“Soçi görüşünü hər birimiz səbirsizliklə gözləyirdik. Düşünürdük, sülh məsələsi ilə bağlı son qərar veriləcək. Ona görə də diqqətlə izləyirdik. Liderlərin “çətir” vasitəsilə verdikləri siyasi mesajlar barədə müxtəlif fikirlər səsləndi. Əvvəla, Rusiya Prezidenti Vladimir Putinin əlində tutduğu çətirin altında Ermənistanın Baş naziri Nikol Paşinyanın dayanması bir növ Putinin “sən mənim “krışa”mın altındasan” mesajı idi. Cənab Prezident İlham Əliyevlə Putinin görüşündə isə hər birinin ayrı çətiri var idi. Bu da bir növ Azərbaycanın müstəqil siyasət yürütdüyünün mesajıdır. Cənab Prezidentin öz çətirinin altında dayanması “heç kimdən asılılığım yoxdur” demək idi. Siyasətçilər həmişə bədən dilinə, jestlərə çox üstünlük verirlər. Hərəkətləri ilə nəyisə çatdırmaq istəyirlər”.
Bu sözləri Milli Məslisin deputatı Aqil Məmmədov deyib.
Deputat Soçi görüşündə verilən bəyanat barədə də fikir bildirib: “Putin jurnalistlərə müsahibəsində bəzi məsələlərdə razılığa gəlinməməsinə də işarə etdi. Görüntülərdə də həmişəki kimi Paşinyanla cənab Prezidentin baxışları, oturuşu, jestləri arasındakı fərqlər aydın görünürdü. Cənab Prezident öncədən də vurğuladı ki, 5 bənddən ibarət təkliflərimizi masaya qoymuşuq və hər zaman da icrasına hazırıq. Bu, bir daha göstərir ki, Azərbaycan tərəfi mövqeyindən çəkilən deyil və məsələnin həllini 5 bəndə uyğun istəyir. Görünür, müəyyən razılaşmalar olmasa da, sülh sazişinin bağlanmasına doğru yaxınlaşmalar var. Paşinyan da artıq görür ki, çıxış yolu yoxdur. Amma yenə də bir yerdə durmurlar. Müxtəlif tərəflərin təzyiqləri var, Avropa, Rusiya, İran və digərlərinin. Avropada məsələyə xüsusi önəm verən Fransadır, onun da fikirləri bəllidir. Ermənistanın özü çıxılmaz vəziyyətdə qalıb, bilmir ki, hansı tərəfə üz tutsun”.
A.Məmmədov Soçi görüşünün ardından Paşinyanın İrana səfər etməsini isə belə dəyərləndirib: “Paşinyan İrandan nə gəzləyir, nə istəyir, əlbəttə, bəlli olacaq. Əslində bəllidir, hərbi, iqtisadi, siyasi məsələlər müzakirə olunacaq. İranın da artıq başqa addım atmaq imkanı yoxdur. Qoşunlarını sərhədə yerləşdirsə də, İran düşünməlidir ki, Azərbaycana qarşı hərəkət etsə, onun ordusunu kimlər təşkil edir. Bunun nə ilə nəticələnəcəyi isə hər kəsə – İrana da, bizə də, Ermənistana da bəlli olmalıdır. Bu məsələ yaxşı götür-qoy edilməli, sonra addım atılmalıdır. Düşünürəm, Paşinyanın İran səfərinin də elə bir fərqli nəticəsi olmayacaq”.