• 06 Noyabr 2024 18:51

Xankəndidə nə baş verir? Bu foto nə deməkdir?

Azərbaycanın Xankəndi şəhərində erməni separatçıların bugünkü mitinqindən görüntülər paylaşılıb.

Böyük mitinqdir, minlərlə adamın aksiyada iştirak etdiyi görünür.

Bu fotolar həqiqətdirmi, ya montaj edilib – mübahisəlidir. Amma fərqi yoxdur: montaj edilməsi ilə təşkil edilməsi arasında az fərq var.

Azərbaycan xüsusi xidmət orqanları Xankəndi və ətrafında 25 min civarında erməni əhali yaşadığını açıqlamışdı, separatçıların rəhbəri Araik Arutyunyan isə sentyabr ayında rəsmi olaraq elan etmişdi: Qarabağ bölgəsində 33 minə yaxın erməni əhali var.

Aksiyadan fotolara baxın: burda nə qədər adam var? Ümumilikdə 33 min əhalisi olan icmanın keçirdiyi mitinqə bənzəyirmi bu?

Birmənalı olaraq yox! 33 minlik əhalinin mitinqində bir neçə yüz nəfər olur, uzağı 1000 nəfər. Bəs, bura nə qədər adam toplanıb?

Bu aksiyanı Ermənistan təşkil edib! Bu aksiyada iştirak edənlərin 90%-i Ermənistandan gəlib! Bu aksiyada təşkilatçılıq və mitinq üçün lazım olan elementlərin hamısı Ermənistandan daşınıb – o ayrı məsələdir ki, Ermənistana hardan ixrac olunub!

Aksiyadan dərhal fotolar, videolar paylaşılır və revanşistlərin statusları FB-nin erməni seqmentini başına götürüb!

Əli minlərlə azərbaycanlının qanına batan Robert Köçəryanın “Ermənistan” blokunun deputatı, revanşistlərin təzə lideri funksiyasını yerinə yetirməyə çalışan İşxan Saqatelyan bu çoxminli aksiyanı 1988-ci il “ruhunun” geri qayıtması kimi dəyərləndirir və “mübarizə”nin yeni dalğasının başlandığını bildirir.

Tamamilə doğrudur, hətta 1988-ci ildə Xankəndidə bu miqyasda aksiya keçirilmirdi.

Rus sülhməramlıların məsuliyyət zonasında Ermənistandan minlərlə insanın daşınması ilə bu cür aksiyanın keçirilməsi Rusiya sülhməramlı kontingentinin komandanlığından iznsiz və yaxud onun razılığı və dəstəyi olmadan mümkün deyil!

Xankəndidə bu miqyasda aksiya Rusiyanın birbaşa yardımı olmadan mümkünsüzdür!

Laçın dəhlizindən bu qədər adamın Xankəndiyə gətirilməsinin arxasında Rusiya və rus sülhməramlıları dayanır – necə ki, 2020-ci ilin 14 noyabrından erməniləri pulsuz daşıyıb, gündə hər ailəyə 5 kq ərzaq yardımı etməklə torpaqlarımıza yenidən məskunlaşdırırdılar!

Eynilə 1988-ci ildəki kimi! Həmin vaxt da SSRİ rəhbərliyində olanların birbaşa dəstəyi ilə bu cür aksiyalar başlamışdı və…

Nəticə nə oldu? 34 il müddətində ermənilər nəyə nail oldular?

1989-cu ildə Dağlıq Qarabağda 180 minə yaxın insan yaşayırdı ki, onun 145 mindən çoxu ermənilər idi – bəzi statistikaya görə, 149 mini!

Əvvəlcə “miatsum”, sonra azərbaycanlılara saldırmaq, qətliamlar, ardınca hərbi hücum və böyük müharibə! Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayəti ilə bərabər, 7 rayonu tam işğal edildi, 1 milyona yaxın azərbaycanlı yurdundan qovuldu, 5 rayon Yer üzündən tam silindi, səhralığa çevrildi. 2 rayondakı dağıntılar, o cümlədən Dağlıq Qarabağın ərazisindəki 5 rayonda yaşayış səviyyəsi hər kəsə bəllidir.

Qarabağdakı müharibənin “qalibləri” Ermənistanda hakimiyyəti ələ keçirdi, 2008-ci il 1 mart hadisələrinin timsalında bu qaniçənlərin hakimiyyət üçün erməniləri belə qətlə yetirməyə qadir olduqları üzə çıxdı; Ermənistan tam təcrid olundu, bütün transmilli layihələrdən kənarda qaldı, əhali yoxsullaşdı, Rusiyanın iqtisadi-siyasi-hərbi vassalına çevrildi.

1989-cu ildə 149 min erməni yaşayırdısa, 27 sentyabr 2020-ci ildə keçmiş Dağlıq Qarabağda artıq 65 min erməni qalmışdı – 44 günlük savaşdan sonra rusların qaytarıb gətirdiyi ermənilərin sayı isə bunun yarısı qədərdir.

1989-cu ildə Ermənistanda 3,5 milyon əhali vardı – hazırda 1,8 milyon əhali yaşayır – baxmayaraq ki, rəsmi olaraq guya 2,8 milyon olduqları iddia edilir. Hətta rəsmi rəqəmlərlə belə Ermənistanda əhalinin sürətlə azaldığı təsdiqlənir.

Bu illər ərzində yoxsulluqdan baş götürüb qaçmaqla bərabər, Ermənistanda demoqrafik fəlakət də yaşanır. BMT-nin bir neçə gün öncə yaydığı məlumata görə, Ermənistanda əhalinin təbii azalma prosesi ən azı 2030-cu ilə qədər davam edəcək və 2050-ci ilə qədər bu proses dayanmasa, əhali daha 800-900 min azalacaq (rəsmi statistika ilə götürüblər və əhalinin 2 milyona düşəcəyini bildirirlər).

Bu rəqəmə Ermənistandan miqrasiya edənlər daxil deyil – bu, yalnız təbii artım və ölümlərlə bağlıdır. Bura miqrasiya edənləri də əlavə etsək, Ermənistanı hansı fəlakətin gözlədiyini görmək çətin deyil.

Ermənilərin bu qeyri-insani, vəhşi, işğalçı, qaniçən siyasəti, hərbi təcavüzü Azərbaycana hansı dəhşətli yaralar vurub: bütöv bir gənc nəslin həyatı məhv olub, 20 minə yaxın birinci, 3 min ikinci müharibədə şəhid vermişik; 30 min birinci, 10 min ikinci savaşdan qazimiz var; 5 min itkin, 1 milyon qaçqının çəkdiyi zillətlər, evsiz-eşiksiz qoyulan insanların yaşadığı çilələr, Xocalı, Başlıbel kimi soyqırımlar və ümumilikdə 800 milyarddan çox maddi zərər – hətta bu zərərin 1,2 trilyon ola biləcəyi də qeyd edilir.

Ermənistan və ermənilərin 1988-ci ildə başlatdığı işğalçı prosesin fəsadlarını sayıb-bitirmək mümkün deyil. Və bu prosesin əhəmiyyətli zərbəsi ermənilərin özlərinə dəyib.

Və indi, 44 günlük savaşdan sonra yenidən baş qaldırıblar: tam əmin ola bilərsiniz ki, yenə də Rusiyanın bəlli dairələrinin dəstəyi ilə; tam əmin ola bilərsiniz ki, yenidən Cənubi Qafqazda təsirini bərpa etmək istəyən Rusiyanın birbaşa iştirakı ilə…

Rusiya öz ambisiyaları üçün həm rusları, həm də “qardaş” dediyi, “eyni xalq” olduğunu bildirdiyi ukraynalıları necə güdaza verir, necə qırır – gözümüzün qabağındadır. Sizcə, ermənilərin qırılıb qurtarması Rusiyanın eyninədirmi?

Erməni hərbi-siyasi rəhbərliyinin də mahiyyəti Rusiyadan qətiyyən fərqlənmir: onlar da torpaq iddiası ilə son erməniyə qədər davam etməyə israrlı görünürlər.

34 əvvəl özlərinə və bizə yaşatdıqlarını yenidən təkrarlamağa cəhd edirlər.

Amma bir şeyi unudurlar: 1988-ci ildə Azərbaycanı və Azərbaycan xalqını hazırlıqsız yaxalamışdılar. İndi Azərbaycan xalqı tam hazırdır!

Bu xalq rus silahı ilə dişinəcən silahlanıb, 6-qat müdafiə quran Ermənistan ordusunu 44 günə darmadağın etməklə 34 ildə nəyə və necə hazırlaşdığını yaxşı bildiyini sübut etdi!

Biz Xalq olaraq, Ordu olaraq, Qafqazın Gücü olaraq hazırıq!

Biz 34 ildə dostumuzu-düşmənimizi müəyyənləşdirməklə və nəhayət, liderimizlə hər şeyə hazırıq!

Əgər ermənilər yenidən hər şeyi sıfırdan başlamaq istəyirlərsə, daha əvvəlki zaman deyil – biz “sıfırda” deyilik!

Azərbaycanın gücü də var, qüdrəti və Şuşa Bəyannaməsi də…

Məcbur edirsinizsə, onda, qoy, siz deyən olsun: Altda qalanın canı çıxsın!!! (Axar)

Tacxeber.com

Oxşar xəbərlər