı, İran mollalarına ismarış verilməliydi, deməliydin ki, gedib sinaqoqda namaz qılaram, daha sənin dalında ibadət etmərəm!

Bu olardı İrana şiə Şeyxinin dağı – həm də Savalan boyda dağı!..

Tacxeber.com

Oxşar xəbərlər